İlhamə Quliyevanın sirli ölümü – evindən barmaq izləri götürüldübackend

İlhamə Quliyevanın sirli ölümü – evindən barmaq izləri götürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Teleaparıcı Elgiz Əkbər İlhamə Quliyevanın yanına jurnalistlərin buraxılmamasına etiraz edib: “Birinci dəfə görürəm ki, yas yerinə jurnalistlər buraxılmır, bu qədər polis var. Bu da bizdə şübhə doğurur. İnsan əcəli ilə ölübsə, imkan versinlər yanına gedək. İlhamə vəsiyyət edib. Deyib ki, anamın üzərinə salınan qırmızı yaylığı üstümə örtərsiniz və mümkünsə, məni tabutda basdırın”
İ. Quliyevanın dayısı oğlu, müğənni Əli Mirəliyev jurnalistlərə xalq artisti ilə bağlı açıqlama verib: “Dünən axşam saatlarında danışdıq, özünü yaxşı hiss edirdi. Səhər halı pisləşib, köməkçisinə deyib ki, həkim çağırsın. Daha sonra qızım zəng etdi ki, bibinin halı pisdir, bizi çağırır. O, sonuncu dəfə mənimlə qızımı görmək istəyib. Həkim gələnə kimi keçinib. Biz gələndə artıq rəhmətə getmişdi”.

Əli Mirəliyev sahə həkiminin xalq artistinin ölümünə dair yazdığı arayışı da jurnalistlərə təqdim edib. Müğənninin evinə girən aparıcı Lamiyə Ələkbərova isə bunları deyib: “Evdə əl izləri götürülür. Mən onun ölümünün səbəbləri barədə nəsə deyə bilmərəm. Bildiyimə görə ürəktutmasından ölüb. Yəqin polis geniş açıqlama verər. Yatağından heç qalxmayıb, artıq üzünü örtüblər. Son vəsiyyəti isə bu olub ki, üzərini qırmızı kəfənlə örtsünlər və tabutda anası Tükəzban İsmayılovanın yanında dəfn etsinlər. Mənim üçün çox çətindir. Gecə mənə zəng etdi. Dedi ki, Lamiyə, 8 martda verilişinə qonaq gəlmək istəyirəm, çoxlu güllər olacaq? Dedim ki, siz gəlin, hər şey olacaq. Son danışığımız bu oldu. Allah rəhmət etsin”.

Xalq artisti İlhamə Quliyevanının oğlu Orxan Nadirov mərhumun hüzr mərasiminə gəlmiş jurnalistlərə qarşı hörmətsizlik edib, onlarla aqressiv davranıb. Jurnalistlərə qışqıran O.Nadirov deyib: “Sizin öləniniz olub? Sizin keçirdiyiniz hisslərdən keçirirəm”. O bunu deyəndən sonra uzaqlaşıb. “İlhamə Quliyevanın nəşinin Pataloji Anatomiya Burosuna ekspertizaya gətirilməsinə səbəb onun keçmiş köməkçisi Mehriban Hüseynova tərəfindən zəhərlənməsi ilə bağlı verdiyi açıqlama olub”. Bunu jurnalistlərə İ.Quliyevanın qohumu, müğənni Əli Mirəliyev deyib.

O bildirib ki, ekspertiza İ.Quliyevanın ürək çatışmazlığından, yaxud zəhərlənmədən öldüyünə aydınlıq gətirəcək. Xalq artistinin rəfiqəsi, müğənni Firuzə İbadova mərhumun evinin qarşısında göz yaşı tökərək deyib: “Mənə çox pis təsir etdi. 45 il bacı kimi olmuşuq. İlhamə xanım gərək xeyli yaşayaydı. Azərbaycan incəsənətində yeri olan xanımdı. Onu tükətdilər. Allah rəhmət etsin”. Xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi fevralın 26-da saat 12.00-dan 14.00-dək Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək. Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, xalq artisti II Fəxri Xiyabanda, anası Tükəzban İsmayılovanın yanında dəfn ediləcək. Publika.az-ın əməkdaşının verdiyi məlumata görə, prokurorluq əməkdaşları xalq artıstinin evində zəruri istintaq hərəkətləri aparıblar. Hətta onun evindən əl izlərinin götürüldüyü də bildirilir. Bu isə hüquq-mühafizə orqanları əməkdaşlarının sui-qəsd versiyasını da araşdırdıqlarını sübut edir. Qeyd edək ki, İlhamə Quliyeva dəfələrlə ona qarşı sui-qəsd hazırlandığı və öldürülməsinə cəhd edildiyi barədə bəyanatlarla çıxış etmişdi. (musavat.com)

İnterpress.az