Beyləqanın icra başçısı: “Hörmətsizlik etməsinlər!”backend

Beyləqanın icra başçısı: “Hörmətsizlik etməsinlər!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 26-da Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində həyata keçirilən “Beyləqan şəhərində məktəbin gigiyenik şəraitinin yaxşılaşdırılması” layihəsi başa çatıb.

Layihə aprelin 26-da başa çatmasına baxmayaraq dünəndən etibarən sosial şəbəkələrdə müzakirə olunmağa və tədbirlə bağlı fotoşəkillər saytlarda tirajlanmağa başlayıb.

Beyləqan Rayon İcra Hakimiyyəti ironiya və lağ predmeti olan sanitar qovşaqla bağlı müzakirələrə son qoyulması üçün məsələyə aydınlıq gətirib.

Beyləqan rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məhəmməd Qələndarov Modern.az saytına açıqlamasında sosial şəbəkələrdə və bəzi KİV-lərdə açılan lağlağı müzakirələrə təəssüfləndiyini deyib. Həmçinin aparılan müzakirələri yersiz, Azərbaycan tərəfindən Yaponiya hökumətinə qarşı hörmətsizlik kimi dəyərləndirib:

“İcra hakimiyyəti olaraq “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsindəki işin icrasından, ora sərf edilən vəsaitin məbləğindən xəbərimiz yoxdur. Hesab edirəm ki, bunun gündəmə gətirilməsi və müzakirəyə çıxarılması ilə Yaponiya hökumətinə qarşı hörmətsizlik edirlər. Yaponiya Beyləqanda 307 yerlik məktəb tikib. Yəni belə çıxır ki, onun açılışında iştirak etmək olar, amma həmin ölkənin təşkil etdiyi başqa bir tədbirdə olmaz?! Ölkə olaraq vəsait xərcləyib, bizim insanlarımız üçün şərait düzəldiblər. Bizə sadəcə təşəkkür etmək qalır”.

M.Qələndərov bildirib ki, sanitar qovşaq tikilməsi barədə qərar aparılan monitorinq nəticəsində baş tutub:

“Biz Yaponiya hökumətindən belə bir xahiş etməmişdik. Bu onların öz təşəbbüsüdür və layihə çərçivəsində ərsəyə gəlib. 860 yerlik 1 saylı və 600 nəfərdən çox yerlik 4 saylı məktəblərin daxilində sanitar qovşaq yox idi. Bunu məhz layihə çərçivəsində məktəbin kənarında tikdilər. Vəsaitin çox, yaxud az olması ilə bağlı sualları yalnız Yaponiyanın ölkəmizdəki səfirliyi cavablandıra bilər”.

Qeyd edək ki, layihə çərçivəsində Beyləqan şəhər 1 və 4 nömrəli tam orta məktəblərdə yeni sanitar qovşağı tikilməklə, gigiyenik şərait yaxşılaşdırılıb. Layihənin başa çatması münasibətilə Beyləqan şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən mərasimdə Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev iştirak ediblər.

Tsuquo Takahaşi layihənin başa çatması ilə əlaqədar müəllim və şagirdləri təbrik edib, ölkəsinin Azərbaycanda həyata keçirdiyi sosial layihələrdən danışıb. Bildirilib ki, Yaponiya hökuməti indiyədək Beyləqan rayonunda 2 layihə həyata keçirib və bu, 3-cü layihədir. Layihənin ümumi məbləği 90 min 300 ABŞ dollarıdır.(modern.az)

Beyləqanın icra başçısı: “Hörmətsizlik etməsinlər!”

Beyləqanın icra başçısı: “Hörmətsizlik etməsinlər!”

Beyləqanın icra başçısı: “Hörmətsizlik etməsinlər!”

İnterpress.az