17 yaşlı oğru 1 milyon manatı qohumlarına və dostlarına xərcləyibbackend

17 yaşlı oğru 1 milyon manatı qohumlarına və dostlarına xərcləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən, İsmayıl Qəhrəmanov 10 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslər barəsində isə bəraət hökmü çıxarılıb.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxış edib. O, çıxışında məhkəmə istintaqı zamanı təqsirləndirilənlərin cinayət əməlinin sübuta yetirildiyini bildirib. Prokuror məhkəmədən hər 3 şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Dövlət ittihamçısı zamində olan Zaur Namazov və Fərid Əlibəyov barəsində də həbs-qətimkan tədbiri seçilməsini istəmişdi.

Qeyd edək ki, Astara rayon sakini, İsmayıl Qəhrəmanov 2013-cü ildə Nəsimi rayon Polis İdarəsinin əməliyyatçıları tərəfindən tutulub. Onun Bakının müxtəlif rayonlarında onlarla evi qarət etdiyi məlum olub. Zərərçəkənlərin müraciəti və ilkin araşdırmalarla müəyyən edilib ki, İ.Qəhrəmanov təkcə Nəsimi rayonu ərazisində mənzillərdən 300 min manat dəyərində qızıl və müxtəlif valyutalar ələ keçirib.

Sonrakı araşdırmalarla onun başqa rayonların ərazilərində də çoxsaylı mənzilləri taladığı məlum olub. Onun Binəqədi, Nərimanov, Xətai, Nizami rayonlarında onlarla evdən külli miqdarda pul və qızıl ələ keçirməsi aydınlaşıb. Araşdırmalar nəticəsində məlum olub ki, İ.Qəhrəmanovun oğurluqla qazandığı sərvət 1 milyon manat civarındadır. Peşəkar oğru bu qədər pula nə daşınmaz əmlak, nə avtomobil, nə də başqa mülk alıb. O, polisə verdiyi bütün ifadələrində deyib ki, pulları dostları ilə qızlara xərcləyib, hərdən isə qohumlarına da əl tutub.

Gənc oğlan cinayət əməllərinə 2011-ci ildən başlayıb. Onun sanballı oğurluqları isə 2012-ci ilə təsadüf edir. Təkcə Nəsimi rayonu ərazisindəki 3 mənzildən ümumilikdə 100 min manatlıq qızıl və 50 min manatadək pul oğurlayıb. Mənzilləri seçərkən İ.Qəhrəmanov diqqətlə hərəkət edirmiş. O, əvvəlcədən müxtəlif yollarla kimin evdə olub-olmamasını yoxlayır, sınaq cəhdləri edirmiş. Evlərə isə əsasən binaların eyvanlarından pəncərələrdən və nəfəsliklərdən daxil olurmuş.

Onu da qeyd edək ki, İsmayıl Qəhrəmanov cinayət əməllərini yetkinlik yaşına çatmadığı dövrdə törətdiyi üçün Cinayət Məcəlləsinə görə 10 ildən artıq həbs cəzası ala bilməzdi.

İnterpress.az