Nazarbayev Əliyevin islahat təcrübəsini öyrənmək üçün Bakıya heyət göndərdibackend

Nazarbayev Əliyevin islahat təcrübəsini öyrənmək üçün Bakıya heyət göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum oldu ki, Azərbaycanda liman və bərə tarifləri Türkiyə yükdaşıyanlarının Xəzər dənizindən keçən nəqliyyat dəhlizindən istifadəsi üçün sərfəli deyil. Habelə cəmi iki il əvvəl istifadəyə verilən yeni Bakı Benəlxalq Dəniz Ticarət Limanı qəfildən artan yük həcmini qəbul edib ötürməkdə bəzi çətinliklərlə üzləşir.

Belə vəziyyətdə Azərbaycan prezidenti İlham Əliyev ölkə üzərindən Orta Asiyaya tranzit yükdaşımalarını asanlaşdırmaq üçün çevik qərarlar qəbul etdi. Liman və bərə tarifləri aşağı salındı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında tranzit yükdaşıyan TIR-ların qəbulu və ötürülməsi prosedurları qat-qat asanlaşdırıldı. Nəticədə dekabr ayında, limana daxil olan TIR-ların sayının kəskin artdığı bir vaxtda yaranan problemlər sürətlə aradan qaldırıldı. Və Türkiyə yükdaşıyanları stabil olaraq bu dəhlizə yönəlməyə başladı.

Aktaudakı əngəllər

Lakin Azərbaycanda tranzit yükdaşımaları asanlaşdırmaq üçün həyata keçirilən tədbirlər belə görünür ki, bütövlükdə Xəzər dəhlizinin, yaxud Asiya ilə Avropanı birləşdirən strateji əhəmiyyətli “İpək Yolu” nəqliyyat dəhlizinin effektiv işləməsi üçün kifayət deyildi. Virtualaz.org ötən buraxılışlarında yazmışdı ki, Xəzərin o tayında, Qazaxıstanın Aktau limanında Bakıdan göndərilən TIR-ların qəbul edilib ötürülməsində ciddi problemlər meydana çıxıb.

Bura həm liman infrastrukturunun yetərsiz olması, həm məmurların yükdaşıyanlardan rüşvət alması, həm yükün qəbul edilib ötürülməsi prosedurlarının həddən artıq uzun çəkməsi, süründürməçilik və digər problemlər daxil idi. Nəticədə TIR sürücüləri Aktau limanını tərk etmək üçün bəzən günlərlə vaxt itirirdilər.

Birinci vitse-premyer məmurları danlayır

Bu barədə məqalənin dərcindən bir neçə gün sonra Qazaxıstan KİV-ləri xəbər verdi ki, baş nazirin birinci müavini Bakıtjan Saqıntayev Aktau limanında olub və vəziyyətlə yerində tanış olandan sonra liman rəhbərliyini, habelə gömrük və digər strukturların yerli bölmələrinin məsul şəxslərini kəskin ifadələrlə tənqid edib. Saqıntayev tələb etmişdi, Aktau limanının işində 1 həftə ərzində dönüş yaradılmalıdır və bu zaman Bakı Beynəlxalq Dəniz Ticarət Limanının iş təcrübəsi öyrənilməlidir. Saqtıntayev demişdi ki, bir həftə sonra özü təkrar gəlib vəziyyəti yoxlayacaq və daha sonra Azərbaycan tərəfinin təcrübəsini öyrənmək üçün Bakıya yollanacaq.

Nursultan Nazarbayev Aktaudakı vəziyyəti bizdən öyrənib

İndi saytımıza məlum olub ki, Qazaxıstan tərəfini Aktau limanında beynəlxalq yükdaşımaları əngəlləyən vəziyyətə müdaxilə etməyə həm də haqqin.az və virtualaz.org saytlarının məqaləsi sövq edib. Əldə etdiyimiz məlumata görə prezident Nursultan Nazarbayev bu məqalə ilə tanış olduqdan sonra birinci vitse-premyer Bakıtjan Saqıntayevin rəhbərliyi ilə Aktau limanına komissiya göndərib. Araşdırmalardan sonra bəzi məsul şəxslər cəzalanıb. Habelə hökumətə tapşırıq verilib ki, tranzit yüklərin qəbul edilib ötürülməsini asanlaşdırmaq üçün Azərbaycanın təcrübəsi öyrənilməlidir.

Beləliklə, Qazaxıstanın I vitse-premyeri prezident Nazarbayevin tapşırığı ilə bir gün əvvəl, fevralın 15-də Bakıya səfər edib. Saqıntayev nəqliyyat sahəsi üzrə məsul şəxslərlə müzakirələr aparıb. Bu gün fevralın 16-da isə Saqıntayev və onu müşaiyət edən qazax rəsmiləri vəziyyətlə yerində tanış olmaq üçün Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahovun müşaiyəti ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına baş çəkiblər.

Saqıntayev Bakı Beynəlxalq Dəniz Ticarət Limanında

Bu sətirlərin müəllifi də bir qrup jurnalistlə birlikdə qazax rəsmilərini limana səfərdə müşaiyət edirdi. B.Saqıntayevin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının işi ilə tanışlığı limanın girişindən başladı. Limanın baş direktoru Taleh Ziyadov Qazaxıstan baş nazirinin müavinini tranzit yük daşıyan TIR-ın limana necə buraxılması ilə tanış etdi. Məlum oldu ki, bu prosedur cəmi bir neçə dəqiqə vaxt aparır. Limanda tətbiq olunan qabaqcıl nəzarət-buraxılış prosedurları sayəsində sürücü heç bir bürokratik əngəllə qarşılaşmadan limana daxil olur. Pasport nəzarətindən keçir və bununla da onun işi bitmiş olur.

Gömrük sənədlərinin doldurulmasını limandakı gömrük işçiləri həyata keçirirlər. Fitosanitar nəzarət və digər yoxlama məntəqələri hamısı bir inzibati binada cəmləşdiyindən, habelə bütün proseduralar online rejimdə aparıldığından sürücünün limana daxil olmasından gəmi-bərəyə bilet almasına qədər bütün proseduralar ən uzağı 1 saat vaxt apara bilər. Ümumiyyətlə, TIR-ın limana daxil olmasından başlayaraq bərəyə yüklənməsinə qədər (bərənin qrafikindən asılı olaraq) təxminən 3 saat vaxt lazım olur. Əvvəllər isə bunun üçün 2 gün lazım olurdu.

Habelə limana daxil olan TIR-lar gəmi-bərəyə yüklənənə qədər xüsusi dayanacağa çəkilir.Bunun üçün sürücü cəmi 10 manat ödəniş etməlidir. Həmin ödənişə həm duş və tualet xidmətləri, həm dayanacaq haqqı daxildir. Və ən mühümü odur ki, avtomobilin limanda nə qədər qalmasından asılı olmayaraq ödəniş stabildir. Yəni həmin məbləği ödəyəndən sonra bərənin nə vaxt gəlməsindən asılı olaraq sürücü o vaxta qədər limanda qala bilər və əlavə ödəniş etməyəcək.

Aktauda vəziyyət dəyişib, Bakını təcrübəsi tətbiq olunur

Qazaxıstan baş nazirinin birinci müavini bütün proseduralarla tanış olaraq onu müşaiyət edən qazax məmurlara da müvafiq tapşırıqlar verirdi. Belə məlum olurdu ki, artıq Aktau limanında da təxminən bir həftədir yüklərin qəbul edilib ötürülməsi prosedura sadələşdirilib. Qazax tərəfi ötən həftə Bakıya təcrübə mübadiləsi üçün texniki heyət göndərib və Azərbaycan tərəfinin təcrübəsi xeyli ölçüdə Aktau limanında da tətbiq edilməyə başlayıb.

B.Saqtıntayev Orta Asiyaya yük boşaldıb geri qayıdan türk TIR sürücüləri ilə söhbətləşdi. Sürücülər bildirdilər ki, təxminən bir həftədir Aktauda proseduralar asanlaşıb. Gömrük və digər xidmətlər süründürməçiliyi aradan qaldırıblar. Əsas problem isə tranzit yüklərin limanda qəbul ediləndən sonra gömrük məmurunun müşaiyəti ilə Qazaxıstan boyu hərəkətidir. Sürücülər deyirdilər ki, bu qayda üzündən onlar günlərlə ləngiməli olurlar və yollarda təhlükəli vəziyyət yaranır.

“Biz yeni vəziyyətə uyğunlaşmalıyıq…”

Limanın işi ilə tanışlıq başa çatdıqda sonra Qazaxıstan tərəfdən İnvestisiya nazirinin müavini Kasımbek Jenis jurnalistlərə açıqlamasında bildirdi ki, Xəzər dənizi üzərindən tranzit yükdaşımaların həcminin kəskin artması nəticəsində Aktau limanında bir sıra problemlər yaranıb. Çünki Aktau limanı indiyədək əsasən neft və neft məhsullarının, habelə metallurgiya materiallarının ötürülməsi üzrə ixtisaslaşmışdı.

\”İndi yeni növ yüklər yaranır və biz azərbaycanlı həmkarlarımızla təcrübə mübadiləsi etmək üçün gəlmişik. Üstəlik, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatır. Hesab edirik ki, bir il ərzində yükdaşımadakı vəziyyət kəskin şəkildə dəyişəcək. Əvvəl Aktau limanından ildə cəmi 1000-ə yaxın TIR qəbul edilib ötürülürdüsə indi bir ayda təxminən bu qədər yük qəbul edilir. Biz Bakı limanı, Xəzər Dəniz Gəmiçiliyi ilə qarşılıqlı fəaliyyət yollarını və yük axınını necə idarə edəcəyimizi müzakirə edirik. Yəni bu yükləri qəbul etmək üçün güclərimizi birləşdirməli və daha səylə çalışmalıyıq. Axın həcminin böyüyəcəyini görürük. Bu marşrutu rəqabətqabiliyyətli edə bilsək, qiymətlər əlverişli, xidmət və çatdırılma vaxtı yaxşı olsa, bu axını itirməyəcəyik\”-K.Jenis deyib.

Bakı limanına ayda 750-800 TIR daxil olur, bəzi problemlər hələ də qalır

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadovun bildirdiyinə görə ötən ilin sonlarından başlayaraq limandan yükdaşımaların həcmində kəskin artım olub. Hazırda ay ərzində təxminən 750-800 TIR limana daxil olur. Onların əsas hissəsi Aktau limanına istiqamət alır. Gözlənilir ki, bu say getdikcə artacaq. Hələlik limana daxil olan TIR-ların sayı stabilləşib. Gündə təxminən 20-22 TIR limana daxil olur. T.Ziyadov qeyd etdi ki, yüklərin qəbul edilib asanlaşdırılması üçün Qazaxıstan tərəfi limanın iş təcrübəsini öyrənib və tətbiq etməkdədir.

Nazarbayev Əliyevin islahat təcrübəsini öyrənmək üçün Bakıya heyət göndərdi

Məlum oldu ki, limanda yüklərin qəbul edilib ötürülməsi prosedurları beynəlxalq standartlara cavab versə də tranzit yükdaşıyan sürücülər gəmi-bərələrdəki məişət şəratindən narazılıq edirlər. Limanda söhbətləşdiyimiz TIR sürücləri deyirdilər ki, gəmi-bərələrdə yeməklər keyfiyyətsizdir, istirahət üçün şərait yoxdur.

T.Ziyadov bu problemlə bağlı bildirdi ki, onlar ancaq limanın işinə cavabdehdir. “Ümid edirik ki, “Xəzər Dəniz Gəmiçiliyi” QSC bu problemi aradan qaldıracaq. Ümumiyyətlə, yükdaşımaların asanlaşdırılması üçün görülən tədbirlər davam edir və ortaya çıxan problemlər aradan qaldırılır”-direktor bildirdi.

Beləliklə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanındakı vəziyyət göstərir ki, hazırda Azərbaycanın çox ehtiyac duyduğu islahatları sürətlə həyata keçirməkdə heç bir maneə yoxdur. Bir şərtlə ki, bu islahatlara əngəl yaradanlar olmasın və məmurlar ölkənin maraqlarını öz şəxsi maraqlarından üstün tuta bilsinlər. Belə olsa Azərbaycan təkcə Qazaxıstana yox, başqa ölkələrə də nümunə ola bilər… (virtualaz.org)