İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı Biznes Mərkəzində Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 7-ci iclası keçirilib.
Birgə Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi xanım Liviya Leunun rəhbərlik etdikləri iclasda hər iki ölkənin komissiyada təmsil olunan müvafiq qurumlarının rəsmiləri və tanınmış şirkətlərin nümayəndələri iştirak edib.
İclasda çıxış edən Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və İsveçrə arasında əlaqələrin inkişaf etdiyini, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin xüsusi rolunu vurğulayıb. Bildirilib ki, İsveçrə tərəfindən Azərbaycan iqtisadiyyatına 220 milyon dollar investisiya yatırılıb. Azərbaycan da İsveçrəyə sərmayə qoyub. Hazırda İsveçrədə SOCAR brendi ilə 148 yanacaqdoldurma stansiyası fəaliyyət göstərir.
Azərbaycanda 65 İsveçrə şirkətinin fəaliyyət göstərdiyini qeyd edən Şahin Mustafayev İsveçrənin “Holcim” şirkətinin Azərbaycanın qeyri-neft sektorunda ən iri və uğurlu layihələrdən birini həyata keçirdiyini vurğulayıb. Azərbaycan İsveçrənin “Stadler Rail Group” şirkəti ilə səmərəli əməkdaşlıq edir, Bakı-Sumqayıt istiqamətində bu şirkətin qatarlarından istifadə olunur. İsveçrənin “AXPO” şirkəti TAP layihəsində 5 faizlik paya malikdir və “Şahdəniz” yatağının 2-ci mərhələsi üzrə qazın alıcısıdır.
Bundan başqa, İsveçrənin “ABB Global Marketing FZ-LLC” və “Trub Trading International AG” şirkətləri ilə də uğurlu əməkdaşlıq həyata keçirilir. Azərbaycan və İsveçrə arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət dövriyyəsinin həcmi 2016-cı ilin yanvarında 2 dəfə artıb.
İsveçrə hökuməti tərəfindən indiyədək Azərbaycanda 90 milyon dollar dəyərində 30-dan çox layihə icra olunub ki, bunun 25-i SECO tərəfindən maliyyələşdirilib.
Hazırda 8 layihənin icrası davam etdirilir. Bu layihələrdən biznes mühitinin yaxşılaşdırılması ilə bağlı layihə xüsusilə qeyd edilməlidir.(modern.az)
İnterpress.az