“Azəravtoyol” ASC tərəfindən Azadlıq prospektinin təmiri işlərinə başlanılıb.
İnterpress.az-a verilən məlumata görə, ilkin mərhələdə Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Biləcəri-Baksol avtomobil yolunun kəsişməsinədək olan 3,2 kilometrlik hissəsi təmir olunacaq. İkinci mərhələdə isə prospektin Biləcəri-Baksol avtomobil yolu ilə kəsişməsindən Binəqədi qəsəbəsinədək olan 2,6 kilometrlik hissəsinin təmir edilməsi planlaşdırılır.
Təmir işlərinin ümumi nəqliyyat vasitələrinin axınına az təsir etməsi üçün hissə-hissə və yalnız bir istiqamət üzrə müəyyən ərazidə hərəkətin məhdudlaşdırılması tətbiq olunur. Təmir işləri çərçivəsində prospektin köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınır. Bunun əvəzinə prospektə 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçiriləcək. Ümumilikdə 50 min kvadratmetr ərazinin asfaltlanması planlaşdırılır.
Bundan başqa, təmir işləri zamanı səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi və yağış barmaqlıqları yenilənəcək, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları və yol boyu köhnə səki daşları yeniləri ilə əvəzlənəcək, mövcud piyada səkiləri bərpa olunacaq.
Gülşanə Mustafayeva
İnterpress