Son dövrlər ölkədə yaranmış sosial-iqtisadi çətinliklə bağlı bir sıra addımlar atılır və hələ sonucu naməlum olan bu böhranın əhaliyə təsirini aza endirmək üçün baş sındırılır. “Bahalaşmanın sünisi olmur” məntiqini qəbul etməyənlər daha çox yerli müəssisələri olan şirkətlərə hücum edir. Lakin əhalinin, özü də aztəminatlı əhalinin əsas hissəsini təşkil edən pensiyaçı və əlillərin daha çox pul xərclədikləri səhiyyə sahəsində rüşvətin qarşısını almaq barədə heç kim fikirləşmir.
Artıq 10 ildən çoxdur nazir vəzifəsində olan Oqtay Şirəliyev isə özünü səhiyyədə rüşvətin daha da artdığından xəbərsiz kimi aparır. Ölkəmizin obyektiv mediası isə cəmiyyətin ən ağrılı yeri olan səhiyyədəki problemlərdən, “toxunulmaz şəxs” kimi bu nazirin fəaliyyətinin bizə yeni heç nə vermədiyini göstərməkdən çəkinir. Halbuki artıq illərdir səhiyyə müəssisəsində pulsuz müalicəni təmin edəcək islahatın qarşısını alan məhz odur.
Dəyərli oxuclara bir neçə faktı sadalamaqla səhiyyə nazirinin bu 10 ildə fəaliyyətsiz olduğunu göstərmək olar.
“Azərbaycanda dövlət tərəfindən maliyyələşdirilən səhiyyə müəssisələrində bütün xidmətlər pulsuzdur”, – deyə Oqtay Şirəliyev elan edib. Amma Səhiyyə Nazirliyinin xəstəxanalarının qəbul şöbələrinə daxil olan, hətta qəzaya düşən xəstənin yaxınları gələnə qədər heç bir tibbi yardım göstərilmədiyini hamı bilir.
Dünyada analoqu olmayan bir paradoks: “Dövlət tərəfindən maliyyələşdirilən səhiyyə müəssisələrində bütün xidmətlər pulsuzdur”, – elan edib, dövlət poliklinikalarında “pulsuz müayinə” aylığı da keçirən Oqtay Şirəliyevdir.
Onkoloji xəstələrin müayinəsi pulsuz olduğu halda onlardan analiz üçün pul alanlar da bu nazirin işçiləridir. Həyasızlığın dərəcəsinə bax ki, Milli Onkologiya Mərkəzinin nümayəndəsi çıxıb efirə deyir ki, hər hansı bir vətəndaş özündə belə bir üzdəniraq xəstəliyin olub-olmadığını pulsuz müayinə etdirmək üçün bu mərkəzə müraciət edə bilər. Belə bir möcüzə Azərbaycanda hələ baş verməyib.
“Dərmanların qiyməti tənzimlənir” adı altında bəzi dərmanların qiyməti aşağı salındı, manat ucuzulaşan kimi isə dərhal yenidən artırıldı. Bunun zərəri isə dərman almağa pulu çatmayan kasıb əhaliyə dəydi. Nazir isə bir dəfə olsun bu yöndə hansısa iş görmək istədiyini belə dilə gətirmədi.
10 il əvvəl olduğu kimi, bütün dövlət xəstəxanalarına pulsuz dərmanların siyahısı verildiyi halda ən ucuz dərmanlar belə xəstələrin puluna alınırsa, adi diaqnoz, müayinə, analiz, rentgen, USM və əməliyyatların “rüşvət qismində” standart qiymətləri varsa, O. Şirəliyev nəyin və kimin naziridir?
Bunlar səhiyyədəki biabırçılığın, rüşvət səviyyəsinin heç də hamısı deyil. Amma bu faktların varlığı hər bir Azərbaycan vətəndaşına məlum olduğu halda səhiyyə naziri heç bir tədbir görmür. Belə davam edərsə, indiki böhran vəziyyətində az qala əhalisinin 3 nəfərdən birinin pensiyaçı və ya əlil olduğunu, üçdə birinin də müayinəyə və ya müalicəyə möhtac uşaqların təşkil etdiyini nəzərə alanda yaxın gələcəkdə müalicə və digər tibbi ehtiyaca pulu çatmayan əhalinin yarıdan çoxunun ölüm təhlükəsi ilə üzləşəcəyi mütləqdir. Aztodat.az