Hakimin oğlunu vuran hansı məmurun oğlu imiş?backend

Hakimin oğlunu vuran hansı məmurun oğlu imiş?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə barədə bir sıra mətbu orqanlarda ötəri xəbərlər yazılsa da, nədənsə məsələnin bir sıra tərəfləri işıqlandırılmamış qaldı. Məsələn, mərhum Rüfət Allahverdiyevin atası Elbəy Allahverdiyevin Tərtər Hərbi Məhkəməsinin hakimi olduğu göstərilsə də, Rəhim Kərimovun kim olduğu barədə heç nə yazılmadı.

Ötən gün R.Allahverdiyevin bibisi oğlu Pərviz Babazadə Ölkə.Az-ın redaksiyasına müraciət edərək, baş verən hadisənin təfərrüatları barədə ətraflı məlumat vermək istədiyini bildirib.

– Zəhmət olmasa, öncə özünüzü təqdim edərdiniz…

– Rüfətin bibisi oğluyam. Hadisə barədə bəzi xəbər saytlarında məlumat gedib. Bibim oğlu ADA-nın üçüncü kurs tələbəsi idi. Sonuncu imtahanına hazırlaşırdı. Özü də əlaçı idi. Axşam dərslərini oxuyarkən yuxusu gəlib, aşağı düşüb ki, özünə sərinləşdirici içki alsın. Özü də yol hərəkəti qaydalarına ciddi şəkildə riayət edən uşaq idi. Dayımgilin evi 28 may küçəsi ilə Bülbül küçəsinin kəsişməsində yerləşir, keçmiş \”Portofino\”nun binasıdır. Onların evi ilə üzbəüz yeraltı keçid var. Gecə olsa da, yenə də yeraltı keçidlə mağaza tərəfə keçib, \”Red Bull\” alıb və yeraltı keçidlə də qayıdıb.

– Bu məlumatlar sizdə hardandır ki, Rüfət məhz yeraltı keçiddən keçmişdi?

– Onun vurulduğu yerə baxanda bilinir ki, yeraltı keçiddən çıxıb. Vurulduğu anda əlində \”Red Bull\” var idi. Evdən çıxanda anasına nə alacağını da demişdi. Rüfət elə yerdə vurulub ki, yeraltı keçiddən çıxmasa, orada ola bilməzdi.

– Rüfəti vuran Kərimov Rəhim adlı şəxsdir?

– Kərimov Rəhim Yüzasif oğlu.

– Onu bu hadisədən öncə tanıyırdınız?

– Şəxsən tanımıram. Sonra onun haqqında məlumatlar əldə etdik, kimin oğlu olduğunu öyrəndik.

– Rəhim Kərimov saxlanılıbmı?

– Saxlanılıb, istintaq gedir.

– Müsahibə vermək təklifi siz tərəfdən gəldiyi üçün bu sualı verməliyəm. Bu məsələdə sizin ən çox narahat olduğunuz məqam nədər ibarət idi ki, ictimailəşdirilməsini istədiniz?

– Əslində ictimailəşib, amma orada detallar kifayət qədər deyil. Məsələn, Rüfətin atasının iş yeri, vəzifəsi haqda hər şey yazılıb. Amma Rəhim Kərimovun atasının kimliyi, eləcə də digər təfərrüatlar göstərilmir. Məsələn, göstərilir ki, hadisə Bülbül küçəsində baş verib. Əslində, Rüfət səkidə vurulub. Maşın gəlib səkiyə çıxıb. Yolüstü bir nişanı, bir işıq dirəyini yararsız hala salıb.

– Bunları hardan bilirsiniz?

– Hadisə yerində olmuşam.

– Hadisənin baş verdiyi anın görüntülərini görmüsünüz?

– Videogörüntü var, amma heç birimizin baxmağa ürəyimiz gəlmir. Videogörüntülər polisdədir. Video olmasa da, hər şey göz önündədir. Bütün səki boyu maşının yağ izləridir.

– Rəhim Kərimovun valideyni kimdir?

– Onun atası Kərimov Yüzasif Respublika Klinik Xəstəxanasının keçmiş baş həkimidir, əvvəllər Səhiyyə Nazirliyinin Rəyasət Heyətinin üzvü olub.

– Hazırda harda işləyir?

– Hazırki iş yerini bilmirəm. Amma Rəhim Kərimovun idarə etdiyi maşın \”Real\” MMC qeydiyyatındadır. Bu şirkətin nə ilə məşğul olduğunu bilmirəm, bəlkə araşdırsanız, siz tapa bilərsiz.

– Onlar istintaqa təzyiq göstərirlər?

– Təzyiq məsələsi deyil. Məsələn, heç bir saytda yazılmır ki, hadisə baş verən zaman sürücü narkotik vasitə qəbul edibmiş.

– Bunu hardan bilirsiniz?

– Əldə etdiyimiz məlumata görə, Rəhim Kərimov hadisə baş verən anda narkotik vasitə qəbul edibmiş. Onun narkotik aludəçisi olmasını başqa mənbələrdən də aydınlaşdırmışıq. İstintaqsız da bu qənaətə gəlmək mümkündür. Görürük ki, maşın yüksək sürətlə hərəkət edib, əyləc izləri isə yoxdur. Sürücülərdə təhlükə anında ilkin refleks əyləci basmaqdır. İşıq dirəyini aşırıb, yol nişanını sıradan çıxarıb, uşağı vurub və binaya çırpılıb. Camaat da binanın silkələnməsinə görə bayıra çıxıb. Uşağı yaşadığı binaya sıxıb, maşından düşüb və qaçıb. Yəni maşını arxaya da çəkməyib. Rüfəti maşınla divarın arasından camaat çıxardıb. Rəhim Kərimovun qaçdığı istiqamətdə ayaq izləri var.

Hakimin oğlunu vuran hansı məmurun oğlu imiş?

Ayaq izləri də ayaqqabısızdır və belə qənaətə gəldik ki, maşını ayaqlayın sürüb. Ayaqyalın maşın sürmək çox çətindir. Düşəndə ayağı maşının yağına batıb deyə, iz bəlkə indi də görünür. Hadisə ilə bağlı müəyyən fotoları sizə təqdim edəcəyəm. O fotolara da diqqətlə baxanda ayaq izləri aşkar görünür. Sizcə kim gecə saat 3-də ayaqyalın maşın sürər və qəza anında bir dəfə də olsun əyləci basmadan səkiyə qalxıb binaya çırpılar? Özüm də belə qənaətə gəldim ki, bu adam narkomandır. Sonra oğlan sidik və qan analizi verməkdən boyun qaçırdı.

– Rüfət hadisə yerində keçinib?

– Hadisə yerində keçinməyib, hətta anası gələndə anasını tanıyıb, adını çəkib. Təcili yardımla xəstəxanaya aparıblar. Maşın hər iki ayağını parçalayıb. Bir ayağında arteriya partlayıb və qanının 50-60 faizini itirib. 30-40 nəfər dostu, tələbə yoldaşı qan verməyə gəlmişdi. O uşaqlar da bütün gecəni xəstəxanada qaldılar ki, nə vaxt lazım olsa, qan versinlər. Xəstəxanaya aparılanda yolda komaya düşüb. Həmin günü komada qalıb. Səhəri gün 6-dan sonra xəstəxanaya getdim. Axşam tərəfi keçindi. Bir sutkadan artıq komada qaldı və keçindi.

– O adamın neçə yaşı var?

– Yaşını dəqiq bilmirəm. Təxminən 30 yaşı olar. Qohumlarından öyrəndiyimə görə valideynləri də bu adamdan beziblər. Atasının canfəşanlığının əsas səbəbi öz nüfuzunu qorumaq istəməsidir. Çalışırlar ki, məsələni maksimum dərəcədə gizlətsinlər. Hər yerdə mərhumun atasının kimliyi yazılır, amma bunun atasının kimliyi yazılmır, halbuki valideyni ən azı özü qədər təqsirkardır. Məni narahat edən başqa məqam da budur ki, təxminən bir il əvvəl Rüfət haqqında material dərc olunmuşdu. Rüfət nümunəvi həyat tərzi ilə seçilən gənc idi, imkanlı ailənin uşağı olsa da stereotip yaradan \”imkanlı oğlan\” tipində deyildi. Əlaçı idi, ADA-da oxuyurdu, 20 yaşı tamam olmamışdı, ancaq öz tələbə yoldaşı ilə nişanlanmışdı. Hər ikisi imtahandan keçmişdilər, xaricə oxumağa gedəcəkdilər. Amma dayıma qara yaxmaq üçün \”məmurun oğlu krallar kimi yaşayır\” başlığıyla yazılar yazıb, \”Facebook\”dakı fotolarını qoymuşdular. O vaxt Rüfət sağ idi. Çox qeyri-peşəkar və primitiv material idi. Guya Rüfətin günü qızlarla keçirdi. Halbuki Rüfəti tanıyan hamı yaxşı bilirdi ki, bu dayıma qarayaxmadır.

– Nişanlısının durumunu soruşmağa ehtiyac yoxdur yəqin ki…

– Nişanlısının, bacısının, anasının…

– Hər halda dayınız hakimdir. Hakimlərin qərarından bir tərəf razı qalanda, digər tərəf narazı olur. Sizcə Elbəy müəllim düşmənli adamdırmı?

– Qətiyyən düşmənli adam deyil, dost-tanışı çoxdur, hər zaman da ədalətli olub. Həmin adam tabut aparılanda Rüfətin bacısının səsini eşitsəydi… O, bir adamı öldürməyib, neçə nəfəri öldürüb. Mən günahı onun atasında, valideynlərində görürəm. Vuran adamın atası və anası həkimdirlər. Oğlanlarının da narkoman olduğunu qohumları belə bilir. Həkim valideynlər narkoman oğulun altına ən son model arabalar alıb qoyanda nə düşünürdülər? Düşünmürdülər ki, bu hansısa günahsızın həyatına son qoya bilər? Ya elə adama qarşı tədbir görmədin və onun küçələrdə hallı-hallı sürməyinə şərait yaratdın, ya da dəlinin əlinə silah verib küçəyə, ictimaiyyət içinə buraxdın, eyni şeydir. Atasının da əsas məqsədi öz adını təmizə çıxarmaqdır.

– Rüfət ailənin yeganə oğlan övladıdır?

– Bəli, hətta babasının tək davamçısı idi. Tək oğulun tək oğlu idi.

– Ailə nə düşünür, bağışlamaqmı, ən ağır cəzamı?

– Ailə qətiyyən bağışlamaq haqqında düşünmür. Çünki hadisə baş verəndən sonra R.Kərimovun hərəkətləri, nakişi kimi qaçması, ailəsi tərəfindən bir nəfərin də yas yerinə gəlməməsi… Onların elədikləri onsuz da çox ağır hərəkətdir.

– Qarşı tərəfdən təzyiq yoxdur ki?

– Xeyr.

– Dayınız Tərtərdə işləyirdi, ailəsi burda yaşayırdı?

– Bəli. Dayımı başqa bir bəhanəylə Bakıya çağırdıq ki, yolda maşını rahat sürsün. Amma gəlib bildi ki, oğlu ilə vidalaşır. (olke.az)

İnterpress.az