Nardaranda yenilikbackend

Nardaranda yenilik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nardaran qəsəbəsində abadlıq və quruculuq işləri davam etdirilir. Qəsəbəyə aparan yolların genişləndirilməsi, kommunikasiya xətlərinin yenilənməsi işləri artıq yekunlaşmaq üzrədir.

Nardaranın mərkəzi sayılan, keçmiş İmam Hüseyn meydanına aparan Abşeron küçəsi əsaslı şəkildə təmir olunub. Yolun hər iki tərəfi genişləndirilib, asfalt örtüyü dəyişdirilib, işıq dirəkləri və kanalizasiya sistemi yenilənib, yol kənarları hasarlanıb.

Nardaran qəsəbəsində aparılan təmir-tikinti işləri növbəti ayda başa çatacaq.
Xatırladaq ki, prezident İlham Əliyev Bakının Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial – mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait ayırmışdı. Daha sonra isə Nardaran qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi üçün əlavə olaraq 17.4 milyon manat vəsait ayrılıb.

Qəsəbədə ötən ilin dekabr ayının 1-dən Daxili Qoşunlar və polis tərəfindən yaradılan nəzarət postları götürülüb.

Qəsəbə sakinlərinin musavat.com-a verdiyi məlumata görə, kəndin mərkəzində Daxili Qoşunların bir neçə əsgəri növbə çəkir. Kəndin 189 nömrəli marşrut avtobusunun hərəkətində heç bir problem yoxdur. Abşeron küçəsində təmir işləri başa çatdıqdan sonra avtobuslar xətt üzrə hərəkətini davam etdirir.

Martın 15-də isə Nardaran qəsəbəsində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nardaran Bilik Evinin açılış mərasimi olub.

“Azərfaks”a verilən məlumata görə, mərasimdə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, 295 nömrəli tam orta məktəbin direktoru, millət vəkili Dilarə Cəbrayılova, 130 nömrəli tam orta məktəbin direktoru Ağasəid Orucov, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, Nardaran qəsəbə Rəhiməxanım pirinin axundu Hacı Musa Rza, fondun əməkdaşları, Nardaran qəsəbə rəsmiləri, yerli ziyalılar və məktəblilər iştirak ediblər…

Xatırladaq ki, ötən il noyabrın 26-da polislə silahlı qarşıdurmada 4 dindar öldürülmüşdü. 2 polis əməkdaşı da həlak olmuşdu. Müsəlman Hərəkatı Birliyinin sədri Tale Bağırzadə və bir neçə dindar həbs edilmişdi. Bundan sonra kənd sakinləri noyabr ayının sonunadək kənddə aksiyalar keçirmiş, kəndə girişlərdə barrikadalar qurmuşdular. Daxili Qoşunların və polisin keçirdiyi əməliyyatdan sonra Nardaran dekabr ayının birindən nəzarətdədir. Hadisələrdə iştirak edən onlarla kənd sakini həbs edilib. (musavat.com)


İnterpress.az