Bakıya leş əti gətirən şəbəkə niyə ifşa olunmur?backend

Bakıya leş əti gətirən şəbəkə niyə ifşa olunmur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxt sakinləri qorxu içindədirlər, bazarlarda satılan ətin keyfiyyətinə inananlar azdır
Dövlət qurumları Bakıda yararsız və mənşəyi məlum olmayan ətlərin satışdan çıxarılması ilə bağlı gündəlik məlumatlar yayır. Əsasən ölkənin Bərdə rayonundan paytaxta gətirilən ölü heyvan cəmdəkləri şəhərdə özünə rahat alıcı tapdığına görə bu cinayətə qoşulanların sayı-hesabı yoxdur.
Qeyd edək ki, dövlət qurumları cəmi iki ay əvvəldən leş ətlərə qarşı mübarizəyə başlayıblar, buna qədər isə Bakının restoran və dönərxanaları, kolbasa sexləri at-eşşək, ucuz leşlərdən gen-bol yararlanıb.

Bu xəbər insanlarda bazarlarda satılan ət məhsullarına qarşı şübhələr yaratmağa başlayıb. Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq xidmətindən mətbuata verilən məlumata görə, təkcə 2015-ci ildə 48 min 515 kiloqram qida üçün yararsız, mənşəyi məlum olmayan heyvandarlıq məhsulları aşkar edilərək, zərərsizləşdirilib. 2016-cı ilin də ilk aylarından başlayaraq mətbuatda tonlarla ətin məhv edilməsi ilə bağlı materiallar yer alıb. May ayının yeni başladığı bu günlərdə isə 2 ton yararsız ət məhsulu aşkarlanıb.

Mayın 3-də DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Xaçmaz rayonunda mənşəyi məlum olmayan ətin satılması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbirlər nəticəsində rayon sakini Namiq Ağayev 1 ton mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıb. Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs Xaçmaz və ətraf rayonlardan əldə etdiyi xəstə və ölü heyvanların ətinin Bakı şəhərində satışını təşkil etmək istəyib. Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan ət istifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər. Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.
Mayın 5-də də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Qazax rayonunda mənşəyi məlum olmayan ətin satılması barədə əməliyyat məlumatı daxil olub. Qazax rayon sakini Ayaz Əliyev 1 tondan artıq mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıb. Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs Qazax və ətraf rayonlardan əldə etdiyi xəstə və ölü heyvanların ətinin Bakı şəhərində satışını təşkil etmək istəyib. Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan ət istifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər.

\”İstifadə üçün yararlı olmayan ət 1 saat sonra bazardan yoxa çıxır\”

Bakı şəhər sakini Rəhim Əliyev Bizimyol.info-ya bildirdi ki, mümkün qədər paytaxtın bazarlarından ət almamağa üstünlük verir. Qohumları rayonda yaşadığından hər ay onlara müraciət edərək mal və ya qoyun ətini oradan alır: \”Bacardığım qədər bazardan ət almıram. Çünki satılan ətin nə olduğundan əmin deyiləm. Evdə isə 2 azyaşlı uşaq var. Onlarda hər hansı tibbi fəsad olacağından qorxuram. Ən yaxşısı güvəndiyim, bildiyim yerdən almaqdır. Ət lazım olduqca rayona müraciət edirəm. Orda yaşayan qohumlarım mənə təmiz mal əti alıb göndərirlər. Qiymət demək olar ki, eyni olur. Ancaq bilirəm ki, təmiz ətdir. Burda isə bazarda ət alan zaman heyvanın gözümün qarşısında kəsildiyini gördükdən sonra həmin ətdən alıram. Birdə görürsünüz bazarlarda 5,6 manata ət satılır. Soruşanda ki, niyə bu ət belə ucuzdur, deyirlər ki, hamı baha satır, biz ucuz satırıq ki, alınsın. Ya da ət almağa gələndə insan gözü ilə görürür ki, bu ət yeyiləsi halda deyil. Ancaq üstündən 1 saat keçməmiş görürsən ki, həmin ətdən qalmayıb. Düşünürəm ki, kimsə sırf bu yararsız ətlərdən istifadə edərək milləti zəhərləyir\”.

Bakı sakini Lamiyə Tarverdiyeva da bazarlarda satılan ətə güvənmədiyini deyir. Yaşadığı ərazidə tanıdığı qəssablardan ət alan xanım, başqa hər hansı bir yerdən ət almağı riskli hesab edir: \”Ancaq yaşadığım qəsəbə daxilindən ət alıram. O da ki, qəssab neçə ildir burda yaşadığından hamını tanıyır demək olar ki. Hər səhər heyvan gözümüzün qarşısında kəsilir və elə əti də isti-isti də alınır. Günortaya qaldıqda artıq ət tapmaq olmur. Belə olan halda bilirəm ki, ət təmizdir. Bir iki dəfə məcburiyyətdən marketdən almalı olmuşam. Onda da nə yalan deyim, pis ət çıxmayıb. Ancaq tez-tez at, eşşək ətinin satıldığını eşidirəm. Buna görə də qorxuram. Artıq neçə ildir ki, bizim evimizə bu ət söhbətinə görə nə sosiska, nə də kolbasa alınmır. Nə bilirəm nə ətidir? Onu uşaqlarıma yedirə bilmərəm. Övladlarımın da hər ikisinə tapşırmışam ki, bayırda dönər almasınlar. Dönər istəyirlər, mənə desinlər, evdə ondan da yaxşısını düzəldərəm. Bircə özlərini o leş ətlərlə zəhərləməsinlər\”.

Azər Süleymanov: \”Mənşəyi məlum olmayan ətlərin əksəriyyəti paytaxta gecə vaxtı gətirilir\”

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanov unikal.org-a müsahibəsində bildirib ki, araşdırmalar nəticəsində mənşəyi məlum olmayan ətlərin əksəriyyətinin rayonlardan gətirildiyi meydana çıxıb: \”Dəfələrlə onların içərisində at ətinin olduğu müşahidə olunub. Bu ətlərin əksəriyyəti kolbasa, sosiska sexlərinə vermək üçün gətilir. Bu heyvanlar gizli yollarla haradasa kəsilir, qanuni kəsim sexlərində tədarük olunmur. Qeyd etdiyim ətlərin mağazalarda satılma ehtimalı yoxdur. Çünki qanuni şəkildə fəaliyyət göstərən mağaza və marketlərə Baytarlıq Xidməti tərəfindən nəzarət olunur. Paytaxta gətirilən mənşəyi məlum olmayan ətlərin əksəriyyəti gecə vaxtı gətilir. Bunu şəbəkə şəklində icra edirlər. Belə qanunzsuz əməllərlə məşğul olan şəbəkənin fəaliyyətinin qarşısının alınması üçün əldə etdiyimiz materialları hüquq mühafizə orqanlarına göndəririk ki, bu adamlar barəsində ciddi ölçü götürülsün\”.

A.Süleymanov bildirib ki, yararsız ətlər qanuni fəaliyyət göstərən kolbasa sexlərinə verilmir. Gizli fəaliyyət göstərən kolbasa sexləri də var: \”Son dövrlər biz bir neçə kolbasa sexində faktlar aşkar etdik. Bu yaxınlarda Abşeronda Mazasır qəsəbəsində, keçən il \”Zirvə\” kolbasa sexində nəzarət tədbirləri həyata keçirildi. Nəticəsi barədə ictimaiyyət məlumatlandırıldı. Sexlərdə istifadə olunan ət məhsullarından nümunələr götürülür. Respublika laboratoriyasında yoxlanılır. Bundan sonra əgər həmin nümunələrdə bakterioloji çirklənmə qeydə alınarsa, biokimyəvi göstəricilər qida üçün yararsız olarsa, tərəfimizdən məhv edilir. Bu müəssisələrdə emal olunan ət məhsullarından da nümunələr götürülüb Respublika laboratoriyasında analiz olunacaq. Əgər keyfiyyətsiz olarsa, müvafiq tədbirlər görüləcək\”.

Ramiz Salmanov: \”At ətinin mal əti adı altında gətirilib insanlara verilməsi qanun pozuntusudur\”

Dövlət Baytarlıq Xidmətinin Müfəttişlik sektorunun baş məsləhətçisi Ramiz Salmanov Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, ölü ətlə və ya aqoniya vəziyyətində kəsilmiş heyvan əti ilə insan qidalanan zaman ən yüngül halda qida zəhərlənməsi baş verə bilər: \”Ümumiyyətlə bizim mentalitetimizə uyğun olmayan məhsulların, məsələn at ətinin mal əti adı altında gətirilib hansısa yolla insanlara verilməsi qanun pozuntusudur. Bütün bunlar hamısı qanunvericiliklə tənzimlənir. Ona görə bizim xidməti mütəxəssislərimiz Daxili İşlər Nazirliyinin nümayəndələri ilə reydlər keçirir və bu reydlər nəticəsində aşkarlanan həmin məhsulların mənşəyi məlum olmur. Heç bir müşahidəedici baytarlıq sənədi və digər sənədləri olmadığına görə məcburiyyət qarşısında qalıb biz onu gətirib laboratoriyada yoxlatdırırıq. Əksəriyyətinin bakterioloji çirklənməyə məruz qaldığı, bioloji keyfiyyətinin çox aşağı olduğu, yəni hətta heyvan qidası üçün belə yararsız olduğu aşkar olunur. Bundan sonra isə həmin məhsullar zərərsizləşdirilərək məhv olunur\”.

R.Salmanovun sözlərinə görə, qeyri-qanuni yolla özünə var-dövlət yığan insanlara qarşı Dövlət Baytarlıq Xidməti həmişə mübarizə aparır: \”Heyvanın kəsilmiş və qanının laxtalanmış halda olması aqoniya vəziyyəti adlanır. İstər aqoniya vəziyyətində, istərsə də ölmüş şəkildə olan heyvan ətlərinin hər hansı bir yerə verilməsi qanuna ziddir. Yalnız bakterioloji çirklənməyə məruz qalıb-qalmaması yoxlandıqdan sonra həmin məhsullar heyvanat parkına verilə bilər. Ona görə də həmin məhsulları gizli yolla gətirib dönərxanaya, sosiska-kolbasa sexlərinə verirlər. Biz onun qarşısını Daxili İşlər Nazirliyinin nümayəndələri ilə birgə keçid yollarında, postlarda alırıq. Ondan sonra da yoxlayıb məhv edirik. Bu yaxınlarda Bakı şəhərində kolbasa sexlərinin birində 1 tondan artıq quş əti, sümükdən çıxarılmış ət aşkar olundu. Laboratoriyada müayinədən sonra həmin ətlərin yararsız olduğu məlum oldu və məhv olundu\”.

Eyyub Hüseynov: \”Bu məsələ ictimai nəzarət və ictimai qınaqla həll oluna bilər\”

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da bildirdi ki, təşkilatın 30 rayonda nümayəndəliyi var. Həmçinin AİB-nin geniş könüllülər şəbəkəsi də fəaliyyət göstərir: \”Biz məlumatları alıb dövlət orqanlarına ötürürük. Çox yaxşı haldır ki, Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi bununla fəal məşğul olur. Lakin bunun qarşısını almaq o qədər asan məsələ deyil. Burada ölkə prezidentinin dediyi kimi ictimai nəzarət olmalıdır. Çünki bu hadisələr polislərin, sahə müvəkkillərinin, bələdiyyələrin gözü qarşısında baş verir. Ona görə də burda ictimai qınaq olmalıdır. Və bunun sifarişçisi tapılmalıdır. Çox təəssüf ki, vəziyyət ifşa olunur, ancaq sifarişçi kimdir, onu tapmırlar. Bu məsələ ictimai nəzarət və ictimai qınaqla həll oluna bilər\”.

İnterpress.az