“Bulaq”dakı atışmanın səbəbi bilindibackend

“Bulaq”dakı atışmanın səbəbi bilindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 21-də Bakının Badamdar qəsəbəsindəki “Bulaq” restoranında atışma qeydə alınmışdı. İlkin məlumatlarda qeyd olunurdu ki, restoranın müştəriləri arasında iri məbləğdə pul üstündə mübahisə olub. İnsidentin iştirakçıları restorana məhz bu məsələnin müzakirəsi üçün toplaşıblar. Samir adlı qonaq söhbətə odlu silahla gəlib. Və elə restoranın həyətində atəş açmağa başlayıb. Nəticədə bir neçə nəfər yaralanıb.

Hazırda həbsdə olan Samir Allahyarovu restorana iş adamı Tofiq Qaramizadə çağırıb. Buna səbəb isə özünün hədələnməsi olub. Onu restorana dəvət edənlər biznesindən ayda onlara müəyyən məbləğ vermələrini tələb ediblər. T.Qaramizadə isə S.Allahyarovu ora söhbəti davam etdirməyə, tələbin rədd edilməsində ona yardımçı olmağa çağırıb. Nəticədə atışma düşüb, söhbətin bir neçə iştirakçısı yaralanıb, güllələrdən biri ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqanın maşınına dəyib.

Amma xoşbəxtlikdən maşının sürücüsünə xətər toxunmayıb. Olaydan sonra Samir Allahyarov polisə gedərək könüllü təslim olub. Hazırda Bakı Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır. Hüquq-mühafizə orqanları keçirdikləri əməliyyat zamanı biləvasitə “razborka”da iştirak etmiş Sabunçu qəsəbəsi sakinləri – 1983-cü il təvəllüdlü Namiq Xabulla oğlu İbayev, 1985-ci il təvəllüdlü Kamil İsrafil oğlu Quliyev, 1980-ci il təvəllüdlü Orxan Rəfail oğlu İbrahimov və 1981-ci il təvəllüdlü Namiq Ağacan oğlu Həşimov saxlanılıblar. Hüquq-mühafizə orqanlarına yaxın mənbədən “Yeni Müsavat”a daxil olan xəbərə görə, ümumilikdə iş üzrə 21 nəfər həbsə alınıb, ittiham elan olunaraq təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Olayda iştirak etmiş şəxslərin yaxın əhatəsinə daxil olan 48 nəfər isə inzibati qaydada 10-15 sutkalığına həbsə alınıblar.

Olaydan sonra “Bulaq”dakı atışmanın kriminal aləmin iki nüfuzlu siması – “Lotu Quli” kimi tanınan Nadir Səlifov və “Rövşən Lənkaranski” kimi tanınan Rövşən Canıyevin tərəfdarları arasındakı “razborka” olduğu haqda xəbərlər də dolaşırdı. “Lotu Quli”nin yaxın atrafına aid olan şəxslərin virtualaz.org-a verdikləri məlumata görə, nə “Bulaq” restoranında atəş açanın, nə də sonradan saxlanılan şəxslərin Nadir Səlifova heç bir aidiyyəti yoxdur. Kriminal avtoritetin yaxın dairəsində belə hesab edirlər ki, bu cür şayiə yayanlar və onun adını hallandıranlar bununla Nadir Səlifovun Gürcüstana gözlənilən ekstradisiyasını əngəlləmək və onunla «Rövşən Lənkəranski» arasında qarşıdurma yaratmaq istəyirlər. Məlum olduğu kimi, Nadir Səlifov Gürcüstan vətəndaşıdır və uzun müddətdir ki, ora ekstradisiya olunmaq istəyir. Kriminal avtoritetin yaxın ətrafına aid şəxslər də bildirirlər ki, “Lotu Quli” Azərbaycanda heç bir fəaliyyət göstərmir və onun yeganə istəyi vətəndaşı olduğu Gürcüstana ekstradisiya edilməsinə nail olmaqdır.(Musavat)

İnterpress.az