Vəkil Adəm Məmmədov: “On il əvvəl baş vermiş qətlin üstü açılıb”backend

Vəkil Adəm Məmmədov: “On il əvvəl baş vermiş qətlin üstü açılıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konfransda çıxış edən A. Məmmədov bildirib ki, hüquqlarını müdafiə etdiyi İsmayıl Əliyevin 10 il bundan əvvəl itkin düşmüş oğlu Elsevər Əliyevin ölümü ilə bağlı cinayət işi təzələnib: “Elsevər Əliyev 2005-ci ildə itkin düşüb. Onun ölümündən bir neçə gün sonra Bərdə rayonu ərazisində meyit tapılıb. Lakin həmin meyit Elsevər Əliyevin ailə üzvlərinə göstərilməyib. Elsevərin yoxa çıxması ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi üzrə Sahibə Həsənova adlı qadın bir neçə dəfə ifadə verib.

O, cinayətdən xəbəri olmadığını bildirib. Elsevər Əliyevlə Sahibə Həsənovanın iş birliyi olub. Həmin vaxt Elsevər Əliyevin İrana getməsi ilə bağlı sənəd verilib ki, guya o, Azərbaycandan çıxıb. Ötən il mən Xoşqədəm Hidayətqızının ANS telekanalında apardığı “Sən tək deyilsən” verilişində ekspert qismində çıxış edərkən Sahibə Həsənovanın qızı Gülxar Sadıqova verilişə müraciət edərək Elsevər Əliyevin ölümündə anası Sahibə Həsənovanı günahlandırıb. Onun ifadəsindən sonra cinayət işi yenilənib. Bakı şəhər prokurorluğunda aparılan istintaq müddəti dövründə on il bundan əvvəl Bərdədə tapılan meyitlə bağlı genetik ekspertiza keçirilib. Ekspertiza 3 ay əvvəl keçirilib və meyiti tapılan şəxsin Elsevər Əliyev olduğu aydınlaşıb”.

Vəkil Adəm Məmmədov bildirib ki, hüquqlarını müdafiə etdiyi dünya çempionu Azad Məmmədovun cinayət işində isə Sahibə Həsənova zərərçəkən şəxs qismində tanınıb: “Həmin cinayət işi üzrə digər zərərçəkmiş və şahidlər ərizə ilə yenidən müraciət edərək bildiriblər ki, Sahibə Həsənova onlara təzyiq edib ki, əgər siz Azad Məmmədovun əleyhinə ifadə versəniz, sizə borclu olduğumuz pulları qaytaracağıq. Həmin adamlar ANS telekanalına da müraciət ediblər. Mən sonradan Sahibə Həsənovanın həmkarım Elçin Sadıqovun anası olduğunu bilmişəm. Elçin Sadıqov çalışırdı ki, bu cinayət işinin açılmaması üçün təzyiqlər göstərsin. Bu işlə bağlı Elçin Sadıqov məni qınayırdı. Bu, həqiqətən çox ciddi məsələdir. Hər kəs qanun qarşısında bərabərdir. Bu, mənim prinsipial işlərimdən biridir. Mənə şər atıldı, təzyiqlər oldu. Burada on ildir açılmayan cinayət işindən söhbət gedir. Həmin cinayət işinin açılmasında Sahibə Həsənovanın qızı Gülxar Sadıqovanın çox böyük rolu olub. Onun ifadəsi nəticəsində istintaq təzələnib. Elsevər Əliyev xüsusi amansızlıqla öldürülüb. Onun meyiti doğranıb və yandırılıb. Mənim hüquq-mühafizə orqanlarına müraciətim ondan ibarətdir ki, cinayət işi obyektiv aparılsın, əməliyyat tapşırıqları Dövlət Təhlükəsizliyi Xidmətinə verilsin. Elsevər Əliyevlə bağlı veriliş getdikdən sonra Sahibə Həsənova ANS-i və Xoşqədəm Baxşəliyevanı məhkəməyə verib. Mən əminəm ki, bu işdə olan mötəbər sübutdan sonra təqsirkar şəxslər tapılacaq və məhkəməyə çıxarılacaq”.

Konfransda çıxış edən İsmayıl Əliyev də 2003-cü ildə oğlu Elsevər Əliyevin Sahibə Həsənova ilə işbirliyinə başladığını bildirib: “Sonradan onların qeyri-rəsmi münasibəti də olub. Elsevərin Sahibənin bir neçə cinayətindən xəbəri olduğu üçün onu öldürüblər. Bizimlə bağlı veriliş efirə gedəndən sonra Xoşqədəm xanıma zəng edilib və təzyiqlər olunub. Mənim oğlum yoxa çıxandan sonra İrana getdiyini bildirdilər. Lakin o, İrana getməmişdi. Elçin Sadıqovun göstərişi ilə mənim oğlumu öldürməyi planlaşdırıblar. 2005-ci ilin iyul ayında oğlum yoxa çıxıb”.

Vəkil Elçin Sadıqov isə açıqlamasında bildirib ki, bütün deyilənlər yalan, şər, böhtandır: “Bu cür şər böhtan yayanların Allah bəlasını versin”. (apa.az)

İnterpress.az