Tərbiyəçi əlil körpələrin bağçasındakı yeyintilərdən baş prokurora şikayət etdibackend

Tərbiyəçi əlil körpələrin bağçasındakı yeyintilərdən baş prokurora şikayət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Eşitmə Qabiliyyəti Pozulmuş Uşaqların Respublika İxtisaslaşdırılmış körpələr evi-uşaq bağçasında tərbiyəçi Zərqələm Alıyeva ilə müdirə Sədaqət Cəfərova arasında qovğa yaşanır. Z.Alıyeva “Yeni Müsavat”a müraciət edərək bildirib ki, bağçadakı yeyintilərə etiraz etdiyinə görə müdirə onu təhqir edir, onun həyat yoldaşı küçədə qabağını kəsərək hədələyib:

“1985-ci ildən bu yana orada çalışıram. Bu müddət ərzində iş yoldaşlarım arasında hörmət və nüfuza malikəm. Sədaqət Cəfərova ötən ilin iyul ayından başlayaraq məni işdən çıxaracağı ilə hədələyərək dəfələrlə təhdid edib. Buna səbəb dəfələrlə bağçada uşaqların yeməklərinin keyfiyyətsiz verilməsinə, uşaqlara verilən yardımların bağçadan evə aparılmasına, uşaqların sokuna su qatılmasına, bağçaya verilən qurban ətini evinə aparmasına etiraz etməyimdir. Körpələrin yeməyini oğurlayıb aparır. Buna görə də körpələrin sokuna su qatıb o dərəcə keyfiyyətsiz hala salırlar ki… 16 iyul 2015-ci ildə məni hədələyərək bu işdən çəkilməyimi tələb etdi. Dedi ki, ”pulum çoxdur, get kimə şikayət edirsən et\”.

Məni o dərəcədə əsəbiləşdirdi ki, səhhətimdə problem yarandı, həkimə müraciət etməli oldum. Avqustun 26-da isə bağçada hər kəsin gözü önündə ünvanıma nalayiq təhqiredici söyüşlər işlətdi, bu işdən çəkinməyəcəyim təqdirdə çox pis nəticələrin olacağını bildirdi. Ünvanıma söylədiyi nalayiq söyüşlər, hədə-qorxular məni o dərəcədə gərginləşdirdi ki, özümə gəlməyim üçün xəstəxanadan həkimlər gəldi. Bu hal dəfələrlə təkrarlanıb\”.

Z.Alıyeva S.Cəfərovanın qanunsuz əməlləri barədə Bakı Şəhəri İcra Hakimiyyətinə də məlumat verdiyini, tədbir görülməsini xahiş etdiyini bildirib:

“Müraciətim baxılmamış qalıb. Əvəzində bu müraciətdən sonra bağça müdirəsinin mənə qarşı aqressiyası bir qədər də artıb. 2015-ci ilin sonlarında növbəti etrazımdan sonra qrup otağında yenicə sakitləşmişdim, bu zaman Sədaqət Cəfərovanın qışqırtı səsini eşitdim. Dəhlizə çıxdıqda müdirə məni küçə söyüşləri ilə təhqir etməyə başladı, üstümə gəldi. Şok vəziyyətində pəncərəni qapı bilib toxundum, şüşə sınaraq əlimi kəsdi. Özümdə olmadığımdan qışqıraraq yerə yıxıldım. Qolumda indiyə qədər göyərmə və ağrılar var.

Sağ əlimin aşağı hissəsində aldığım xəsarətin yeri bu günə qədər qalıb. Sədaqət Cəfərova məni və oğlanlarımı gecə ilə yox etdirəcəyini deyir. İş yerimdə rahat işləyə bilmirəm. Hər dəfə iş yerimdə məni təhqir edir, qəsdən müxtəlif sözlər atır, gülür və ”get kimə deyirsən de\” sözü ilə işdən çıxardacağı ilə hədələyir. Onun həyat yoldaşı Qabil işdən evə gedərkən qarşımı kəsərək şərəf və ləyaqətimi alçaldan sözlərlə təhqir edib. Məni yox edəcəyini bildirib. Bütün bunlar mənim hər zaman bağça uşaqlarını öz doğmam kimi sevməyim, dəfələrlə uşaqların yeməyinin az olmasını bildirməyim, uşaqların yeməyinin Sədaqət Cəfərovanın kürəkəni – hazırda cəzaçəkmə müəssisəsində olan Ramil Mirzəcanov üçün aparılmasına etiraz etdiyimə görə baş verir\”.

Z.Alıyeva bildirib ki, S.Cəfərova barəsində Nəsimi Rayon Polis İdarəsinin təhqiqat şöbəsində araşdırma aparılıb. Tərbiyəçi hesab edir ki, həmin araşdırma obyektiv olmayıb: “Çünki burada vəzifəli şəxsin dövlətin ayırdığı malları ələ keçirməsindən söhbət gedir. Məsələ birbaşa prokurorluq orqanına aid olduğu üçün Nəsimi RPİ-nin təhqiqatçısı Babək Mirzəyevdən toplanmış materialı prokurorluğa göndərməsini tələb etdim. 19 fevral 2015-ci ildə BŞBPİ-nin rəisi Mirqafar Seyidovun qəbuluna getdim. Bundan sonra BŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinin rəisi Nazim İsmayılov işin araşdırlmasını Təhqiqat İdarəsinin rəis müavini Emin Məmmədova həvalə etdi. Emin Məmmədov məni dinlədikdən sonra söylədi ki, Nəsimi RPİ-də toplanmış bütün material Bakı Şəhər Prokurorluğuna göndəriləcək”.

Z.Alıyeva baş prokuror Zakir Qaralova müraciət edərək məsələnin araşdırılmasını xahiş edir: “Azərbaycan vətəndaşı olaraq dövlətimə və dövlətimin qanunlarına inanıram. Bu cür qanunsuzluqlara yol verən, vəzifə səlahiyyətlərindən sui-istifadə edən, öz işçiləri ilə qul kimi davranan, rəhbərlik etdiyi müəssisəyə laqeyd yanaşan, eşitmə və nitq qüsurlu uşaqlara ögey münasibət bəsləyən bağça müdiri Sədaqət Cəfərovanın qanunsuz əməllərinə son qoyulması, işdən azad edilərək cinayət məhsuliyyətinə cəlb edilməsini xahiş edirəm”.
P.S. Məsələ ilə bağlı Sədaqət Cəfərovanın da mövqeyini dərc etməyə hazırıq. (musavat)

İnterpress.az