Arzu Abdullayeva: “Bu böyük uğurdur”backend

Arzu Abdullayeva: “Bu böyük uğurdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səidə Qocamanlı: “Bizim siyahımızdan 14 nəfər azadlığa buraxılıb” “Mən çox sevinirəm. Əfv sərəncamının verilməsi və çoxlu sayda məhbusun azadlığa buraxılması müsbət addımdır”. Bunu Teleqraf.com-a açıqlamasında Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Bürosunun rəhbəri, hüquq müdafiəçisi Arzu Abdullayeva Prezident İlham Əliyev tərəfindən bu gün imzalanan əfv sərəncamını şərh edərkən deyib. A.Abdullayeva bildirib ki, sevinmək üçün ciddi zəmin var: “Hilal Məmmədov üçün sevinirəm. Mən neçə müddətdir ki, onun hüquqlarının müdafiə komitəsinin sədri idim.
Ümid edirəm ki, həbsdə qalanlar da əfv ediləcək”. A.Abdullayeva qeyd edib ki, Prezidentin imzaladığı əfv sərəncamının nəticəsində çoxlu sayda məhbus azadlığa çıxacaq: “Bundan əvvəlki əfv sərəncamına vətəndaş cəmiyyəti üzvlərindən heç kəs salınmamışdı. Ancaq indiki əfvə çoxlu sayda belə insanlar salınıb. Hesab edirəm ki, bu, çox pozitiv addımdır. Bildiyiniz kimi İşçi Qrupu daxilində olan hüquq müdafiəçilərinin müraciəti olmuşdu. Bizə demişdilər ki, 15 nəfərə yaxın şəxs azad ediləcək.
Mən isə bildirmişdim ki, əgər on nəfər azad edilsə, buna sevinərəm. Lakin indi siyahının böyük olduğunu görürəm. Ümid edirəm ki, digər məhbuslar da azad ediləcək. İlqar Məmmədovun məsələsi Avropa İnsan Hüquqları Məhkəməsi ilə də bağlıdır.
Bu çərçivədə də məsələ müsbət həll edilə bilər. Mən azadlığa buraxılan insanları təbrik edirəm”. İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı əfvin verilməsini çox yüksək qiymətləndirdiyini deyib: “Dövlət başçısı humanizm, şəfqət və insanpərvərlik prinsipinə istinad edərək yüzlərlə məhkumu əfv edib. Bizim tərtib etdiyimiz siyahıdan 14 nəfər azadlığa buraxılıb.
Bu biz hüquq müdafiəçiləri üçün böyük uğurdur. Bu siyahını Hüquq Müdafiəçilərinin Monitorinq Qrupu tərtib edərək cənab Prezidentə təqdim etmişdi. Həmin siyahıdan 14 nəfər azadlığa buraxılıb. Bu, bizi sevindirir.
Prezidentin bizim siyahıya diqqət yetirməsi böyük uğurdur. Biz Prezidentə təşəkkürümüzü bildiririk”. Hüquq müdafiəçisi əlavə edib ki, onlar fəaliyyətini davam etdirəcəklər: “Məhz Prezidentin və Avropa Şurasının baş katibi Yaqlandın təşəbbüsü ilə İşçi Qrupu fəaliyyət göstərir.
Biz bu qrup çərçivəsində də fəaliyyətimizi davam etdirəcəyik”. S.Qocamanlı xatırladıb ki, əfv sərəncamının imzalanması ilə eyni gündə jurnalist Rauf Mirqədirovun da azadlığa buraxılması müsbət addımdır və sevindiricidir: “Rauf Mirqədirov da qarşıdan gələn Novruz Bayramını evində qeyd edəcək. Bütün hallarda əfv müsbət və önəmli hadisədir”. (teleqraf.com)

İnterpress.az