Ölkədə uşaqlar arasında kəskin virus infeksiyası yayılıbbackend

Ölkədə uşaqlar arasında kəskin virus infeksiyası yayılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir aya yaxındır ki, ölkə ərazisində kəskin virus yayılıb. Daha çox paytaxt Bakıda müşahidə olunan virusla bağlı orta məktəblərdə və bağçalarda yoxlama və dezinfeksiya işlərinin aparıldığı da bildirilir. Rəsmi olaraq problemin ciddiliyi açıqlanmasa da, uşaqlarda müşahidə olunan bu xəstəliyin ciddi ağırlaşmalar verdiyi vurğulanır.

“Sinifdə 24 uşaqdan 9-u bu gün dərsə gəlməyib. Hamısının yüksək qızdırması var, temperaturu aşağı salmaq mümkün olmur”,- deyə paytaxt məktəblərindən birində müəllimə işləyən Almaz xanım bildirib. Onun sözlərinə görə, xəstəlik hətta bir həftədən çox davam edir və məktəblilərin səhhətində problemlər yaradır. “Daha çox qusma ilə müşahidə olunur. Uşaqlar günlərlə halsız olurlar. Biz bütün uşaqlara dərsdə tibbi maska ilə oturmağı tövsiyə edirik. Həmçinin, tez-tez əllərini spirtlə silirlər. Sinif otaqları da dezinfeksiya edilir. Bu, əvvəlki illərdəki mövsümi viruslardan kəskindir”,- deyə müəllimə əlavə edib.

Qeyd edək ki, ölkədə donuz qripi şübhələri olsa da, Səhiyyə Nazirliyi bunu təkzib edir. Nazirlikdən bir müddət əvvəl bildirilib ki, Azərbaycanda laborator müayinələr aparılır. Ölkədə kəskin respirator viruslar aşkar olunur. Amma indiyədək ölkədə donuz qripi aşkarlanmayıb. Qeyd edək ki, virus uşaqlarla yanaşı, yaşlı insanlarda da tez-tez rast gəlinir.

Həkim Hüseyn Mehtiyev məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, sözügedən infeksiya ilə bağlı hər hansı ciddi laborator analiz, araşdırma aparılmayıb: “Son zamanlar insanlar, daha çox uşaqlar arasında virus, infeksiya yayılıb. Buna sadəcə virusdur deyib keçirlər. Amma tam müəyyən edilməyib. Nazirlikdən normal açıqlama verilmir ki, hansı virusdir, nədir. Ümumiyyətlə ,son zamanlar apardığımız müşahidə göstərir ki, bu virus uşaqlarda çox kəskin keçir. Qusma, işləmə, yüksək temperatur, baş ağrıları ilə müşayiət olunurş. Bu, günlərlə davam edir. Bəzən olur ki, burunda tutulmalar olmur, amma temperatur var, fasiləsiz qusmalar var. Uşaqlarda yüksək temperatur bəzən qıcolma halları ilə müşayiət edilir. Belə çox kəskin formada xəstəlik gedir.

Ümumi virus infeksiyası adı ilə adlandırılır. Evdə belə xəstələri saxlamaq olmaz, yubatmadan həkimə aparmaq lazımdır. Evdə müalicə cəhdləri xəstəliyi ağırlaşdıra bilər. Uşaq xəstələnibsə, dərhal həkimə müraciət etmək lazımdır. Xəstəlik günlərlə orqanizmdən çıxmır, orqanizmi həddindən artıq zəiflədir və ciddi fəsadlar verir. Virusun hansı növüdür, bilinmir. Bununla bağlı rəsmi qurumlar heç bir açıqlama vermirlər. Sözsüz ki, virus yoxlanmalıdır. İndiki çox həssas bir dövrdə, bir yandan qonşu ölkələrdə donuz qripi və sair virusların yayıldığı ərəfədə xəstəliklə bağlı şikayəti olan insanların hamısı ciddi şəkildə yoxlanılmalıdır. Bizdə çox zaman əksinədir, qorxulu virus olanda da açıqlamırlar, gizlədirlər. Ölüm halı olandan sonra bilinir ki, bu, təhlükəli imiş. Yenə deyirəm, evdə müalicə yolverilməzdir. Evdə müalicə olarsa, ağırlaşma halları qaçılmazdır. Xəstəliyin ciddiləşmə təhlükəsi var. Yaxşı olardı ki, Səhiyyə Nazirliyi, infeksiya şöbəsi mətbuata çıxıb normal məlumat versin. Bilək ki, Azərbaycanda son vaxtlar yayılan vurus nədir. Qorxuludur, ya yox?”.

Ölkənin baş pediatrı Nəsib Quliyev isə uşaqlar arasında yayılan bu xəstəliyin mövsümü xarakter daşıdığını bildirib. Onun sözlərinə görə, yayılan bu xəstəliklər kəskin respirator viruslardır.

Qeyd edək ki, xəstəlik çox zaman ilk olaraq boğazda qıcıqlanma, boğaz ağrısı, yüksək hərarətlə müşahidə edilir. Baş, boğaz ağrıları, öskürək, asqırma və titrətmə də əlamətlər sırasındadır. Həkimlər infeksiyanın qarşısını vaxtında almaq üçün ev şəraitində müalicəni məsləhət görmür. Bu, yuxarı tənəffüs yollarının epidemiyası kimi də qiymətləndirilir. Ekspertlər qripəbənzər kəskin respirator virus infeksiyası barədə rəsmi qurumların açıqlama yaymamasından narahatlıqlarını bildirirlər.

N.Quliyev isə qeyd edir ki, kəskin respirator virus xəstəliyinə yoluxmuş uşaqları özbaşına müalicə etmək düzgün deyil: “Uşaq yataq şəraitində olmalıdır. Həmçinin, temperaturunu diqqət mərkəzində saxlamaq vacibdir. Uşağa daim hərarətsalıcı dərmanlar vermək olmaz. Həkim məsləhəti olmalıdır”.

Ölkədə uşaqlar arasında kəskin virus infeksiyası yayılıb

İnterpress.az