Interpress.az xəbər verir ki, artıq Bakının Suraxanı, Səbail, Qaradağ, Binəqədi rayonlarının Xəzər dənizi ilə sahil zolağında monitorinqlər və onların nəticələri ilə bağlı geniş rayon müşavirələri həyata keçirilib. Bu tədbirlər hazırda davam etdirilir və Abşeron yarımadasından sonra respublikamızın digər su hövzələri üzrə həyata keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Xidmət artıq 5-ci ildir ki, FHN Regional Mərkəzlərinin və yerli icra orqanlarının inzibati əraziləri üzrə Xəzər dənizinin və digər su hövzələrinin sahil zolağında monitorinqlər və onların nəticələri ilə bağlı rayon müşavirələri təşkil edir. Keçirilmiş monitorinqlər zamanı su hövzələrinin sahil zolağında insanların təhlükəsizliyi və istirahəti, eyni zamanda xilasetmə əməliyyatları zamanı maneə yaradacaq amillər araşdırılıb, aşkar olunaraq fotoşəkilləri çəkilib. Monitorinqlər zamanı rayon ərazisində yerləşən su hövzələrində insanların təhlükəsizliyi və baş verə biləcək fövqəladə hadisələrlə bağlı qarşıya çıxan problemlərin həlli yolları yerində təhlil olunur. Aşkar olunmuş nöqsanlar monitorinqlərin nəticələri ilə bağlı Rayon İcra Hakimiyyətlərində keçirilmiş müşavirələrdə fotoslaytlarla nümaiş etdirilərək müzakirə olunur. Bu tədbirlərdə iştirakçılara Dövlət Sularda Xilasetmə Xidmətinin fəaliyyət istiqamətləri və ölkə ərazisindəki su hövzələrində təhlükəsizlik tədbirləri ilə bağlı məlumatlar çatdırılır, sularda təhlükəsizlik qaydaları ilə bağlı zəruri məlumatlar əks olunan təbliğat materialları paylanılır.
İnterpress.az