İnterpress.az “Associated Press” agentliyi xəbər verir ki, Vyana görüşündə Ermənistan və Azərbaycana təmas xətti boyunca kameraların yerləşdirilməsi, atəşkəsin pozulması hallarının qeydə alınması və müşahidəçilərin sayının artırılması təklif olunub.
Agentlik bildirir ki, danışıqlar məxfi xarakter daşıdığına görə, rəsmilər bu məlumatı anonim şəkildə veriblər. ABŞ rəsmiləri son toqquşmalarda ağır texnikadan istifadədən xüsusilə narahat olduqlarını bildirirlər.
Rəsmilər onu da vurğulayırlar ki, bu regionda Türkiyənin Azərbaycanı güclü şəkildə dəstəkləməsi və Ermənistanın Rusiya ilə vahid müdafiə təşkilatında yer alması münaqişəni potensial baxımdan daha təhlükəli edir.
\”Bu, həll olunan münaqişədir…\”
Adının çəkilməsini istəməyən ABŞ rəsmisi isə “Frans-Press” (AFP) agentliyinə deyib ki, “bu, həll olunan münaqişədir. Bəzi elə münaqişələr var ki, onları sadəcə olaraq idarə etmək lazımdır. Amma bu münaqişə həll oluna bilər”.
ABŞ Dövlət Departamentinin vəzifəli rəsmisi daha sonra AFP-yə deyib: “Burada hər iki tərəf üçün əlverişli nəticə əldə etmək olar”.
Həmin rəsmi əlavə edib ki, Suriya məsələsindən fərqli olaraq Qarabağ məsələsində Moskva və Vaşinqton arasında fikir ixtilafı yoxdur.
İnterpress.az