Yan-yörəsi həbs edilən Eldar Mahmudovun özünün niyə məsuliyyətə cəlb edilmədiyi hələ açıqlanmır. Bəzi mətbuat orqanları ifadə verməyə çağırılarkən onun səhhətinin pisləşdiyini və sanatoriyaya yerləşdirildiyini yazmışdılar. Bugünə qədər bu məlumatlar nə təsdiq, nə də təkzib olunub.
Qohumlar işdən çıxdı
Eldar Mahmudovun xanımı Tahirə Mahmudova 2007-ci ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında katib vəzifəsində çalışır. O, Konfederasiyanın Məclis və İcraiyyə Komitəsinin üzvüdür. Həyat yoldaşı Eldar Mahmudov vəzifəsindən çıxarıldıqdan sonra o, öz ərizəsi ilə işdən çıxdı.
Daha sonra keçmiş nazirin vəzifə daşıyan qohumları da üzə çıxdı. Belə ki, Mahmudovun vəzifədən gedişindən sonra nazirin qohumu Pərvanə Şəfiyeva Səhiyyə Nazirliyi Dərmanların Ekspertizası İdarəsinin rəis müavini vəzifəsindən azad edildi. Nazirin digər qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynova da qapını göstərdilər.
Eldar Mahmudovun bacısı Elmira Mahmudova Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi vəzifəsində çalışır. Onun işlərinin necə getməsi ilə bağlı hələlik məlumat yoxdur.
Ailənin ölkədəki biznesi
Eldar Mahmudovun 3 uşağı var. Nazirin qızı Xuraman Mahmudova İsveçrədə maliyyə ixtisası üzrə bakalavr və magistr dərəcəsi alıb. Bununla yanaşı Xuraman xanım 2015-ci ildə uşaqlar üçün nəzərdə tutulan “Sehrli Səyahət” adlı hekayəsini vəzifəli şəxslərin iştirakı ilə İçərişəhərdə təqdimatını keçirib.
Mahmudovun kiçik qızı Nərgiz Mahmudova 2015-ci ilin sentyabrında sabiq prezident Heydər Əliyevin qardaşı nəvəsi Rasim Əliyevlə ailə həyatı qurub.
Eldar Mahmudovun oğlu Anar Mahmudov Azərbaycanda, Türkiyədə, İspaniyada, Lüksemburqda şirkət sahibidir. Onun yaratdığı şirkətlər atasının nazir təyin olunduğu vaxtdan sonraya təsadüf edir. Anar Bakıda “Caspian Crystal” Holdinqinin İdarə Heyətinin sədridir. Şirkətə “Beluga”, “Salvador Dali”, “Lord”, “VİP” və “Velluto” kimi dəbdəbəli restoranlar şəbəkəsi daxildir. Şirkət ərzaq bazarına da daxil olub. Onlar 2007-ci ildən başlayaraq “Gastronomy-1″, “Gastronomy-2″ və “Gastronomy-3″ mağazalarını açıblar. Eyni zamanda şirkət Azərbaycanda dünyanın hər yerindən gətirilmiş şərablar və alkoqollu içkilər təklif edən ilk butikin yaradıcısıdır. “Wine City” adlı 18000 şüşənin saxlanıldığı şərab anbarı da şirkətə daxildir. Şirkət şərab butikinin layihəsi və dizaynını fransızlarla birgə hazırlayıb. Bu şərablar elit müəssisələrə təqdim edilib və VİP müştərilər üçün nəzərdə tutulub. Şirkət “müştəri təlabatının artmasını” nəzərə alaraq 2012-ci ildə “Wine City-2” mağazasını açdığını bildirir.
Holdinqə “Range Rover”, “Jaguar”, “Maseratı”, “Ducati” kimi avtomobilləri Azərbaycana gətirən “Crystal Motors” da daxildir. Anar Mahmudov deyir ki, “Bizim missiyamız qida, içki, restoran və keyterinq biznesində ən yaxşı və yüksək keyfiyyətli xidmətləri Azərbaycan bazarında tanıtmaqdır”. Amma bu xidmətləri göstərmək üçün xərclənən pullar şəffafdırmı?
Anar Mahmudov Azərbaycanda \”Diqlas-1\” MMC-nin təsisçisi, həm də qanuni nümayəndəsidir, “Kristal İnşaat” MMC-nin isə təsisçisidir. “Kristal İnşaat” 2008-ci ildə, \”Diqlas-1\” MMC isə 2010-cu ildə yaradılıb. Tender siyahısında şirkətlərin adına rast gəlmədik.