Bunu Türkiyədə İstanbul Texniki Universitetinin Təyyarə və Kosmik Elmlər fakültəsi Meteorologiya Mühəndisliyi kafedrasının müəllimi, professor Orxan Şən deyib. Onun sözlərinə görə, bu il yay aylarında havanın temperaturu əvvəlki illərə nisbətən 12-13 dərəcə daha yüksək olacaq. Türk alim yay aylarındakı qovurucu hava ilə bağlı xəbərdarlıq da edib.
“Sonuncu dəfə İstanbulda rekord isti 2000-ci ildə olub. O zaman temperatur 41,2 dərəcə idi. Bu il isə yazın artıq mülayim keçməsindən bəlli olur ki, yay aylarında temperatur 42, 43, bəzən isə 50 dərəcəyədək yüksələcək\”, – deyə professor bildirib.
Orxan Şən bu istilərin bəla gətirəcəyini qeyd edərək ötən il Pakistan, Hindistanda minlərlə insanın isti havanın qurbanı olduğunu xatırladıb:
“Ancaq fevral ayında temperatur ötən illərlə müqayisədə bir dərəcə artıb. Hələ ki, havalar bir az soyuq keçir, həftəsonu da soyuq olacaq. Amma bundan sonra qar yağmayacaq”.
Bəs bu yay Azərbaycanda havanın necə olacağı proqnozlaşdırılır? Türk alimin proqnozu ölkəmizdə də özünü doğrulda bilərmi? Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov daha öncə də 7 il quraqlığın hökm sürəcəyi barədə xəbərdarlıq etdiyini deyib: \”Artıq 3 il keçib və 4 il qalıb\”.
\”Ümumiyyətlə, bizdə hər il yay ayları isti keçir. Hətta yayda 45 dərəcə temperatur olduğu il də olub. Bu il ölkəmizdə qış o qədər də sərt keçmədi. Düzdür, soyuq oldu, dağlara da xeyli qar yağdı, amma paytaxtda bu, bir o qədər də müşahidə olunmadı. Bu da yayın isti olacağına işarədir\”, – mütəxəsis deyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən isə yayda havanın necə keçəcəyi haqqında hələlik proqnoz hazırlamadıqlarını, bunu may-iyun aylarında bildirə biləcəklərini dedilər.
Ümumiyyətlə, 2016-cı ildə qıtlıq, xəstəliklərin milyonlarla insana ziyan vuracağı iddia edilir. Bütün bunlara El- Nino cərəyanının təsiri səbəb olacaq. Cərəyan qlobal iqlimə olduqca böyük təsir göstərəcək. Qlobal istiləşməyə səbəb olan El-Nino 2015-ci ili tarixin ən qızmar ili kimi tarixə salmışdı. 2016-cı ildə isə onun təsirini daha da artıracağı proqnozlaşdırılır. El-Nino cərəyanı Sakit Okeanda yaranır, su səthinin isinməsi ilə özünü göstərir. Hər 3-7 ildən bir təkrarlanan El-Nino Sakit okeanın çox qızması nəticəsində yaranır. (anspress.az)
İnterpress.az