FED FAİZİ ARTIRSA DOLLAR BAHALAŞA, NEFT İSƏ UCUZLAŞA BİLƏR
İnterpress.az \”Marja\” ya istinadən xəbər verir ki, birinci sürpriz Dollar ilə bağlıdır. 16-17 Mart tarixlərində ABŞ Mərkəzi Bankı Fed-in toplantısı keçiriləcəkdir. Toplantıda faiz dərəcələrinin artırılıb-artırılmayacağı müzakirə ediləcəkdir. ABŞ iqtisadiyyatının artım sürətinin yüksəlməsi, ölkədə məşğulluğun artması ABŞ Mərkəzi Bankına faizləri qaldırmaq üçün əsas verir. Lakin qlobal iqtisadiyyatın, o cümlədən Çin iqtisadiyyatının ləngiməsi, ABŞ-da inflyasiyanın aşağı yanacaq qiymətlərinə görə yüksəlməməsi və birjalardakı azalmalar Fed-in faiz artırmasını təxirə sala bilər.
Əgər Fed Martda sürpriz bir qərarla faizləri artırarsa Dolların bahalaşacağı, neftin isə ucuzlaşacağı gözlənilir. Fed faiz artırmağı təxirə salarsa, yəni faizlər sabit qalarsa, dollar ucuzlaşacaq, neft qiymətləri isə qalxacaqdır.
Ekspertlər, analitiklər və treyderlər Fed-in Martda faiz artıracağını gözləmirlər. Onlar hesab edirlər ki, Fed faizləri İyun ayındakı toplantısında artıracaqdır.
İRİ NEFT İSTEHSALÇILARI GÖRÜŞƏCƏK
İkinci bir sürpriz neft ilə bağlı ola bilər. Yayılan məlumata görə, 20 Martda Rusiyada OPEC ölkələri və digər neft istehsalçılarının toplantısı keçiriləcəkdir. İlkin məlumata görə, neft istehsal edən ölkələr qiymətləri 50 dollara qaldırmaq üçün hasilatın məhdudlaşdırılmasını müzakirə edəcəklər. Əgər toplantıda razılaşma əldə olunarsa, neftin qiymətinin yüksələcəyi gözlənilir, bu da Azərbaycan üçün xoş bir xəbər ola bilər. Yox əgər, toplantıda razılaşma əldə olunmasa, neftin qiyməti yenidən sürətlə aşağı düşə bilər.
Qısası, Fed-in faizləri qaldırması və neft istehsalçılarının razılaşmaması Azərbaycan üçün pis, Fed-in faizlərə toxunmaması və iri neft istehsalçılarının razılaşması Azərbaycan üçün yaxşı xəbər ola bilər.
Ümid edirik ki, Fed Martda faizləri artırmayacaq və iri neft istehsalçıları hasilatı “dondurmaq” barədə razılığa gələcəklər.
İnterpress.az