Sabunçuda böyük söküntü işlərinə başlanıldıbackend

Sabunçuda böyük söküntü işlərinə başlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda Sabunçu rayonu İcra Hakimiyyətinin Sabunçu qəsəbəsi üzrə nümayəndəsi məlumat verib. O qeyd edib ki, yaxın günlərdə söküntü daha da genişləndiriləcək:

“Sabunçuya girəcəkdəki zavodun söküntüsünə başlanılıb ki, onun arxasındakı Mənzil İstismar Sahəsinin balansındakı evlər də sökülsün.

Çünki, həmin evlərin çoxu uçub-dağılıb, qəzalı vəziyyətə düşüb, insanların yaşayışı üçün normal şərait yoxdur. Yaxın günlərdə həmin binaların söküntüsünə başlanacaq. Qeyd edim ki, burda söhbət fərdi evlərdən deyil, Mənzil İstismar Sahəsinin balansında olan, köhnə, 100 ildən artıq müddətdə istismarda olan binalardan gedir. Rayon ərazisində bu cür qəzalı vəziyyətdə olan 80-dən artıq bina var. Bu binalarda təxminən 2500-3000 mənzil var”. Qəsəbə rəsmisi deyib ki, sökülən evlərə görə əhaliyə kompensasiya verilməyəcək:

“Əhali tikinti aparan şirkət hesabına kirayəyə köçürüləcək. Bir il müddətində sökülən evlərin yerində yeni evlər tikilərək vətəndaşlara təhvil veriləcək.

Söküləcək evlərin yerində 5, 6, 7 hətta 12 mərtəbəli binalar olacaq. Məcburi köçkün ya da daimi sakin olmasından asılı olmayaraq heç kim tikinti müddətində evsiz qalmayacaq. Köhnə binaların mənzillərinin sahəsi kiçikdir. Məsələn, indiki halda 2 otaqlı mənzil 35-40 kvadratmetrdirsə, yeni binalarda 2 otaqlı mənzillərin sahəsi 25-35 faiz geniş olacaq. Vətəndaşlarla qarşılıqlı razılaşmaya gəlinib və hesab edirik ki, bu məsələdə heç bir narazılıq olmayacaq.

Qeyd edək ki, Azərbaycan hökuməti Bakının Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə qərar qəbul edib.

Qərara əsasən, Sabunçu rayonu ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 5 illik “Pilot layihə” həyata keçiriləcək.

“Pilot layihə” formatı Sabunçu rayonu ərazisindəki qanunsuz tikliləri əhatə etməyəcək. Layihə çərçivəsində şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının, habelə sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulmasını nəzərdə tutulur.

Qərara əsasən, Sabunçuda söküntü işlərini aparacaq tikinti şirkətləri öz vəsaitləri hesabına sökülən qəzalı tikililərin ərazisində yeni çoxmənzilli yaşayış binaları ucaltmalıdırlar.

Bundan başqa, hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələri mülki qanunvericiliyə əsasən sahiblərinin razılığı və haqqı ödənilməklə alınacaq.

Tikinti işlərini aparacaq şirkətlər sökülən qəzalı binaların sakinlərini yeni yaşayış binası tikilənədək kirayə mənzillərdə yerləşdirməli, işlər başa çatdıqdan sonra isə onlara yeni binalarda mənzil verməlidirlər. Baş nazir Artur Rasizadənin imzaladığı qərar artıq qüvvəyə minib. (modern.az)

İnterpress.az