İnterpress.az xəbər verir ki, bu haqda Modern.az saytına İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin vəfat etmiş sədri Elçin Behbudovun həyat yoldaşı Elmira Behbudova məlumat verib.
O qeyd edib ki, fevralın 25-nə təyin olunan məhkəmədə qarşı tərəf özü iştirak etməyib:
“İlkin Məmmədovun sədrliyi ilə keçirilən məhkəmədə Elşad Həmidovu bacısı təmsil edirdi. Bacısının isə bu işlə heç bir əlaqəsi yoxdur. Mənə maraqlıdır, bu insan özünü haqlı sayırsa, bəs niyə məhkəməyə gəlmədi?
Mən Elçin Behbudov vəfat edəndən sonra qanun-qayda üzrə sədr seçilmişəm. Amma Elşad Həmidov özünü qanunsuz sədr elan etdiyinə görə, iş hüquq müstəvisində həll ediləcək. Anlaya bilmirəm, iş məhkəmədədirsə, bu insan özünü necə sədr elan edir? Komitəyə sədrlik məhkəmə qərarına əsasən müəyyən olunacaq. Daha sonra Ədliyyə Nazirliyində təsdiq olunacaq”.
E.Behbudova bildirib ki, hazırda komitəyə aid bütün lazmı sənədlər ondadır:
“Ofisin açarı, möhürü, sənədlər məndədir və məhkəmə vaxtı hakimə təqdim etmişəm. Həmçinin, Elşad Həmidovun işdən xaric edilməsilə bağlı Elçin Behbudovun imzası olan qərarı da hakimə təqdim etdim. İfadəmdə də hər şeyi olduğu kimi izah etmişəm. Növbəti məhkəmədə sədrin kim olduğunun elan edilib-edilməyəcəyi bilinmir”.
E.Behbudova ötən il dekabrın 18-də İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin idarə heyətinin iclas keçirdiyini və iclasda onun sədr seçilməsi barədə qərar qəbul olunduğunu bildirib. Lakin komitənin üzvü olmuş Elşad Həmidov öz açıqlamasında idarə heyətinin iclasının keçirildiyini və özünün sədr seçildiyini iddia edib. Bundan sonra E.Behbudova məhkəməyə müraciət edib.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov ötən il noyabrın 14-də ürək tutmasından vəfat edib.
İnterpress.az