Tağı Əhmədovun milyonu bankda batıbbackend

Tağı Əhmədovun milyonu bankda batıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakimiyyətin ən koloritli və tipik məmurlarından olan Tağı Əhmədovun işdən çıxarılmasından xeyli vaxt keçsə də, ara-sıra onun adı yenidən gündəmə gəlir. Zaman-zaman sabiq rəisin dövründə Bakı Metropolitenində baş verən böyük miqyaslı korrupsiya faktları ilə bağlı məlumatlar da yayılır.

İşdən çıxarıldıqdan sonra Bakı Metropolitenində aparılan yoxlamalar bir sıra ciddi korrupsiya əməliyyatlarını üzə çıxarmışdı. Məlumatlarda bildirilirdi ki, dövlət orqanlarına Bakı Metropolitenində külli miqdarda vəsaitin mənimsənildiyi barədə məlumat daxil olub. Aparılan ilkin araşdırma məlumatın əsaslı olduğunu üzə çıxarıb. Məsələ barədə prezident İlham Əliyevə məruzə olunduqdan sonra T.Əhmədovun vəzifədən azad edilməsi və onun rəhbərlik etdiyi qurumda yoxlamalar başlanması barədə qərar qəbul olunub.

İddia olunurdu ki, yoxlama nəticəsində müəyyən edilib ki, metropolitendən və geniş ticarət şəbəkəsindən hər il əldə olunan 11-12 milyon manat vəsait müxtəlif vasitələrlə dövlət büdcəsindən və vergidən gizlədilərək mənimsənilib. O da deyilirdi ki, metroda fəaliyyət göstərən ticarət obyektlərinin tam əksəriyyəti T.Əhmədovun ailə üzvlərinin, qohumlarının və ona yaxın olan şəxslərin adlarına rəsmiləşdirilib. Araşdirmaların nə ilə nəticələndiyi bilinmədi, amma əksəriyyəti T.Əhmədova və yaxınlarına məxsus olan bütün ticarət köşkləri bağlandı.

1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifəsində çalışan T.Əhmədov işdən çıxarıldıqdan sonra indiyədək rahat həyatına davam etməkdədir. O, ötən ilin iyunundan YAP Yasamal rayon təşkilatının sədridir. 21 dekabr devalvasiyasından sonra ciddi maliyyə böhranı yaşayan banklara Azərbaycanın üzdə olan tanınmış adamlarının da böyük məbləğdə vəsaitlər yatırdığı barədə məlumatlar yayılmaqdadır.

Bakı Metropoliteninin sabiq rəisi, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının hazırkı sədri Tağı Əhmədovun da adı həmin tanınmışlar siyahısında var. Etibarlı mənbələrdən modern.az saytına verilən məlumata görə, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun bir neçə milyon manat vəsaiti bugünlərdə bağlanan banklardan birində batıb.

Saytın xəbərinə görə, o, Azərbaycanda problemlə üzləşən bankların birinə vaxtilə külli miqdarda əmanət yatırıbmış. Lakin ötən ilin 21 dekabrında manatın devalvasiyaya uğraması nəticəsində bir çox banklarda ciddi problemlər yarandığı üçün əmanətçilərin vəsaitləri geri qaytarıla bilməyib. Tağı Əhmədov da bankdan əmanətini geri istəyib, amma bu, alınmayıb. Nəticədə sabiq rəisin külli miqdarda əmanəti bankda batıb. Modern.az saytı məsələyə Tağı Əhmədovun özündən münasibət öyrənməyə çalışıb. O, dəstəyi açsa da, sonradan telefonu söndürüb. Xanımı Salatın Əhmədova isə suala cavab verməkdən imtina edib.

İnterpress.az