Fazil Mustafa: “Onlar prezidentlə təmasdadırlar, deməlidirlər ki, bu binanı sökmək yanlışdır”backend

Fazil Mustafa: “Onlar prezidentlə təmasdadırlar, deməlidirlər ki, bu binanı sökmək yanlışdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bu fikirləri “Yeni Müsavat”a “Sovetski” məhəlləsində yerləşən tarixi abidələrin, həmçinin Azərbaycanın böyük sənətkarı Abbas Mirzə Şərifzadəyə məxsus, 1910-cu ildə tikilmiş üç mərtəbəli evin sökülməsi ilə bağlı danışarkən deyib.

Xatırladaq ki, F.Mustafa Milli Məclisin ötən iclaslarından birində A.M.Şərifzadənin tarixi abidə olan evinin qorunub-saxlanması üçün Milli Məclisdəki çıxışında parlament rəhbərliyindən də kömək istəmişdi.

Ancaq əməkdaşımıza bəlli olub ki, elə həmin çıxışın səhəri günü hökumət nümayəndələri Mirzəağa Əliyev küçəsi, 115-də yerləşən Abbas Mirzə Şərifzadənin evinə baxış keçiriblər. Həmin baxışdan sonra isə evin giriş hissəsinin divarına vurulmuş “Azərbaycan teatrının görməkmi xadimi Abbas – Mirzə Şərifzadə bu evdə yaşamışdır 1893-1944\” yazılan lövhə yoxa çıxıb (Yeri gəlmişkən, aktyorun ölüm tarixi lövhədə səhv yazılıb. O, 1938-ci ilin 16 noyabrında pantürkizmdə ittiham edilərək güllələnib – E.P.) Sakinlər bunu məhz söküntü işlərinə başlanılmasının hazırlığı kimi qiymətləndirir. Onların dediyinə görə, tarixi abidələrin sökülməsi adətən, belə başlanır.

Fazil Mustafa məsələ ilə bağlı prezidentə müraciət etməyə lüzum görmür: “Hər şeyə görə prezidentə müraciət etmirlər ki. Ölkədə ən azı azacıq vicdanı olan, tarixə hörmət edən, bu abidələrin dəyərini bilən insanlar öz-özülüyündən olmalıdır. Onlar prezidentlə təmasdadırlar, deməlidirlər ki, bu binanı sökmək yanlışdır. Prezidentdən olsa, o, bu cür binaların sökülməsinin qarşısını özü də alır, bir çox məsələlərə müdaxilə edir. Ancaq ona kimsə deməlidir. Deyənlər də gedib elə qələmə verirlər ki, bina uçur, daha artıq gecdir. Beləcə də davam edir, sökürlər”.

Qeyd edək ki, “Sovetski”nin söküntü aparılan ərazisində köçürülməmiş 700-ə yaxın mənzil qalıb. Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyasının sədri Səməd İslamov mətbuata deyib ki, bu ərazidə 171 tarixi abidə var. Bunların 76-sı Nazirlər Kabinetinin və Mədəniyyət Nazirliyinin ttp://mct.gov.az/ qərarı ilə tarixi əhəmiyyətə malik olmadığından söküləcək. Hazırda daha 8 tarixi bina, o cümlədən Mirzəağa Əliyev, 115-də yerləşən Abbas Mirzə Şərifzadənin evi ilə bağlı Elmlər Akademiyası və Mədəniyyət Nazirliyi tərəfindən araşdırma aparılır. Onların gəldikləri qərardan sonra bəlli olacaq ki, həmin binalar da sökülsün, ya yox. Ola bilsin ki, müvafiq qurumlar daha asan qərarı versinlər, abidənin təmirindənsə, yer üzündən silinməsi barədə “yekdil” rəyə gəlsinlər. Gecənin bir aləmində belə tarixi abidələrin sökülməsini isə çox görmüşük. Sonra gec ola bilər… Böyük sənətkarların, Azərbaycanın ilk kinorejissorlarından biri, əməkdar artist Abbas Mirzə Şərifzadə, onun həyat yoldaşı, SSRİ xalq artisti Mərziyə Davudova və qızı, Azərbaycanın xalq artisti Firəngiz Şərifovanın ruhları dolaşan bu tarixi ev sökülərsə, bizi nə onların ruhu, nə də tarix bağışlamaz.

Yeri gəlmişkən, 22 mart A.M.Şərifzadənin doğum günüdür. Normalda o ev əsaslı təmir olunmalı, doğum günündə ev muzeyi kimi xalqın ixtiyarına verilməliydi, yoxsa sökülməsi məsələsi müzakirə predmetinə çevrilməməliydi. Elə Avroviziya mahnı müsabiqəsinin 2011-ci ildəki qalibi Eldar Qasımov da ölkə rəhbərliyinə müraciət edib ulu babasının mülkinin qorunub-saxlanmasını xahiş edə bilər. Ancaq bu ev dövlətin və xalqındır, bir ailənin deyil təbii ki. Əksəriyyət hesab edir ki, bu gün ümid yenə də ölkə prezidentinə qalıb.

Dövlət başçısı məsələdən xəbərdar olub qərarını verərsə, şübhəsiz ki, heç bir məmur “dövlət əhəmiyyəti” naminə həmin abidəni sökməyə cəsarət etməyəcək. Bəlkə də teatr xadimlərinin ölkə rəhbərliyinə müraciət etməsi lazımdır. Elə evin beş addımlığında yerləşən Akademik Dram Teatrın rəhbərliyinin və kollektivinin də. Nədən olmasın?

İnterpress.az