Müsavatdan antiböhran koalisiyasına tikanlı sözlərbackend

Müsavatdan antiböhran koalisiyasına tikanlı sözlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 21-də antiböhran koalisiyası ikinci geniş tədbirini keçirib. Çoxsaylı iştirakçının olduğu növbəti böyük tədbirdən sonra ictimaiyyət arasında müxalifətin böyük birliyinin yaranması barədə gəzən söz-söhbətlər qızışıb. Çoxları hesab edir ki, hazırda 15-dən çox müxalif qurumun təmsil olunduğu koalisiyadan güclü narazı düşərgə yoxdur.

Bu fikirlərin fonunda ölkənin ənənəvi müxalif güc mərkəzlərindən hesab olunan Müsavat və AXCP-nin antiböhran koalisiyasında təmsil olunmamaları suallarla yanaşı, təəssüf doğurur. Koalisiyaya daxil olan qurumun rəhbərləri mətbuata açıqlamalarında hər iki partiyaya dəvət göndərildiyini, lakin onların iştirak etmək istəmədiklərini qeyd edirlər. Müsavat və AXCP-siz müxalifət qurumunun formalaşmasına cəmiyyət arasında da münasibət ikilidir. Əksəriyyət 15-dən çox qurumun birləşdiyi koalisiyanı rəğbətlə qarşılasa da, Müsavat və AXCP-nin bu birlikdə təmsil olunmamalarının gələcəkdə perspektivlik baxımından mənfi nəticələr verəcəyini düşünənlər də az deyil.

Müsavatdan antiböhran koalisiyasına tikanlı sözlər

Antiböhran koalisiyasına daxil olan qurumlardan ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, Müsavat və AXCP arasında olan intriqalar zamanında üzv olduqları ittifaqları zəiflədib. Partiya sədri hər iki qurumun koalisiyanın üzvü olacağı təqdirdə, gələcəkdə öz nəticələrini göstərəcəyini qeyd edib: “Müsavatla AXCP-nin də bu koalisiyada olması ümumi işin xeyrinə olar. Amma iştirak etməmələri də bizim işimizə mane olmayacaq. Müxalifətin antiböhran koalisiyası artıq böhranlı vəziyyətin aparıcı fiquruna çevrilib. Etiraf eləmək lazımdır ki, Müsavatın və AXCP-nin tədbirləri antiböhran koalisiyasının tədbirlərinin kölgəsində qalır. Biz arzu edərdik ki, bir yerdə olaq, qüvvələrimizi birləşdirək. Amma heç kəsi də zorla birliyə gətirə bilmərik. Gəlsələr yaxşı olar, gəlməsələr də pis olmaz”.

Müsavatdan antiböhran koalisiyasına tikanlı sözlər

Müsavat başqanının müavini Elman Fəttah bildirdi ki, antiböhran koalisiyasi tərəfdən təmsilçisi olduğu partiyaya heç bir dəvət gəlməyib: “Məsələlərə yanaşmalarda fərqlər var. Müsavatın yanaşması ondan ibarətdir ki, böhranın səbəbkarı hökumətdir. Şəxsi yanaşmam odur ki, hakimiyyət böhrandan çıxa bilməyəcəyinə görə dəyişməlidir. Onların fəaliyyətləri Azərbaycanı bu günə salıb. Antiböhran adı altında birləşən lokal qrupların məqsədləri mənə bəlli deyil. Hədəflərini özləri də bilmirlər. Bundan əvvəl parlament seçkiləri, Avropa Oyunları ilə bağlı onların fəaliyyətləri yaddaşımızdan silinməyib. Avropa Oyunlarında 8 milyarddan çox pul mənimsənildi. Amma antiböhran koalisiyasında təmsil olunanların böyük əksəriyyəti Avropa Oyunlarına dəstək veriblər. Azərbaycanı oyuna salan, milyardları talayan oyunbazlığa dəstək verib, sonra bir koalisiyada təmsil olunan qurumlarla birlikdə addımlamağı doğru hesab etmirəm. Partiyamızın bu məsələlərdə öz yanaşması var. Hədəflərimiz dəqiqdir. Koalisiyada təmsil olunanların yenidən hakimiyyətlə dialoq cəhdləri onlar barəsində olan fikirlərimizi qətiləşdirir. Orada təmsil olunan qurumların və siyasətçilərin böyük əksəriyyəti aylar öncə parlamentdə bir yer qazanmaq üçün hakimiyyətlə bütün güzəştlərə hazır siyasət sərgiləyiblər. Ona görə də koalisiyanın prinsipiallığına şübhəm var. Həmin toplantıları ciddiyə almıram”.

Başqan müavini ADP sədrinin Müsavat və AXCP arasındakı intriqalarla bağlı səsləndirdiyi fikirlərə də toxundu: “Ümumiyyətlə, Sərdar Cəlaloğlunun bu açıqlamasından çıxış edərək etiraf etmək lazımdır ki, Müsavat və AXCP-nin olmadığı heç bir qurum ciddi qəbul oluna bilməz. Məhz ciddiliyi şübhə altında olduğuna görə Müsavat belə birliklərə qoşulmur. Partiyamız Azərbaycanda bir çox birliklərin müəllifidir. Siyasi proseslərdə daim uğurla çıxış etmişik. 2003 və 2005-ci illərdə təmsilçisi olduğumuz bloklar seçkilərdə yüksək göstərici əldə ediblər. Sərdar Cəlaloğlu və digərləri öz çaplarına uyğun siyasətlə məşğuldurlar. Hər kəsdə belədir. Ciddi uğur qazanacaqlarsa, buyurub qazana bilərlər. Amma yaxın keçmişdəki fəaliyyətləri hər şeyi üzə çıxarır”.

E.Fəttah antiböhran koalisiyasının tədbirlərinin Müsavat və AXCP-nin tədbirlərindən üstün olması ilə bağlı ADP sədrinin fikirlərinə də cavab verdi: “Gülməli bir yanaşmadır. Deməyə söz tapmıram. Heç bir ciddi siyasi proseslərə təsir imkanı olmayan, elektoratı yox dərəcəsində olan təşkilat, yaxud birliyin hər hansı bir toplantı keçirməsini Müsavat, AXCP kimi güc mərkəzləri ilə müqayisə etməsi, sadəcə, gülüncdür”.(musavat)

İnterpress.az