Tanınmış təhlükəsizlik eksperti, keçmiş MTN polkovniki İlham İsmayıl bu suala geniş cavab verib:
\”Bu il yanvar ayının 22-də saytınızda \”MTN işi \” kimi tanınan məsələylə bağlı suallarınızı cavablandırarkən bu işin ictimaiyyətə məlum olan tərəfləriylə məlum olmayanları müqayisə edib, sonuncuların çox olduğu qənaətimi hörmətli oxucularla bölüşmüşdüm. 11 il 3 ay az müddət deyil. Bu illər ərzində MTN səlahiyyətlilərinin iş metodu, fəaliyyətlərində dövlətin təhlükəsizliyi deyil, quldur mahiyyətilə pul yığmaq, sərvət toplamaq olduğu ən əvvəl sadə insanlara yox, məhz hakimiyyətin yuxarı eşalonlarının vəzifəli şəxslərinə məlum idi. MTN rəhbərliyinin bütün qanunsuz əməlləri hökümətin hər bir nazirinə bəlli idi. Bəs, nədən zamanında həyəcan təbili çalınmamışdı? Səbəb elə o nazirlərin də qanunsuz əməllərlə məşğul olması idi. Şikayət edib nə deyəcəkdilər? Deyəcəkdilər ki, filan qanunsuz, cinayət xarakterli əməlimə görə MTN məndən pul tələb edir, mənə haqq qoyur? Bütövlükdə korrupsiyaya uğramış məmur heyəti bu tələblə ən yüksək instansiyaya çıxa bilməzdi. Siz qeyd etdiyiniz kimi \”şmotka satandan neft satana qədər (nəzərə alın ki, energetika sahəsində təhlükəsizlik məsələlərinə də məhz Çovdarov nəzarət edirdi) MTN – in \”bığının altından\” keçirdilərsə, deməli hər kəs nəyin müqabilində bu addımı atdıqlarının fərqində olub.
Bir də, var-yoxunu satıb bizneslə, ticarətlə məşğul olanların ucdantutma Mahmudovun, Çovdarovun qəssab konveyerindən keçirilməsinin 11 il davam etməsində günahkar həm də digər səlahiyyətli təşkilatlardır. Prezident Administrasiyasından prokurorluğa qədər zamanında şikayətlər edildiyi indi məlum olur. Niyə administrasiyanın hüquq-mühafizə orqanlaıyla iş şöbəsini, prokurorluğun rəhbərliyini ən azı narahat etməyib, niyə reaksiya verilməyib, gücləri çatmırdısa niyə dövlət başçısına müraciət etməyiblər? Suallar həm keçmiş, həm də bu günkü proseslərə aiddir. Bu gün də istintaq \”MTN işi\”ndə sonadək cəmiyyətə şəffaf deyil, amma dövlətçilik naminə bu işin bütün cinayətləri üzə çıxmalı, gec də olsa \”günah\” yuyulmalıdır Bir daha vurğulayıram: Məhz dövlətçilik naminə \”MTN işi\” ən yüksək səviyyədə nəzarətdə olmalı, bütün əməllər ifşa olunmalı, zərərçəkənlər kompensasiya almalıdır. Xalq görməlidir ki, ədalət həqiqətən \”zəfər çalır\”. Yox, əgər köhnə münasibətlərin təsiri və yanlış olaraq guya hakimiyyətə, dövlətə zərər gələcəyi barədə düşüncələr əsas götürüləcəksə əks effekt verəcək. Cəmiyyət istintaqın \”dolayısıyla quldur dəstəsini nəyinsə müqabilində müdafiə edir\” kimi yarı qiybət, yarı həqiqət nəticələrinə gələcək və Sizin \”onların sonadək ifşasını istəməyən qüvvələr varmı\” sualınız vətəndaşı daim narahat edəcək. (moderator.az)