Fəlsəfə doktorundan akademik Ramiz Mehdiyeva ilginc müraciət…backend

Fəlsəfə doktorundan akademik Ramiz Mehdiyeva ilginc müraciət…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AMEA Fəlsəfə və Hüququ İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, təhsil eksperti Etibar Əliyev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə müraciət edib:

“Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının prezidenti, akademik Ramiz Mehdiyevə

Açıq məktub

Hörmətli Ramiz müəllim!

Bu məktubu Sizə yazmaqda əsas məqsədim Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutundakı özbaşınalıqlar və dövlətin elm siyasətinin əleyhinə aparılan işləri diqqətinizə çatdırmaqdan ibarətdir. Biz alimlər çox gözəl bilirik ki, Siz elmdə söz sahibisiniz və daim bu sahəyə diqqət göstərirsiniz. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin AMEA-nın 70 illik yubileyindəki tarixi çıxışı elm tariximizdə yeni səhifələr açdı: Prezident çıxışında AMEA-nın 70 ildə böyük və uğurlu yol keçdiyini dedi: “Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin intellektual potensialının möhkəmlənməsinə çox dəyərli töhfələr vermişdir. Kadr hazırlığı işinə də dəyərli töhfələr vermişdir. Bu gün də Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin ümumi inkişafında fəal rol oynayır, alimlər öz elmi araşdırmalarını apararaq ölkəmizin gələcək inkişaf dinamikasını sürətləndirirlər”.

Prezidentin proqram xarakterli geniş nitqində Akademiyaya verilən dəyər alimlərimizi ruhlandırmışdır. Düşünürəm ki, bizim hamımız şərəfli tarixi yol keçmiş bu elm mərkəzinin çiçəklənməsi üçün əlimizdən gələni əsirgəməməliyik.

Hörmətli Ramiz müəllim!

Fəlsəfə doktorundan akademik Ramiz Mehdiyeva ilginc müraciət...

Bütün bunlara baxmayaraq AMEA-nın əsas institutlarından biri sayılan Fəlsəfə və Hüquq İnstitutunda baş alıb gedən anarxiya, bu institutda çalışan alimlərdə pessimist ovqat yaradır. İnstitutun direktoru İlham Məmmədzadənin yarıtmaz idarəçiliyi, onun dövlətin qanunlarına sayğısızlığı elmi mühiti darmadağın edib. İnstituta aparıcı elmi işçi vəzifəsinə təyin olunmuş qaranlıq keçmişə malik olan Xaliq Əhmədzadə adlı birisi direktorun səlahiyyətlərini mənimsəyib. Daha doğrusu direktor bir sıra mühüm səlahiyyətlərini hansısa səbəblərdən etibarnamə ilə ona həvalə edib. Bu addım insanları şoka salıb. Düşüncə və təfəkkür qurumunda ikihakimiyyətlilik və xaos hökm sürür. Belə şəraitdə hansı fəlsəfi mühakimələr yürütmək, elmi işlə məşğul olmaq mümkündür?

Xaliq Əhmədzadə İnşaat Mühəndislər İnstitutunun məzunu olsa da hər yerdə özünü hüquq elmləri doktoru kimi təqdim edir. Səhih məlumata görə, onun hüquq sahəsində elmlər doktoru diplomu yoxdur. Texnika üzrə fəlsəfə doktoru Fəlsəfə və Hüquq İnstitutuna direktorun əmri ilə aparıcı elmi işçi vəzifəsinə təyin olunub. X.Əhmədzadə müxtəlif orqanların əməkdaşı kimi özünü təqdim etməklə alimləri təhdid altında saxlayır, onları təhqir etməkdən çəkinmir. “Qandalladaram”, “ömürlük həbsə ataram”, “döyüb maşına basaram” ifadələri bu adamın gündəlik leksikonuna daxil olan ifadələrdir. Hamını dəhşət bürüyüb. O, direktorun otağında istədiyi vaxt iclaslar çağırır, institutda keçirilən seminarlara və dissertasiya müdafiələrinə yersiz müdaxilələr edir. 15-20 nəfərin bir otaqda əyləşdiyi vaxtda ona 2 otaq verilib. Əhmədzadə deyir ki, otaqları ona dövlət verib. Addımbaşı dövlətin böyük vəzifələr tutan şəxslərinin, Akademiyanın prezidenti Akif Əlizadənin, vitse-prezident İsa Həbibbəylinin adından sui-istifadə olunur. İnstitutda davasız-şavasız keçən iclasları barmaqla saymaq olar. Hətta onun Xocalı faciəsi ilə bağlı keçirilən tədbirdə aranı qatması, insanların heysiyyatına toxunması nəticəsində düşən davaya polis çağırılıb.

Fəlsəfə doktorundan akademik Ramiz Mehdiyeva ilginc müraciət...

Xaliq Əhmədzadə postsovet məkanında və Azərbaycanın hüdudlarından kənarda tədqiqatları ilə yaxşı tanınan 20-ə yaxın ABŞ universiteti kitabxanasının və Konqresin kataloquna əsərləri daxil edilmiş “Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı”nın ekspertlər Şurasının üzvü Adıgözəl Məmmədovun kitabının 200 səhifəsini köçürərək, öz adına çıxmış və həmin materialı doktorluq monoqrafiyası şəklinə salmışdır. Müəllif Hüquqları Agentliyi də bu plagiatlığı təsdiq etmişdir.

Hörmətli Ramiz müəllim!

Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşməsi istiqamətində ciddi işlər aparılır. Dövlətin idarəçilik fəlsəfəsindən kənara çıxan məmurların cəzalandırılması ictimaiyyət tərəfindən daima alqışlanıb. Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş “İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu” Azərbaycan Respublikası vətəndaşlarının dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. İctimai iştirakçılığın ictimai şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi kimi formaları vardır. Qanunun qəbul olunmasından 2 ildən çox vaxt ötməsinə baxmayaraq Fəlsəfə və Hüquq İnstitutunda ictimai iştirakçılığın heç bir forması təsis edilməmişdir. Əvəzində bir qrupun timsalında xəfiyyə “şəbəkəsi” yaradılmışdır. Bu onu göstərir ki, institut rəhbərliyi ölkə qanunlarına həm şəxsi, həm də ictimai mənada sayğısızlıq göstərir. İnstitutda baş alıb gedən deqradasiya alimlərin böyük əksəriyyəti kimi məni də narahat etdiyindən, sosial şəbəkələrdə “Fəlsəfə və Hüquq İnstitutunu necə xilas etmək olar?” başlıqlı məqalə ilə çıxış etdim.

Hörmətli Ramiz müəllim!

Məqalədə Xaliq Əhmədzadənin saytların birinə verdiyi müsahibəsində ölkə başçısı haqqında işlətdiyi ifadələrə görə onu qınamışam. Həmin ifadələr bunlardır: “Otağıma öz şəklimi vurmağımla bağlı səslənən fikir də tamamilə yalandır. Mənim bir otağımda ölkə prezidenti, şəxsiyyətinə böyük hörmət etdiyim, öz balalarım qədər sevdiyim İlham Əliyevin şəkli asılıb. Onu da vəzifəsinə görə sevmirəm. Şəxsiyyətini yaxından tanıyıram, məni və qardaşlarımı yaxşı tanıyır. Ölkə prezidentinin özünə də dəfələrlə demişəm ki, onun şəxsiyyətinə çox böyük hörmətim var”. Ölkə başçısı haqqında bu ifadələrə mənim münasibətimdən sonra Xaliq Əhmədzadə səlahiyyətlərini mənimsəmiş direktor İlham Məmmədzadə ilə məni təhdid etməyə başladı. Yazıma görə mənə olan təhqirlər və hədələr o səviyyəyə çatıb ki, artıq mən hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalmışam. Sual olunur, ölkə başçısının adından sui-istifadə etmək, özünü onun yaxın adamı kimi qələmə vermək, tez-tez onunla görüşüb söhbət etməyinə işarə vurmaq onunla hesablaşmaq məqsədi güdmürmü? Belə ədəbsizliyə və dövlət idarəçiliyində anarxiya yaratmaq kimi hərəkətlərə qarşı çıxmaq nə vaxtdan qəbahət sayılır? Məmmədzadə və Əhmədzadə cütlüyü öz şəxsi ambisiyalarını həyata keçirmək üçün yalançı dövlətçilik “təəssübkeşliyi” nümayiş etdirir, bundan istifadə edib, insanlar arasında dəhşətli ayrı-seçkilik toxumu səpirlər. Onların institutda yaratdıqları qruplaşma necə deyərlər qaşınmayan yerdən qan çıxarır. Alimlər arasında qovğa və narazılıq yaradırlar. Biz institutda islahatların aparılmasının əleyhinə deyilik. Əksinə, istəyirik ki, islahatlar aparılsın. Bu proses sırf dövlətçilik təfəkkürünə söykənməklə, elmi meyarlar çərçivəsində həyata keçirilməlidir.

Hörmətli Ramiz müəllim!

2012-ci ildə AMEA-nın qonağı olan kimya üzrə Nobel mükafatı laureatı Əhməd Zevayl bu elm mərkəzi haqqında bunları demişdir: “Bu cür nüfuzlu və məşhur elmi işçilərin, alimlərin cəmləşdiyi Akademiyaya üzv seçilməyim mənim üçün çox sevindiricidir”. Dünyada böyük nüfuza malik olan belə bir alimin Akademiyamıza verdiyi qiymət bizim üzərimizə böyük məsuliyyət qoyur. Ancaq çox təəssüflər olsun ki, bəzi insanlar hərəkətləri ilə bu elm mərkəzini nüfuzdan salırlar. Alimlər qorxu, şantaj və təhdid altında işləyə bilməzlər.

Azərbaycan cəmiyyətinin hüquq, düşüncə və sosioloji yönlərini öyrənən çox vacib bir elmi qurum sayılan Fəlsəfə və Hüquq İnstitutu günü-gündən zülmətə qərq olur. Bu institutun əməkdaşları artıq dəhşətli də olsa elə başa düşürlər ki, belə idarəçilik yuxarıların iradəsinin ifadəsidir. Çünki böyük vəzifəli şəxslərin adından istifadə olunur. İnstitutda hamı bir-birindən ürkür. İnsanlar bir-biriləri ilə təmas qurmaqdan, söz soruşmaqdan çəkinirlər.

Belə bir vəziyyətdə Fəlsəfə və Hüquq İnstitutunda baş verənlərin araşdırılması üçün müvafiq tədbirlərin görülməsinə tapşırıq verməyinizi Sizdən xahiş edirik.

Hörmətlə;

Fəlsəfə və Hüququ İnstitutunun böyük elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru, təhsil eksperti Etibar Əliyev”(musavat.com)

İnterpress.az