Tələbələrə yanvar ayının təqaüdü verilməyibbackend

Tələbələrə yanvar ayının təqaüdü verilməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Dövlət Universitetinin (BDU) tələbələrinin Gün.Az-a verdiyi məlumata görə, yanvar ayı üçün verilməli olan təqaüdlər indi fevralın sonu olmasına baxmayaraq hələ də verilməyib.

Tələbələr deyir ki, təqaüdlərin gecikdirilməsinə səbəb olaraq onlara yeni formanın hazırlanması göstərilib:

“Bizə deyirlər ki, bu aydan etibarən təqaüdlər yeni qaydada veriləcək.

Ödənişli oxuyan tələbələrin təqaüd məbləği semestr üzrə aldığı nəticələrdən asılı olacaq. Ödənişsiz oxuyan tələbələrin qiymətləri pis olarsa ona ümumiyyətlə təqaüd verilməyəcək. Hələlik biz gözləyirik ki, görək axırı necə olacaq. Ümid edirik heç olmasa fevralın sonunda təqaüdlər verilsin. Nəzərə almalıdırlar, rayondan gələn tələbələrin çoxu kirayədə qalır və ən azından kirayə pulu vermək üçün onlar da kimlərdənsə borc almalıdırlar”, – deyə adının açıqlanmasını istəyəmən tələbə söyləyib.

Redaksiyamıza bu informasiya daxil olduqdan sonra bir neçə dövlət universitetlərinin tələbələri arasında apardığımız sorğu nəticəsində yanvar ayına olan təqaüdlərin həqiqətən də verilmədiyini öyrəndik.

Bakı Dövlət Universiteti rektorunun maliyyə məsələləri üzrə müşaviri Məzahir Sultanov Gün.Az-a açıqlamasında bildirib ki, təqaüdlərin ödənilməsi üçün universitetin maliyyə fonduna hələ də pul keçirilməyib:

“Ödəniş Maliyyə Nazirliyi tərəfindən Təhsil Nazirliyinə, oradan da təhsil qurumlarına keçirilir. Bu günə qədər biz də gözləyirik. Hər gün lazımi qurumlarla əlaqə saxlayırıq. Maliyyə vəsaitinin universitetin hesabına nə vaxt köçürüləcəyi barədə hələlik dəqiq məlumat yoxdur.
Bu gün dövlət büdcəsi yenidən təsdiq edildi. Ola bilsin ki, gecikmə buna görə oldu. Ümid edirik ki, fevralın sonunda vəsait ayrılacaq”.

M.Sultanov qeyd edib ki, yanvar ayına olan təqaüd köhnə mexanizmlə, fevraldan sonrakı təqaüdlər isə Prezident İlham Əliyevin 10 noyabr 2015-ci ildə imzaladığı sərəncama uyğun veriləcək.

Məlumat üçün bildirək ki, Sərəncama əsasən, təhsilin keyfiyyətini yüksəltmək üçün təhsilalanlar arasında rəqabət mühiti yaratmaq, onların tədris prosesində fəallığını artırmaq və təhsilə marağını stimullaşdırmaq məqsədilə “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli sərəncamında bir sıra dəyişikliklər edilir.

1.2-ci və 1.3-cü bəndlər aşağıdakı redaksiyada verilir:

“1.2. ali təhsil müəssisələrində:

adlı təqaüd alan tələbələrə – 120 manat

magistratura səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə- 105 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 85 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 55 manat

bakalavriat səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 95 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 80 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manat

1.3. orta ixtisas təhsili müəssisələrində:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 50 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 40 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 35 manat”.
Bu sərəncamın 1-ci hissəsi 2016-cı il fevralın 1-dən qüvvəyə minir.