DAK Güneyli- Quzeyli Bütöv Azərbaycan xalqına başsağlığı verdibackend

DAK Güneyli- Quzeyli Bütöv Azərbaycan xalqına başsağlığı verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya Azərbaycanlıları Konqresi olaraq bu xəbərdən üzüldüyümüzü bildirir, böyük şair, milli dava adamı Söhrab Tahirin yaxınlarına, ədəbiyyatsevərlərə, Bütöv Azərbaycan xalqına dərin hüznlə başsağlığı diləyirik.
O, 1945-1946-cı ildə Azərbaycan milli hökumətinin Bakıya göndərdiyi və hərbiçi kimi yetişməsini arzuladığı gənc olmuşdu. Ancaq vəziyyət dəyişdi, milli hökumət yıxıldı. Bundan sonra Söhrab Tahir bir də doğma yurda qayıda bilmədi, Quzey Azərbaycanda qalıb, bütün taleyini Bakıya bağladı. Burada Güney-Quzey Azərbaycan şairlərinin, yazıçılarının yaxın silahdaşlarından birinə çevrildi. Söhrab Tahir gecə-gündüz, nəfəs dərmədən işləyən bir qələm əhli idi. O, 19 romanın, 50-dən artıq poemanın və 100-lərlə şeirin müəllifidir. Bundan əlavə o, dünya ədəbiyyatında məhşur sayılan “Şahnamə” ilə müqayisədə daha böyük və ədəbi cəhətdən üstün olan 70 min misralıq monimental “Ata” poemasının müəllifidir.
Həm nasir, həm də şair kimi Söhrab Tahirin Güney Azərbaycan ədəbiyyatının, daha doğrusu, Güney Azərbaycan mövzusunun Quzey Azərbaycanda geniş yayılmasında, milli faciəmizin gənclər arasında təbliğində, tanıtımında, dərkində misilsiz xidmətləri var. O, azadlıq və öz millətinin istiqlalı uğrunda mübarizə aparan ən nəhəng dünya ədəbiyyatçıları sırasındadır.
“İkiyə bölünməkdən elə qorxmuşam,
Çöpü də ikiyə bölə bilmərəm” –
deyən şairin ruhu kimi ölümündə də bir qəhrəmanlıq dastanı var.
Onun adı həmişə Azərbaycan ədəbiyyatının görkəmli simaları ilə bir yerdə yaşayacaq.
Dünya Azərbaycanlıları Konqresi İdarə Heyəti
DAK həmsədrləri; Sabir Rüstəmxanlı, Firudun Pərvizniya

İnterpress.az