Parlamentdə fikirlər HAÇALANDI: “Görmə deyirsən, görməyim”backend

Parlamentdə fikirlər HAÇALANDI: “Görmə deyirsən, görməyim”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Modern.az istinadan xəbər verir ki, adıçəkilən komitənin iclasında “Lisenziyalar və icazələr haqqında” qanunun müzakirəsi zamanı komitənin sədri ilə bəzi deputatlar arasında qanunun müəyyən hissələri ilə bağlı ciddi fikir ayrılıqları yaranıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə müzakirə olunan bu qanunun müəyyən hissələrinə tənqidi münasibət bildirən və onu qəbul etməyən həmkarlarının fikirləri ilə razılaşmayıb:

“Cənab prezidentin özü də lisenziyalarla bağlı fərman imzalayıb. Ona görə də biz bu gün mahiyyət etibarı ilə konseptual olaraq qanun qəbul edirik. Gəlin bu qanunun birdən birə məzmununu aşağı salmayaq. Cənab prezident artıq lisenziyalarla bağlı fərman imzalayıb, qanun da ikinci oxunuşdan keçib. Burada elə məsələlər var ki, artıq bunlar həll olunub .

Bu qanun layihəsi üzərində xarici mütəxəssislər də işləyib. Beynəlxalq təcrübədə də elə bir dövlət yoxdur ki, orada lisenziyalar haqqında qanun olmasın. Qlobal dünyada yaşayırıq, dünya iqtisadiyyatı şaxələnir. Amma biz hələ elmi texniki inkişafın yüksək səviyyəsinə çatmamışıq. Azərbaycan iqtisadiyyatının görün nə qədər sahəsi var. Məsələn, sabah kimsə deyəcək ki, mən silah istehsal etmək istəyirəm. Mən sahibkaram və bu slilahı satacam.

Bu belə ola bilməz axı. Hər şeyin həddi olmalıdır. Heç bir sahibkar 10 dənə lisenziya ilə işləmir. Başqa birisi çıxıb desin ki, mən kosmosa üçün aparat hazırlamaq istəyirəm və onu satacam. Hər sahəyə 1 və ya 2 lisenziya düşür. Baxın, tikintiyə aid olan nə qədər lisenziya azaldıldı. Mən Qazaxıstan , Türkmənistan, Belarusiyanın da bu sahədə olan qanunlıarına baxmışam. Düzdür, bəlkə də, lisenziya və icazə sözlərində nəsə dolaşıqlıqlar, anlaşılmazlıqlar ola bilər. Amma bu bir qanundur, millətin və sahibkarlığın inkişafına xidmət etmək üçün qəbul olunur”-deyə Ziyad Səmədzadə bildirib.

Komitə sədrinin fikirlərinə cavab olaraq Vahid Əhmədov bildirib ki, qanun layihəsinin ikinci oxunuşunda “icazələr” məsələsi yox idi : “Biz bu qanunun qəbul olunmasının əleyhinə deyilik və qanunun plenar iclasda da qəbul olunması üçün səsimizi verəcəyik. Sadəcə olaraq bu qanun layihəsinin ikinci oxunuşu zamanı və həmçinin cənab prezidentin də fərmanında “icazələr” sözü yox idi. Sadəcə olaraq siyahıda lisenziyalar və onların növləri var idi. Biz də ona baxmışdıq və heç bir etirazımız da yox idi. Amma bu gün bizə təqdim olunan qanun layihəsində isə 200 növ icazə var. Ona görə də biz narahat olduq. Bu qanun sahibkarlar, xalq və millətin gələcəyi üçün çox böyük əhəmiyyət daşıyır. Ona görə də biz istəyirik ki, həmin “icazələrə” baxaq. Burada qeyri adi nə var ki ? !…Amma qanunun qəbul edilməsinə razıyıq”.

Deputat Əli Məsimli isə öz növbəsində həmkarlarının haqlı narahatlığının və narazılığının əsas səbəblərini açıqlayıb: “Prezidentin artıq lisenziyalar haqqında çox mütərəqqi bir fərmanı var. Əgər bu qanun layihəsi normal formada tamamlansa və qəbul olunsa sözün həqiqi mənasında sahibkarlığın və ölkənin gələcəyinin inkişafına böyük yol açacaq.

Yox əgər belə olmasa, bu qanun prezidentin bu yaxınlarda lisenziyalar haqqında qəbul etdiyi fərmanını yüz faiz blokadaya alacaq, bloklaşdıracaq. Onun fəaliyyətinin genişlənməsinə imkan verməyəcək.

Ona görə də çalışmaq lazımdır ki, bu qanunla prezidentin fərmanı arasında əlqaləndirilmiş işlək bir hüquqi mexanizm yaransın. Biz qanunun əleyhinə deyilik, əksinə yaxşı bir formada qəbul olunaraq işləməsini istəyirik. Biz bu qanunun prezidentin fərmanını blokadaya almasını istəmədiyimizə görə bu kimi məsələləri qaldırırıq. Çünki qanunda açıq şəkildə lisenziyaların sayı çoxdur “.

Deputat İlham Əliyev də bildirib ki, qanun layihəsi xalqın və millətin mənafeyinə uyğun qəbul edilməlidir :

“Bu gün ümumiyyətlə tikitinin özündə heç bir lisenziyaya ehtiyac yoxdur. Kənddə kəndli daşı-daş üstünə qoyur və gəlib deyirlər ki, lisenziyası hanı ?…Lisenziyaların sayının azadılması məsələsinə bir daha baxılmalıdır. Biz sahibkarların qarşısından bu sədləri yığışdırmalıyıq.

Mən sizdən xahiş edirəm ki, icazələr məsələsinə tam obyektiv və ətraflı baxılsın. Çünki həqiqətən bu çox ciddi məsələdir. Bu qanun bir dəfə qəbul olunaraq uzun illər Azərbaycanda sahibkarlığa töhfə verməlidir. Bu qanuna məhz sahibkarların, xalqın və insanların mənafeyinə uyğun şəkildə baxılmalıdır “

Deputat Xanhüseyn Kazımlı isə ölkə prezidentinin sahibkarlara bu qədər dəstək olduğu halda nəyə görə bu qanunla lisenziyaların sayının artırılmasını anlamadığını bildirib :

“Eşitmə deyirsən qulağımı yumum eşitməyim, görmə deyirsən gözümü yumum görməyim, amma qanma deyirsən. Qanmamaq olmur axı…

Ona görə də mən hesab edirəm ki, işçi qurupu bəzi məsələrdə müsbət və mütərəqqi addımlar atıb. Amma qanunun müəyyən yerlərinə də açıq şəkildə göz yumulub. Bu günkü gündə lisenziyaların sayının artırılması gülüncdür. Bu gün cənab prezident sahibkarlığın inkişafına töfhə verən çox ciddi addımlar atır. Bəs axı biz bu qanunda lisenziyaların sayını artırmaqla nə demək istəyirik”.

İnterpress.az