Sərəncamda bildirilir ki, təhsilin keyfiyyətini yüksəltmək üçün təhsil alanlar arasında rəqabət mühiti yaratmaq, onların tədris prosesində fəallığını artırmaq və təhsilə marağı stimullaşdırmaq məqsədilə \”Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında\” 2013-cü il 30 avqust tarixli sərəncamında dəyişikliklər edilib. Dəyişikliklər əsasən, orta ixtisas təhsili müəssisələrində akademik göstəriciləri 100 baldan 91 bal toplamış tələbələrə 50 manat, 71 bal toplayan tələbələrə – 40 manat, 51-100 bal toplayan tələbələrə isə 35 manat təqaüd verilməsi nəzərdə tutulub.
Lakin tələbələr iddia edirlər ki, sərəncamda nəzərdə tutulmuş bu sıralama yerinə yetirilmir. Belə ki, sərəncam qüvvəyə mindikdən sonra yalnız imtahanlarda yüksək bal toplamış və ilk 5-liyə düşən tələbə bu qiymətləndirmədən yararlana bilir.
İddiaların nə dərəcədə doğru olduğunu öyrənmək üçün Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla əlaqə saxladıq. C.Valehovun sözlərinə görə, qiymətləndirmə və təqüdlərin verilməsində heç bir yanlışlıq yoxdur: “İstər ödənişli, istərsə də ödənişsiz – dövlət hesabına oxuyan tələbələrə müəyyən edilmiş say limitində təqaüd verilir. Tutaq ki, Bakı Dövlət Universitetinin hüquq fakültəsində 50 nəfər tələbə dövlət sifarişi ilə təhsil alır. Və bu tələbələrin sayı qədər orada istər dövlət sifarişi ilə, istərsə də ödənişli əsaslarla oxuyan tələbələr bu semestrdan sonra onların imtahanlarda göstərdikləri nəticələrə uyğun olaraq, müəyyən edilmiş say qədər təqaüd ala bilərlər. Bu o deməkdir ki, əgər tələbə yüksək balla dövlət sifarişi ilə universitetə qəbul olunub, lakin imtahanlarda aşağı nəticə göstərib. Belə olan halda təqaüd ona deyil, universitetə daha aşağı balla qəbul olan tələbəyə verilir. Bu saysız-hesabsız təqaüd deyil ki, hamıya şamil edilsin. Burada söhbət ondan gedir ki, bir ixtisasda 50 tələbə varsa, o 50 tələbənin sayı qədər təqaüd ala biləcəklər. Lakin onların sayı 70 nəfər olduqda, artıq burada onlar imtahanlarda göstərdikləri ballara görə təqaüd ala biləcəklər.” (musavat)
İniterpress.az