Siyasi məhbus, yoxsa-MÜƏMMAbackend

Siyasi məhbus, yoxsa-MÜƏMMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyasi Məhbusların Monitorinq Mərkəzi Əfv Komissiyasına siyasi məhbuslarla bağlı yeni siyahı təqdim edib. Əvvəlkilərə nisbətən siyahıya əlavələr edilib. Mərkəz Azərbaycanda 107 nəfər siyasi məhbusun olduğunu açıqlayıb.

Qurumun rəhbəri Elşən Həsənov bildirib ki, 2015-ci ilin sonlarında vətəndaş cəmiyyəti fəallarının tərtib etdiyi vahid siyahıdakı 93 nəfərdən başqa siyahıya bir neçə nəfər də əlavə olunub.

Siyahıda diqqətçəkən məqamlardan biri də, Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Tale Bağırzadə başda olmaqla, 9 nəfərin adının da siyahıya əlavə edilməsidir. Bu isə, mərkəzin siyahısı ilə bağlı fikir ayrılığı yaradıb. Çünki Nardaran hadisələrində həbs edilənlərin siyasi olub-olmamaları ilə bağlı cəmiyyət arasında ikitirəlik yaranıb.

Qeyd edək ki, indiyə qədər siyasi məhbusların siyahıları ilə bağlı daim fikir ayrılığı yaranıb. Hüquq müdafiə təşkilatlarının siyahıları say baxımından bir-birilə ciddi şəkildə fərqlənib. Necə ki indiki kimi…

Hüquq müdafiəçisi Arzu Abdullayeva siyasi məhbusların iki kateqoriyaya bölündüyünü söylədi: “Biri var siyasi məhbus, biri də var ki, ehtimal olunan siyasi məhbus. Siyasi məhbusların siyahısından o fikir ortaya çıxmır ki, onların hamısı dərhal azad olunsun. Sadəcə, onlar barəsində geniş bilgi əldə olunur, istintaq və məhkəmə prosesləri analiz edilir.

Siyasi məhbus, yoxsa-MÜƏMMA

Hazırda siyasilərlə bağlı 2-3 siyahı mövcuddur. İslamçılar ayrı siyahıdadırlar. Siyasi motivlərlə həbs edilənlər artıq siyasi məhbus kimi tanınıblar. Nardaran hadisələri ilə bağlı həbs edilənlərin qəti şəkildə siyasi məhbus olmadığını demək çətindir. Çünki istintaq hərəkətlərindən xəbərsizik. Tələbimiz odur ki, istintaq və məhkəmə prosesi ədalətli aparılsın. İslamçıların istintaq hərəkətlərində ciddi qanun pozuntuları olub. Səid Dadaşzadənin işində 300-ə qədər anlaşılmazlıq var. Fikrimcə, Tale Bağırzadə siyasi məhbusdur. Bu şəxsə işgəncələr verilibsə, cinayəti olsa belə, düzgün hərəkət deyil. Ona işgəncə verənlər niyə həbs olunmurlar? Çünki onlar da cinayət törədirlər. Onların cinayəti ehtimal olunandan qat-qat ağırdır. Nardaran əhalisinə qarşı ədalətsizlik edildi. Qayda-qanunu belə formada yaratmaq olmazş. Hər kəs bilir ki, radikal islam şiə islamı deyil. Şiəlikdən ölkəmizə təhlükə yoxdur. Maraqlı qüvvələr var ki, bu işi törətdilər. Onlar ölkəmiz üçün işləmirlər”.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı 107 nəfər siyasi məhbusun mövcudluğundan xəbərsiz olduğunu qeyd etdi: “Bu qədər siyasi məhbusun olduğunu müzakirə etməmişik. Əvvəlcə 98 nəfərin adı siyahıya salınırdı. Sonradan onların arasından azadlığa çıxanlar oldu. İndiki siyahıya Nardaran hadisələri ilə bağlı həbs edilənlərdən 9 nəfərin adının salınması müəmmalıdır. Çünki heç bir hüquq müdafiəçisi hadisələr baş verərkən Nardaranda ola bilmədi. Hər kəs mətbuatdakı yazılar əsasında rəy bildirdi. Yanaşma tərzləri müxtəlif oldu. Tale Bağırzadə barəsində qəti fikir bildirmək qeyri-mümkündür. Hazırda istintaq hərəkətləri gedir. O, yalnız vəkili ilə görüşə bilir. Onun adının Əfv Komissiyasına təqdim olunmasına müsbət yanaşıram. Siyasi Məhbusların Monitorinq Mərkəzi hesab edirsə ki, Nardaranla bağlı həbs edilənlər siyasi məhbusdur, demək əsasları da var. Siyahı tərtib etmək əsas deyil. Əsas odur ki, faktlarla ictimaiyyətə informasiya vermək üçün sübutlar ortada olsun. Əgər siyasi məhbusun kateqoriyaları Tale Bağırzadə də varsa, mərkəz bunu sübut edəcəksə, demək o, siyasi məhbusdur”.

“Əfv Komissiyası yeni tərkibdə hələ ki, toplanmayıb. İlk iclasın vaxtı da bəlli deyil. Ancaq yaxın zamanlarda komissiya ilk iclasını keçirəcək. Bir neçə günə iclasın tam dəqiq vaxtı məlum olacaq”.

Bunu isə cebhe.info-ya açıqlamasında Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, Əfv Komissiyasının üzvü Mehti Mehtiyev deyib.

M.Mehtiyev qeyd edib ki, növbəti əfv siyahısında kimlərin adları olacağına ilk iclasda aydınlıq gətiriləcək: “Qarşıdan Novruz bayramı gəlir, çox güman ki o bayram ərəfəsində bu məsələlərə baxılacaq”.

İnterpress.az