Etibar Əliyev: «Prezident Administrasiyasından xahiş edirik, daha bizim hüquqlarımızın pozulmasına imkan verməsinlər»
\”Dağlar\” Mənzil-Tikinti Kooperativinin (MTK) Bakının Nərimanov rayonu, Təbriz küçəsi, 63 ünvanında inşa etdiyi binadan mənzil alan şəxslərdən 34 nəfər dələduzluğun qurbanı olub. Belə ki, bir mənzil 2-6 nəfərə satılıb.
Aldadılmış payçılar dünən Prezident Administrasiyasında olaraq işin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində obyektiv şəkildə aparılmaması nəticəsində bəzi şəxslərin cinayət məsuliyyətindən yayındığını bildiriblər.
Zərərçəkmiş Etibar Əliyevin dediyinə görə, 2014-cü ilin sentyabr ayında adı çəkilən idarədə istintaq başlayıb: \”Biz \”Dağlar MTK\”-nın tikdiyi 15 mərtəbəli binadan mənzillər alanlar kooperativin rəhbər şəxslərindən evlərin açarını istəyəndə müxtəlif bəhanələrlə verməkdən imtina edirdilər, bizi mənzillərə yaxın qoymurdular. Sonradan bu mənzillərin iki və daha çox vətəndaşa satıldığı bəlli olub. Bilirsiniz ki, son 10 ildə Bakıda mənzil-tikinti kooperativlərinin ardı-arası kəsilməyən fırıldaqçılıq və dələduzluq əməlləri üzə çıxıb. Biz də onların qurbanlarından biri olduq. Biz aldadılmış payçı olaraq Baş Prokurorluğun 161 saylı \”Qaynar xətt\”inə dəfələrlə müraciət etdik. Müraciətimiz əsasında cinayət işi açıldı. İşi müstəntiq Ziyafət Quliyev aparıb. Rəsmi ittihamda belə qeyd olunub: \”Vəzifə səlahiyyətlərindən və vətəndaşların etibarından sui-istifadə edərək Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2-ci yaşayış massivində və Nərimanov rayonu, Təbriz küçəsi, 855-ci məhəllədə kooperativin inşa etdiyi çoxmərtəbəli yaşayış binalarında 443 min 550 manat məbləğində satılmış mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satmaqla dələduzluq yolu ilə külli miqdarda özgə əmlakını talamalarında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb\”. Amma təəssüflər olsun ki, bəzi şəxslər cinayət məsuliyyətindən yaxasını qurtara bilib\”.
Zərərçəkmiş bildirir ki, Ədliyyə Nazirliyinin qeydiyyat sənədlərində \”Dağlar\” MTK-nın təsisçisi və sahibi kimi Çingiz Rzayevin adı yer alıb. Şirkətin icraçı direktoru isə onun qohumu Şahin Əliyevdir. Təsisçilər arasında həmçinin Çingiz Rzayevin qardaşı Gündüz Rzayevin və daha üç nəfərin adı yer alıb.
E.Əliyevin sözlərinə görə, işin başında Çingiz Rzayev dayanıb, qohumu Şahin Əliyev isə icraçı olub.
\”Dələduzluq faktları 2013-2014-cü illəri əhatə edir. Elə mən də \”Dağlar\” MTK-nın inşa etdiyi binadan 2013-cü ilin avqustunda üçotaqlı mənzil aldım. Nağd şəkildə şirkətin icraçı direktoru Şahin Əliyevə 122 min manat verib mənzilin sahibi oldum. Mənzil alqı-satqısı haqda MTK ilə mənim aramda bağlanmış müqavilə notariusda təsdiqlənib. Mənə dəymiş maddi zərər bununla da bitməyib. Belə ki, aldığım mənzili təmir etdirdim. Bu işi görmək üçün 40 min manata yaxın xərc çəkdim. Sən demə, bu ərəfədə mənzil başqa şəxsə də satılıb. Mənzilimə gələndə mənzilin yeni \”sahib\”i tərəfindən qıfılın dəyişdirildiyinin şahidi oldum. Bu şübhələrimizin olması üçün əsas oldu. Qıfılı sındırdım. Hazırda həmin mənzildə yaşayıram. Ancaq sənədlərdə mənzilin iki sahibi var\”, deyə E.Əliyev bildirdi.
Baş Prokurorluğa və Milli Məclisə müraciət etdiklərini xatırladan zərərçəkmiş bildirir ki, onlara verilən cavab müsbət olmayıb: \”Prezident Administrasiyasına müraciət edərək xahiş edirik, daha bizim hüquqlarımızın pozulmasına imkan verməsinlər.
\”Dağlar\” MTK-nın 8 ilə yaxındır ki, inşa etdiyi yaşayış binası dövlət komissiyası tərəfindən qəbul edilməyib. Çünki MTK rəhbərliyi bu istiqamətdə iş görməyib. Başı vətəndaşları aldatmağa qarışıb. 3 milyona yaxın vəsait mənimsənilib. Bu rəsmi ittihamdır. Sonra bina hələ də qazla təmin olunmayıb. Mənzil sahiblərinə el arasında \”kupça\” deyilən mülkiyyət kağızı hələ də verilməyib.
Bizi yeni təhlükələr də gözləyir. Belə ki, cinayət məsuliyyətindən yayına bilən \”Dağlar\” MTK-nın təsisçisi və sahibi kimi Çingiz Rzayev məhkəmə tərəfindən həbs qoyulan binanın qeyri-yaşayış sahəsinə həbsin götürülməsi üçün məhkəməyə müraciət edib. Biz zərərçəkmişlər bundan çox narahatıq. Ümidimizi ora bağlamışıq. Bizə dəymiş zərər həmin əmlak hesabına ödənilə bilər. Amma satılsa, bizə dəymiş zərər ödənilə bilməyəcək. Biz hazırda bunun qarşısını almağa çalışırıq. Biz çox istərdik ki, MTK-nın rəhbər şəxsləri Çingiz Rzayev və Elçin Bağırov məsuliyyətə cəlb olunsunlar. Biz zərərçəkmişlər məhkəmədə izahatımızda bu barədə danışmışıq\”.
Etibar Əliyev dedi ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə cinayət işinə baxılır. Məhkəmə prosesi zərərçəkmişlərin ifadəsi ilə davam etdirilir. Hətta bəzi zərərçəkmişlər hüquqlarının müdafiəsi üçün vəkilə müraciət ediblər.
İnterpress.az