Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hal şahidi dindirilib.
Elnur Həsənov ifadə verərək hadisənin üstündən çox vaxt keçdiyi üçün əksər şeyləri xatırlamadığını deyib: \”Evdən telefona oxşar nəsə götürüldü, deyəsən diktofon idi\”.
Hakim Rasim Sadıxov bildirib ki, digər hal şahidi ilə bağlı məcburi gətirilmə qərarı çıxarılıb: \”Amma polis hələ onu tapa bilmir\”.
Təqsirləndirilən Aydın Xudiyev deyib ki, axtarış prosesində Elnur Həsənov, ümumiyyətlə, iştirak etməyib.
Bundan sonra Aydın Xudiyevin mənzilində aparılan axtarışın protokolu elan edilib. Qeyd edilib ki, Aydın Xudiyev 2015-ci ilin iyunun 12-də, Avropa Oyunlarının açılış günü Fövqəladə Hallar Nazirliyinin \”112 qaynar xətti\”nə zəng edərək kasetdə yazılan \”Açılışı dayandırın! Stadion partlayacaq! Allahu Əkbər!\” sözlərini səsləndirib. İyunun 15-də əməliyyat keçirilib və Aydın Xudiyev saxlanılıb. Onun evindən \”Sony\” markalı diktofon və \”Panasonic\” markalı kaset aşkarlanaraq götürülüb. Evdən tapılan kasetdə 102-yə zəng zamanı səsləndirilən nitq aşkarlanıb.
Aydın Xudiyev deyib ki, o işgəncə altında bu protokola qol çəkib: \”Polis Asif Musayev mənə elə işgəncələr verdi ki, lap \”xalq düşməni\” olmağa da qol çəkərdim\”.
Təqsirləndirilən şəxsin vəkili Asif Musayevin, digər hal şahidinin və ekspertlərin məhkəməyə şahid qismində çağırılmasını istəyib. Vəsatət qismən təmin edilib.
Məhkəmə prosesi fevralın 23-ü davam etdiriləcək.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə təqsirləndirilən 1960-cı il təvəllüdlü Aydın Xudiyev Yol Təhlükəsizliyi üzrə Əhalini Maarifləndirmə İctimai Birliyinin rəhbəri olub. (qafqazinfo)
İnterpress.az