İsveçlilər bir neçə il öncə ölkəmizdə çalışmış 43 yaşlı türk mütəxəssisi 1500 metr məsafəyə qaçışda dünya və Avropa çempionu Abebu Areqavinin dopinqlə təchizatında ittiham edirlər. Bu günlərdə İsveçin Rio Olimpiadasındakı əsas ümidlərindən biri olan bu atletin qanında qadağan olunmuş maddə sayılan mildronat aşkar olunub.
İsveç bayrağı altında çıxış edən 25 yaşlı Efiopiya əsilli idmançı qız İsveç yüngül atletika federasiyası tərəfindən bütün yarışlarda iştirakdan kənarlaşdırılıb. Əgər “B” dopinq-testi də müsbət nəticə verərsə, onu idmandan 8 illik kənarlaşdırılma cəzası gözləyə bilər.
Əllərində bunun üçün əsas olan isveçlilər hesab edirlər ki, dünya çempionuna mildronatı Metin Sazak “yedirirmiş”. İsveçin “Expressen” nəşri yazır ki, türk qadağan olunmuş bu maddənin bir dozasını 7600 İsveç kronuna, başqa sözlə, 810 avroya satırmış.
Efiopiyanın özündə də Metin Sazakı axtarırlar. Çünki bu ölkənin də 3 idmançısı eyni maddədən istifadə etməkdə günahlandırılıb. Həbəşlərin fikrincə, burada da məsələnin arxasında Metin Sazak durur.
Bəs bu türk kimdir? Sazak əvvəllər uzun məsafələrə qaçışda ixtisaslaşmış atlet olub, karyerasını başa vurduqdan sonra isə məşqçi kimi Türkiyədə və Azərbaycanda çalışıb. Efiopiya ilə də yaxşı əlaqələri olub.
Metin Sazakın “Facebook” sosial şəbəkəsindəki səhifəsində qeyd olunanlara inansaq, hazırda o… Minskdə yaşayır. Onunla bağlı bu da məlumdur ki, Sazak dağ idmanı üzrə dəfələrlə Avropa çempionu Ahmet Arslanın məşqçisidir.
Azərbaycanda isə Sazak bir neçə il əvvəl işləyib. Onun bilavasitə iştirakı ilə 2009-cu ildə beş efiopiyalı idmançı Azərbaycana dəvət olunub və onlara bizim ölkənin vətəndaşlığı verilib. Azərbaycan pasportlarında onların həbəş soyadları azərbaycanlılaşdırılıb. Məsələn, Hayle Desta Haqos – Hayle İbrahimov, Cenbete Tilahun Vorku – Tilahun Əliyev, Abelav Layeş Tige – Layeş Abdulayeva, Gemeqa Gezasin Hunduma – Gezasin Səfərova, Xurssa Mare Dibaba isə Mare İbrahimova olublar.
İndi bu beşlikdən yalnız Hayle İbrahimov milli komandamızın tərkibində çıxış edir. İnanmaq istərdik ki. onun dopinqlə əlaqədar heç bir problemi olmayacaq və ölkəmizi yayda Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarında təmsil edə biləcək. (virtualaz.org)
İnterpress.az