Övladlarını dolandıra bilmədi həbs olundubackend

Övladlarını dolandıra bilmədi həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Xətai rayonu, Gəncə prospekti 46, mənzil 43 ünvanında yaşayan Dostuxanım Mehrəliyeva dövlət başçısına ünvanladığı şikayət məktubunun surətini “Azadlıq”a da göndərib.
Onun oğlu Fərhad Mehrəliyev övladlarını dolandıra bilmədiyinə görə həbs olunub. Xətai Rayon Məhkəməsinin bu il fevralın 2-də çıxartdığı hökmə əsasən, bir il səkkiz ay azadlıqdan məhrum edilib. O, təyin olunmuş alimenti verə bilmədiyinə, beləliklə də məhkəmə qərarını icra etmədiyinə görə cəzalandırılıb.
Ana bu məsələ ilə əlaqədar dövlət başçısından kömək istəyir və ona ünvanladığı müraciətdə yazır:
“Oğlum Fərhad Mehrəliyev üç uşağını nəzərdə tutulmuş minimum yaşayış həddi miqdarında saxlaya bilmədiyi üçün təqsirli hesab edilərək 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmədə oğlumun əməkhaqqı və qazancının az olduğu, ailəsi və uşaqlarını yaşayış minimumu çərçivəsində saxlamasının mümkün olmadığını bilə-bilə üç uşağın doğulmasına soyuqqanlıqla yol verdiyi bildirildi. Yəni oğlumun təqsiri bu imiş ki, əməkhaqqı və qazancı az olduğu halda, niyə üç uşağın doğulmasına imkan verib.
Oğlum hər ay əməkhaqqının 70 faizini uşaqlarına göndərirdi. Amma uşaqların minimum yaşayış həddi ödənmirdi. Nəticədə borc yığılırdı. Oğlum işə qəbulla bağlı çox yerə müraciət etsə də, onu yaşıyla əlaqədar və savadı feldşer-laborant olduğu üçün işə götürmürlər. Ona görə də o, uşaqlarını minimum yaşayış həddi miqdarında saxlaya bilmirdi. O özü də əzab çəkir. Ac qalır, paltarını başqaları verir. Mən özüm əliləm və 160 manat pensiya alıram. Oğlumun maaşı çox olsaydı o, uşaqlarını normal həddə saxlaya bilərdi.
Məhkəmədə bildirildi ki, oğlum evlənməmişdən əvvəl bu barədə fikirləşməli idi və az əməkhaqqı alırdısa, evlənməyə haqqı yox idi. Evlənmişdisə də, ata olmaq hüququ yox imiş. Xətai rayon qeydiyyat şöbəsi nikahı qeydə alarkən ona bu haqda heç nə bildirməyib. O, əməkhaqqının az olacağını və buna görə bu gün belə bir iradla qarşılaşacağını hardan biləydi? Oğlum inanırdı ki, yeni iş yerləri açılacaq və orada da maaşlar yüksək olacaq.
Ölkədə əməkhaqqı ailədə olan uşaqların sayı, onların minimum yaşayış həddi ilə yox, prezidentin fərmanıyla tənzimlənib. Atanın uşaqlarını minimum həddə saxlaya bilmədiyi üçün həbs etməklə cəzalandırılması heç bir hüquqi dövlət prinsiplərinə uyğun gəlmir. Aztəminatlı ailələr üçün sosial proqramlar mövcuddur və onların ünvanlı sosial yardım almaq hüququ var. Oğlum Fərhadın az əməkhaqqı aldığı, yüksək maaşlı iş tapa bilmədiyi və nəticədə uşaqlarını minimum yaşayış həddində saxlaya bilmədiyinə görə cəzalandırılması nə dərəcədə qanuni, ədalətlidir? Dövlət yardım əlini uzatmaq əvəzinə, onu cəzalandırmaq yolunu tutub.
Xahiş edirəm, oğlumun bu cəzadan azad edilməsinə yardımçı olun”.

İnterpress.az