Böyük aktyor 1937-ci ilədək, həbs olunana qədər bu evdə yaşamışdı. Böyük sənətkar həmin ilin 4 dekabrında öz evində həbs olunmuşdu, bir il sonra güllələnmişdi. Həbs edilərkən bu evdə axtarış aparılmışdı, bir teatr qılıncı, iki teatr tapançası silah kimi müsadirə edilmişdi.
Uzun müddətdir müzakirə mövzusu olmasına, hətta deputat Fazil Mustafa tərəfindən parlamentdə qaldırılmasına baxmayaq, söküntü işlərini həyata keçirənlər bu binanı dağıtmaq niyyətindən əl çəkməyiblər. Bu ünvanda Şərifzadələr nəslinin daha bir yadigarı, Azərbaycanın xalq artisti Firəngiz Şərifova da dünyaya gəlib. Bu nəslin digər yadigarı olan Eldar Qasımov isə Avroviziya mahnı müsabiqəsinin 2011-ci ildəki qalibidir.
Sakinlərin dediyinə görə, bir neçə gün əvvəl evin qapısını da çıxarıb aparıbmışlar. Bu gün isə ildırım sürəti ilə başlanan söküntü işi qısa müddətdə başa çatdırılıb və ev yerləbir edilib. (meydantv)