Müxalifətin antiböhran koalisiyası fevralın 21-də ikinci geniş toplantısını keçirib. ADP-nin qərargahında keçirilən tədbirdə nəzərəçarpacaq səviyyədə qələbəliyin müşahidə olunması müxalifət düşərgəsində yeni və dayanıqlı birliyin formalaşmaqda olduğu iddialarını ortaya çıxarıb. Antiböhran koalisiyasında KXCP, AXP, ADP, VİP, AzDP, ALDP, BAP, Azadlıq Partiyası, GAP, AG blok və digər müxalifyönlü təşkilatlar, QHT-lər təmsil olunur.
Demokratik düşərgənin ənənəvi əsas qüvvələri sayılan Müsavat Partiyası və AXCP isə bu koalisiyada iştirak etmirlər. Buna baxmayaraq, bir çoxları hesab edir ki, bu koalisiya müxalifət düşərgəsində yeni və böyük formatda birliyin yaranmasıdır. Eyni zamanda qeyd edilir ki, Müsavatsız və AXCP-siz birlik heç də perspektivsiz hesab olunmamalıdır. Bu fikirdə olanların düşüncəsinə görə, Müsavatla AXCP-nin olmaması bu birliyin dayanıqlı və intriqasız birlik olacağı ümidini yaradır. Çünki Müsavatla AXCP uzun müddət bir yerdə ola bilmirlər və birlikləri qısa müddətli olur.
Antiböhran koalisiyasında təmsil olunan və keçirilən toplantılara ev sahibliyi edən ADP sədri Sərdar Cəlaloğlu bu barədə danışarkən bildirdi ki, artıq bir aya yaxındır koalisiya elan olunub. Keçirilən böyük toplantılar da həmin koalisiyanın tədbirləridir. Hər üçüncü gün saat 12-də isə koalisiyadakı təşkilatların rəhbərlərinin – idarə heyətinin toplantısı olur.
Növbəti toplantının ALDP-nin ofisində keçiriləcəyini deyən ADP sədri bildirdi ki, koalisiyanın dayanıqlı olacağı və ölkədəki proseslərdə avanqard rolunu oynayacağına ümid edir. Bu ümidlər üçün əsaslar var: “Müxalifətin antiböhran koalisiyası artıq böhranlı vəziyyətin aparıcı fiquruna çevrilib. Toplantılara getdikcə daha çox insanın qatılması müşahidə edilir”.
Müsavat Partiyası ilə AXCP-nin antiböhran koalisiyasında iştirak etməməsinin bu birliyin daha dayanıqlı və uzun ömürlü olub-olmayacağı barədə iddialara gəlincə, S.Cəlaloğlu bunları bildirdi: “Təcrübə göstərir ki, Müsavat Partiyası ilə AXCP-nin bir-biri ilə intriqaları onların üzv olduğu ittifaqları zəiflədib dağıdıb. O baxımdan yanaşılsa, deyilə bilər ki, həmin partiyaların müxalifətin Böhran Koalisiyasında olması da bir müddət sonra öz təsirini göstərəcək. Amma biz arzu edirik ki, bütün müxalifət bir yerdə olsun. Çünki ölkədə ümumi böhranlı vəziyyət milli maraqları təhdid eləyən vəziyyətdir. Burada kiçik şəxsi maraqları önə çıxarmaq qətiyyən doğru olmazdı. Ona görə də hesab edirəm ki, Müsavatla AXCP-nin də bu koalisiyada olması ümumi işin xeyrinə olar. Amma olmamaları da bizim işimizə mane olmayacaq. Əksinə, özünüz də gördünüz ki, sonuncu toplantıda əvvəlkindən iki dəfə çox adam iştirak edirdi. Eyni zamanda toplantı internetlə canlı yayınlanırdı və minlərlə insan müzakirələri izləmək imkanına malik oldu. Gələcəkdə bunun mitinqlərə çevrilməsi istiqamətində müəyyən ideyalar var. Müxalifətin antiböhran koalisiyası artıq böhranlı vəziyyətin aparıcı fiquruna çevrilib. Etiraf eləmək lazımdır ki, Müsavatın və AXCP-nin tədbirləri antiböhran koalisiyasının tədbirlərinin kölgəsində qalır. Biz arzu edərdik ki, bir yerdə olaq, qüvvələrimizi birləşdirək. Amma heç kəsi də zorla birliyə gətirə bilmərik. Gəlsələr yaxşı olar, gəlməsələr də pis olmaz”.(musavat)
İnterpress.az