İnterpress xəbər verir ki, öncə Xocalı faciəsinin qurbanları və Ankarada terror nəticəsində həlak olanlar bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Qaradağ rayon təşkilatı sədrinin birinci müavini Saleh Salayev çıxış edərək, Xocalı faciəsi barədə danışıb, mülki əhalinin soyqırıma məruz qaldığını xatırladıb. Bildirib ki, 613 nəfər qəddarcasına qətlə yetirilib, onlardan 70 qoca, 106 qadın və 63 nəfəri körpə uşaq olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub.
1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb. Xocalı faciəsi bəşəriyyətə və insanlığa qarşı ermənilərin törətdiyi cinayətdir. Salayev bu soyqırımı ermənilərin Rusiyanın əli ilə törətdiyini də vurğulayıb.
Sonra təşkilat sədrinin digər müavini Elçin Nuri Türkiyədə baş verən terror və bu olayların arxasında duran məkirli niyyətdən danışıb. Bildirib ki, Rusiyanın Suriyada etdiyi hərəkətlər, türkmanlara qarşı soyqrım siyasəti Türkiyəni sıxışdırmaq planının tərkib hissəsidir.
Təşkilat sədrinin müavini Valeh Babayev isə təşkilati məsələlər və qurultay hazırlıqları barədə məlumat verib.
Sonda təşkilati məsələlərə baxılıb və 21 nəfər VHP sıralarına üzv qəbul edilib.
İnterpress.az