Musavat.com saytına açıqlama verən Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, İ.Quliyeva zərərçəkmiş şəxs qismində dindirilib: “İlhamə Quliyeva keçmiş köməkçisi Mehriban Hüseynovanın təqsirləndirildiyi cinayət işi üzrə istintaqa cəlb olunub. O, zərərçəkmiş qismində ifadə verib. İ.Quliyevanın səhhəti pisləşdiyi üçün onun ifadəsi evində alınıb”.
APA-ya açıqlamasında İlhamə Quliyeva da ifadə verdiyini inkar etməyib: “Səhhətimdə ciddi problem yoxdur, özümü yaxşı hiss edirəm. Sadəcə, bir müddət əvvəl aldığım müalicəyə görə həkim nəzarətindəyəm. Müstəntiq mənə zəng vurdu ki, açıqlamam lazımdır. Onu evə dəvət etdim, çox sağ olsunlar, hörmət edib gəldilər. Bu, adi qaydadır, qeyri-adi heç nə yoxdur. Məhkəmə yaxınlaşır, mənim bəzi məsələlərə aydınlıq gətirməyim lazımdır”.
İ.Quliyeva mediadan baş verən məsələlərlə bağlı onu narahat etməməyi xahiş edib: “Xahiş edirəm, mənə müraciət etməsinlər, heç kimə müsahibə verməyəcəyəm. Yekun söz məhkəmədə deyiləcək. Kim nə yazır yazsın, kim nə danışır, danışsın. Məhkəmədə çox şey açılacaq, qulluqçunun havadarları üzə çıxacaq”.
Qeyd edək ki, musavat.com-un məlumatına görə, fevralın 10-da Bakı Şəhər Prokurorluğundan istintaqa çağırış alandan sonra müğənninin durumu kəskin dəyişib. Hətta ayaqları tutulub. Elə bu səbəbdən də müğənni çağırış üzrə göstərilən saatda prokurorluğa gedə bilməyib. Onun vəkilinin israrlı xahişlərindən sonra müğənninin durumunu nəzərə alan prokuror onun öz evində dindirilməsi qərarını verib.
İnterpress.az