Elnur Nağızadə sosial şəbəkələrdən də yoxa çıxdıbackend

Elnur Nağızadə sosial şəbəkələrdən də yoxa çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu ilin yanvar ayında TQDK-dan kənarlaşdırılan E.Nağzadənin iki vətəndaşdan işə düzəltmək adı ilə rüşvət aldığı bildirilir. Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov hüquq-mühafizə orqanlarına verdikləri şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min dollar verdiklərini, lakin aldadıldıqlarını bildiriblər.

Xatırladaq ki, E.Nağızadə işdən çıxarıldıqdan sonra haqqında cinayət işi başlanıb və axtarışa verilib. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir. Elnur Nağızadə başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək axtarışa verilib. Hazırda onun tutularaq istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq və əməliyyat axtarış tədbirləri davam etdirilir.

Bu məlumatlardan sonra E.Nağızadənin Azərbaycanı tərk etməsi barədə yayılan məlumatlar inandırıcı olmağa başladı.

Cinayət işi açılmadan əvvəl mətbuata açıqlama verən E.Nağızadə öz istəyi ilə işdən ayrıldığını qeyd etmişdi. TQDK-dan verilən açıqlamada da E.Nağızadənin işdən çıxarılma səbəbi belə göstərilmişdi.

Rüşvət qalmaqalı gündəmə gəldikdən sonra isə E.Nağızadənin əmisi Tahir Nağıyev mətbuata üz tutaraq etirazını bildirmişdi. O, qardaşı oğlu haqda yazılanların yalan olduğunu deyərək, yaxın zamanda mətbuat konfransı keçirərək bütün məsələlərə aydınlıq gətirəcəyini demişdi. Həmçinin E.Nağızadədən xəbər ala bilmədiklərini deyən Tahir Nağıyev onun taleyindən narahat olduqlarını bildirmişdi.

E.Nağızadə ilə bağlı yeni məlumat əldə etmək üçün əvvəlcə onun özü ilə əlaqə saxlamağa çalışdıq. Artıq uzun müddətdir ki, telefonu söndürülən E.Nağızadə sosial şəbəkədən də yoxa çıxıb. Feysbuq sosial şəbəkəsindəki hesabını bağlayan Nağızadənin qohumları ilə də əlaqə saxlamağa çalışdıq. Mətubat konfransı keçirəcəklərinin anonsunu verən Nağızadənin əmisi də sonuncu açıqlamadan sonra gözdən itib.

Daha sonra Baş Prokuroluğun mətbuat xidməti ilə əlaqə saxladıq. Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirdi ki, axtarışda olan E.Nağızadənin tutularaq istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq və əməliyyat axtarış tədbirləri davam etdirilir. (musavat)

İnterpress.az