Bu sözləri “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev deyib.
Rahim Hacıyev bildirib ki, hazırda qəzetin maliyyə vəziyyətini düzəltmək üçün bəzi firmalarla danışıq aparılır:
“Biz hazırda firmalarla danışıq aparırıq. Bəzi firmalarda bizim vəsaitimiz var. O vəsaitlərin əldə edilməsində ciddi problemlər yaşanır. Çalışırıq ki, onlarla problemləri həll edək. Hələ ki, optimist bir şey deyə bilmərəm”.
R.Hacıyev maliyyə yardımı üçün ictimaiyyətə müraciət etdiklərini deyib:
“Çox təəssüflər olsun ki, hələ ki, heç bir sahibkardan, iş adamından kömək məqsədi ilə təşəbbüs irəli sürən yoxdur. Biz kömək və yardım üçün yalnız ictimaiyyətə, öz oxucularımıza, bizi oxuyanlara, qəzetimizi qəbul edənlərə müraciət etmişik.
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu isə bizimlə əməkdaşlığı çoxdan dayandırıb. Yeganə ümid yerimiz ictimaiyyətdir. Xalqdan kömək gözləyirik”.
Qeyd edək ki, dünəndən \”Azərbaycan\” Nəşriyyatının rəhbərliyi “Azadlıq” qəzetinə məktubla müraciət edib. Nəşriyyatın rəhbərliyi bildirib ki, “Azadlıq” qəzetinin 2016-cı ilin fevralın 1-nə qədər çap xərclərinə görə borcu 18342 manat təşkil edir. Bununla yanaşı, qəzetin kommunal xərclər üzrə borcu 1064 manatdır. Məktubda daha sonra bildirilib ki, borcların ödənilməyəcəyi təqdirdə fevral ayının 18-dən etibarən “Azadlıq” qəzetinin çapı mümkün olmayacaq.
Bu gündən isə artıq qəzetin redaksiyası öz fəaliyyətini dayandırıb və hələ ki, çap olunmur.(azadliq)
İnterpress.az