“Bir yazıçı istəyirəm, “Daş yuxuları” darmadağın edəcək əsər yazsın”backend

“Bir yazıçı istəyirəm, “Daş yuxuları” darmadağın edəcək əsər yazsın”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Modern.az saytına yazıçı Əkrəm Əylisi özü barəsində səsləndirilən ittihamları cavablandırarkən deyib:

“Dəhşətlisi də budur ki, 1600 yazıçısı olan ölkədə bir adam tapılmadı ki, “Xocalı mövsümündə” elə bir əsər yazsın ki, mənim əsərimi darmadağın etsin. Dediyimin məğzi odur ki, bir şeyi çeynəyə-çeynəyə gətirib bu vəziyyətə çıxarmazlar, bu gülünc və mənasızdır. Bir əsər doğurdan da qüsurludursa, hətta çox qüsurludursa, onun barəsində bu qədər danışmağın mənası yoxdur axı…

Mən Prezidentə müraciətimdə də qeyd etmişəm ki, qüsurlu əsər olsa belə, onu ölkənin əsas problemlərini kənara qoyub, baş mövzuya çevirmək olmaz”.

“Ölkənin “Daş yuxular”dan başqa problemi yoxdur?..”

Ə.Əylisli “baş verənlərdən sonra kaş bu əsəri yazmayaydım dedinizmi öz-özünüzə” sualını “əsla” deyə cavablandırıb:

“Mən istəmirəm bu söhbətlər uzansın. Mən bir şey deyirəm, sonra bir başqası ağlına nə gəldi danışır. Heç biri haqqa-ədalətə söykənmir, Allahın, həqiqətin, insanlığın qarşısında borcu olduğunu dərk etmir. Mən bədii əsər yazmışam. O vaxt peşmanlıq hissi keçirərədim ki, yazdığım əsər xalqıma üzqaralığı gətirərdi.

Onlarla dünya yazıçısı, alimlər çıxış edərək ”Daş yuxular”ı humanizmə xidmət edən bədii əsər, yazıçı qəlbinin məhsulu kimi qiymətləndirdilər. Bəziləri məmləkətdə özlərini patriot göstərmək xatirinə hər dəqiqədə bu mövzunu ortaya atırlar. Bunların dediyinə inanıb, öz fikirlərimdən daşına bilmərəm.

Mən 60 il Azərbaycan ədəbiyyatına təmənnasız xidmət etmişəm. Çox sayda kitabların müəllifiyəm, əsərlərim əldən-ələ gəzib. Mənim “Adamlar və ağaclar” kitabım çıxanda oğlanlar bu kitabı qızlara, qızlar oğlanlara hədiyyə verirdi. Azərbaycanda hədsiz populyar əsər idi. Ondan sonra yazılan əsərlərim dünyaya çıxıb. Bütün bunların üstündən xətt çəkib, yox sayan həvəskarlar ki, var, Azərbaycan xalqı onlardan heç vaxt xeyir görməyib, bundan sonra heç vaxt da görməyəcək.

Məni qaralamaqla silə bilməzlər. Tutaq ki, kitablarımı yığışdırdılar. İndi bütün dünya internetlə istədiyini alıb oxuya bilir. Mənim digər müəlliflərlə birgə çap olunan kitablarım var. Onları da yığa bilməyəcəklər ki… Bunların hamısı absurddur. İstəməzdim mətbuatımız da bütün bunları işıqlandırsın. Mən azərbaycanlıyam, millətimin əxlaqına müsbət təsir edən insanlardan biriyəm. Mənim əsərlərimi kənd müəllimi yatanda balıncının altına qoyub. Hansısa tapşırıqlı nadan götürüb yazıb ki, “Əkrəm Əylsilinin əsərləri ona görə geniş yayılıb ki, onu rus dilinə yaxşı tərcümə ediblər””.

“Çox gözlədim, amma…”

Yazıçı hava limanında son hadisə baş verən gün hər şeyin müsbət sonluqla tamamlanacağına ümid edirmiş:

“Soruşmaq lazımdır ki, polislər məni aeroportda saxlamaqda ağıllı hərəkət edib, yoxsa yox?.. Onlar qanuni hərəkət etməyiblər. Çünki hər bir insanın ölkədən çıxmaq hüququ var. Mənim nə cinayət işim var ki, məni saxlasınlar? Düzünü deyim, orda xeyli gözlədim ki, bunlar fikirlərini dəyişib məni başqa reyslə-İstanbul-Venesiya reysi ilə yola salacaqlar. Dedim ki, daşı ətəyinizdən tökün, bizə o reysə bilet alın, çıxaq gedək işimizin dalınca, yoxsa bu dünyaya səs salacaq. Çünki tədbirdə 20 ölkədən yazıçı iştirak edirdi. Baxırlar 19 ölkənin nümayəndəsi gəlib, bir ölkə gəlməyib. Bu Azərbaycana başucalığı gətirməyəcək.

Xeyli gözləyəndən sonra məlum oldu ki, bunların belə bir fikri yoxdur. Özlərindən qondarma iş uydurdular, hansı ki, heç kəs inanamdı. Həmin yer kameralarla yüksək səviyyədə təmin olunmuş bir yerdir. Görüntülərdə bir kadr yoxdur ki, mən kiməsə əl qaldıram, aqressivlik edəm. Bunların heç biri yoxdur. Məsələ o qədər absurddur ki, məndən soruşanlara da nə deyəcəyimi bilmirəm. Amma mən güman edirəm ki, məsələ məhkəməyə getsə, qanun öz sözünü deyəcək, məhkəmə özünü biabır etməyəcək, ədalətli olduğunu göstərəcək”.

Martın 30-da yazıçı Əkrəm Əylisli Venesiyada keçirilən \”Incroci Di Civilta” beynəlxalq ədəbiyyat festivalında iştirak etmək üçün ölkədən çıxmaq istəyərkən hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən Bakı hava limanında saxlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) rəsmi açıqlamasına görə, Ə.Əylisli buraxılış məntəqəsindən keçərkən hüquq-mühafizə orqanı əməkdaşları ilə münaqişə yaratdığı üçün saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.1-ci maddəsilə cinayət işi açılıb.

Daha sonra bu maddə 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edilib. Cinayət işi istintaqın davam etdirilməsi üçün Bakı şəhər prokurorluğuna göndərilib”.

Yazı Ə.Əylisli baş verənlərlə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıb.


İnterpress.az