Azərbaycanda siyasi məhbusların dəqiq sayı neçədir?backend

Azərbaycanda siyasi məhbusların dəqiq sayı neçədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lakin bu hadisə eyni zamanda ölkədə siyasi məhbusların sayı məsələsini yenidən gündəmə gətirdi. Bəzi şəxslər bildirdilər ki, ölkədə yüzdən çox siyasi məhbus olduğu halda, onlardan 14 nəfərin azadlığa buraxılması heç də böyük göstərici deyil. Bu fikrə müxalif olanlar isə hesab edirlər ki, Azərbaycanda yüzdən çox siyasi məhbus yoxdur. Sonuncu əfv siyahısında adları çəkilənlər isə ölkənin kifayət qədər tanınmış və üzdə olan siyasi məhbuslarıdır.

Azərbaycanda siyasi məhbusların sayı barəsində musavat.com-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu da öz münasibətini bildirib:
“Əvvəla, onu qeyd edim ki, dünən imzalanan sərəncam çox böyük əfv idi. Çünki 100-dən çox adam ailəsinə qovuşdu. Prezidentə məktub yazaraq öz təşəkkürümüzü bildirdik ki, məhz bizim siyahımızdan 14 nəfəri əfv edib. Bundan sonra da çalışacağıq ki, hökumətlə dialoqa girərək digər siyasi məhbusları da azad edək. Bizim siyahımızda 24 nəfər var idi. Onlarda Rauf Mirqədirov, Leyla Yunus, Arif Yunus məhkəmədən, digər 14 nəfər də əfv sərəncamı ilə azadlığa çıxdı. Qalanlar isə İlqar Məmmədov, Əbdül Əbilov, Nicat Əliyev, Fərəc Kərimli, Seymur Həzi, İntiqam Əliyev, Xədicə İsmayıldır. Azərbaycanda 100-dən çox siyasi məhbusun olduğunu söyləyənlər isə islamçıları da nəzərdə tuturlar. Biz islamçıların da işinə ayrı siyahı ilə baxırıq. Onların işləri düzgün aparılmayıb. Bu başqa məsələdir. Onlara siyasi məhbus adını vermirik. Mövcud siyahımızda olan şəxslər azadlığa çıxdıqdan sonra islamçıların da işi ilə yaxından məşğul olacağıq. Onu da qeyd edim ki, elə indi də onların işi ilə məşğul oluruq. Həmin şəxslərin də adlarını çəkirik. Ancaq biz onlara siyasi məhbus adı vermirik. Kimlər ki deyirdilər, ölkədə 104 nəfər siyasi məhbus var, onların hesabına elə bizim siyahıda olanlar daha çox həbsdə qaldılar . Hələ siyahımıza yeni şəxslərin də adını salacağıq – misal üçün, AXCP-dən Fuad Qəhrəmanlını.

Bundan başqa da bir-iki nəfər var ki, onların məhkəməsi bitdikdən sonra işləri ilə məşğul olacağıq”.

İctimaiyyətdə eyni zamanda eks-məmur, prezidentin sabiq işlər müdiri Akif Muradverdiyev siyasi məhbus olmadığı məsələsi də müzakirə olunur. Bununla bağlı N. Cəfəroğlu aşağıdakıları bildirdi:
“Akif Muradverdiyev yaşlı adamdır. O, Əli İnsanovun işi üzrə suçlanırdı ki, dövlət çevrilişinə hazırlaşıb. İkinci dəfə də Abbas Abbasovla, yenə dövlət çevrilişi ilə bağlı təqsirləndirildi. Dövlət çevrilişinə görə həbs edilənlərin də hamısı siyasi məhbus sayılır. Bu baxımdan Akif Muradverdiyevin də adı siyahımızda idi”.

N. Cəfəroğlu bildirib ki, 14 nəfər siyasi məhbusun azadlığa çıxmasına baxmayaraq, onlar öz işlərinə davam edəcəklər:
“Kimin nə söyləməsindən asılı olmayaraq, biz öz işimizi davam etdirəcəyik. Biz ən çox həbsdə olanların ailələrinə görə hər yola əl atdıq ki, içəridəkilərin uşaqları atalarından ayrı qalmasınlar. Necə iş qurmaq lazım olduğunu yaxşı bilirik. Beynəlxalq təşkilatlar hökumətlə normal dialoqa getdilər, nəticədə bu əfv siyahısı ortaya çıxdı. Buna görə də beynəlxalq təşkilatlara da böyük minnətdarlığımızı bildiririk. Onlar da dialoq vasitəsi ilə bizə çox kömək etdilər. Kim Azərbaycanın üzərinə gəlir, o heç nəyə nail ola bilməyəcək. Elə biz də ayrı yol seçmişik. İstəyirik ki, uşaqlar çıxsınlar. 25 ildir hüquq müdafiəçisiyik. Bu illər ərzində həbsə də düşmüşük, döyülmüşük də. Ona görə də bir daha qeyd edirəm ki, hansı yolla həbsdəkiləri azad etməyin mümkün olduğunu çox gözəl bilirik”.

İnterpress.az