13 il həbs cəzası alan zabitin xanımının müraciəti yayıldıbackend

13 il həbs cəzası alan zabitin xanımının müraciəti yayıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabiq müdafiə nazirinin müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ HHMQ) keçmiş komandanı, general-leytenant Rail Rzayev qətlə yetirilməzdən öncə işçisi Pərviz Həmidovun itkin düşməsi haqda yazmışdıq. Məlum olduğu kimi, Rail Rzayev 2009-cu il fevralın 11-də Bakının mərkəzində başına yaxın məsafədən açılan atəşlə öldürülüb. Bu qətldən 9 gün əvvəl isə R.Rzayevin işçisi Pərviz Zakir oğlu Həmidov növbədən çıxıb evə gedərkən itkin düşüb.

5 günlük axtarışlardan sonra məlum olub ki, P.Həmidov MTN təcridxanasındadır. Sonradan onu 13 illik həbsə məhkum ediblər.

Hazırda Qobustan həbsxanasında saxlanılan P.Həmidovun həyat yoldaşı Aynurə Həmidova prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova, Ali Məhkəmənin sədri Ramiz Rzayevə və Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədova məktubla müraciət edib. Surəti redaksiyamıza təqdim olunan müraciətdə A.Həmidova yazır: “Həyat yoldaşım 28 yanvar 2009-cu ildə səhər xidmət etdiyi Müdafiə Nazirliyinin ”N\” saylı hərbi hissəsindən növbəni təhvil verib evə gələn zaman “İçərişəhər” metro stansiyasının yanındakı keçiddə Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin əməkdaşları Elnur Hikmət oğlu Cəfərov, Hikmət Qüdrət oğlu Hacıyev və Elman Tahirov tərəfindən oğurlanaraq həmin idarəyə aparılıb.
İdarədə gecə yarısına kimi ac-susuz saxlanılıb, ağır təhqirlərə, işgəncələrə, fiziki və psixi zorakılığa məruz qalıb. İdarənin əməkdaşları tərəfindən vəhşicəsinə döyülüb və zabit şərəfi alçaldılıb. Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin yuxarıda adıçəkilən əməkdaşları həyat yoldaşımın Qəbələ RLS-də xidmət edən rus xüsusi-xidmət orqanları ilə əməkdaşlıq etməsini zorla onun boynuna qoymaq istəyiblər.
Həyat yoldaşım onlara bildirib ki, 2001-2005-ci illərdə Qəbələ RLS-də onun kursant yoldaşı Polad Qasımov xidmət edib və yalnız onunla telefon əlaqəsi olub. Sonralar isə bəlli olub ki, Polad Qasımov rus ordusundan tərxis olunaraq doğulduğu Bakı şəhərinə qayıdıb, Bakı şəhərindəki “SİNAB” şirkətində aparıcı menecer vəzifəsində işləyib\”.

A.Həmidova yazır ki, həyat yoldaşının kursant yoldaşının yaxşı gəliri olması onu MTN-çilərin diqqət mərkəzinə gətirib: “Yaxşı gəliri olan Polad Qasımov MTN-in əməkdaşlarının diqqətini cəlb edib və ondan pul tələb ediblər. Əkstəqdirdə, onu şərləyib həbs edəcəkləri ilə hədələyiblər. Polad Qasımov isə ”mən Rusiya vətəndaşıyam, siz mənə heç nə edə bilməzsiniz!\” söyləyib. Ondan sonra isə həyat yoldaşım mayor Pərviz Həmidova zorla və psixi təzyiqlə yazdırdıqları saxta izahatlar əsasında Polad Qasımovu səhər evindən çıxıb işə getdiyi zaman başına torba keçirərək MTN əməkdaşları həbs ediblər\”.

A.Qasımova yazır ki, həyat yoldaşı həmin gün gecəyarısı evə gəlib: “28 yanvarda həyat yoldaşım Pərviz gecə 1 radələrində evə gəlib çıxdı. Sonrakı günlərdə növbədə olmasa da, fevralın 2-nə kimi hər gün hərbi hissəyə gedib və hərbi hissənin xüsusi şöbəsinin əməkdaşı Elnur Cəfərov tərəfindən Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinə gətirilib. Pərviz Həmidov ona qarşı edilən bu cinayətkar hərəkətlər barədə öz qardaşlarına və mənə məlumat verməmişdi. Hər gün hərbi hissəyə getməyinin hərbi hissədə işin çoxluğu ilə əlaqədar olduğunu demişdi. Ona qarşı edilən bu özbaşınalıqlar barədə bizə və ailəsinə məlumat verməməsinin səbəbi HƏKBİ-nin yuxarıda adıçəkilən əməkdaşları tərəfindən onu və ailəsini fiziki cəhətdən məhv edəcəkləri qardaşlarını və digər yaxın qohumlarını cinayət məsuliyyətinə cəlb etdirib həbs edləcəkləri, qoca və yaşlı atasına və anasına belə rəhm olunmayacağı ilə hədələnməsi olub. Sonradan bildik ki, yanvarın 28-dən fevralın 2-nə kimi həyat yoldaşım hər gün səhərdən axşama kimi Hərbi Əks-Kəşfiyyat Baş İdarəsində qanunsuz saxlanılıb, dindirilib, fiziki və psixi zorakılığa, amansız işgəncələrə məruz qalıb, döyülüb və təhqir olunub. Ona verilən işgəncələr, fiziki zorakılıqlar zamanı Pərviz Həmidov başından, kürək və boyun nayihəsindən, hər iki qolunun bazu hissəsindən, bud və baldır nayihələrindən, hər iki dizindən, hər iki qolunun dirsəyindən xəsarətlər alıb. Onun bədənində olan xəsarətləri görmüşdüm. Bu barədə soruşanda isə Pərviz hərbi hissədə iş görən zaman xəsarət aldığını demişdi”.

A.Həmidova prezidentə müraciətində yazır ki, Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin əməkdaşları həyat yoldaşını və yaxınlarını işgəncələrə məruz qoyacaqlarını bildirdikdən sonradan o, yalan ifadələrini ibtidai istintaq zamanı təsdiqləməli olub: “İfadəsini dəyişərsə, yenidən bu cür amansız rəftara, əzab və işgəncələrə məruz qalacağından qorxduğu üçün yalan və saxta izahatını dəyişməyərək ona uyğun ifadələr verib və Polad Qasımovla üzləşən zaman da verdiyi saxta, yalan ifadələrini təsdiq edib. Həyat yoldaşım ona ittiham elan edilən CM-in 274-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməyib. Həmin bu maddə ilə ona verilən 13 illik ittiham tam qanunsuz və əsassızdır. Bu gün də o, tam qanunsuz olaraq həbsdə saxlanılır”.

İnterpress.az