İnterpress.az xəbər verir ki, Sarkisyan deyib ki, hər bir tərəf görüşə yollananda öz marağını güdür: “Aydındır ki, Minsk Qrupu həmsədrlərinin öz hədəfləri olub, Azərbaycan tərəfinin öz hədəfi, bizim də öz hədəfimiz”-Sarkisyan bildirib. “Bizim məqsədimiz ondan ibarət idi ki, bunu aydınlaşdıraq: doğrudanmı danışıqlar dalana dirənib və döyüşməkdən başqa yol yoxdur, yaxud biz problemləri daha az itkilərlə həll edə bilərik?”-Sarkisyan əlavə edib. Ermənistan prezidenti deyib ki, o və həmkarları əsasən görüşün nəticələrindən razı qalıb.
“Təfərrüatlara toxunmağa ehtiyac yoxdur. Lakin bununla belə Azərbaycan prezidenti əmin etdi ki, nə onun ölkəsi, nə şəxsən özü hansısa problemin hərbi yolla həllini qarşıya məqsəd qoymayıb”-Sarkisyan bildirib.
“Siz gözəl başa düşürsünüz və hesab edirəm ki, mənim reaksiyamı hiss edə bilirsiniz. Və bu reaksiya belədir ki, bu əlbətdə, yaxşıdır, ancaq az inandırıcıdır. Çünki belə söhbətlər dəfələrlə səslənib, reallıqda isə onlara əməl olunmur. Ancaq bizim təkcə proqnozlara və təxminlərə əsaslanmaq haqqımız da yoxdur, çünki müharibə ən yaxşı həll yolu deyil. Baxaq görək hadisələr necə cərəyan edəcək. Hər halda biz istənilən varianta hazırıq, əlbətdə, istərdik ki, bu sülh variantı olsun”-Sarkisyan deyib.
Sarkisyanın sözlərinə görə, erməni tərəfi prezidentlərin növbəti görüşünün ATƏT həmsədrlərinin təmas xəttində monitorinqi təmin etməsindən sonra keçirilməsini təklif edib. \”Söhbət ondan getdi ki, müəyyən müddət sonra yeni görüşün keçirilməsi düzgün olardı. Və biz konstruktiv təkliflə çıxış etdik: söhbət həmsədrlər tərəfindən təmas xəttində atəşkəs rejiminə riayət edilməsini təmin edən monitorinqin tətbiq edilməsindən gedir. Biz təklif etdik ki, bu monitorinq bizim növbəti görüşümüzə qədər təmin edilsin. Bu, tərəflərin konstruktiv yanaşması olardı\”.
Ermənistan prezidenti deyib ki, Azərbaycan prezidenti aprelin əvvəllərində baş vermiş toqquşmalara görə Ermənistan tərəfini günahlandırıb. “Əliyevlə 20 görüşümüz olub, razılaşmalar əldə edilib, ancaq Bakıya qayıdanda tamam başqa bəyanatlar verib. Bundan əlavə, Əliyev görüşdə mənə və həmsədrlərə göz gəzdirib əmin etməyə çalışdı ki, aprel təxribatının təşəbbüskarı Ermənistan olub. Ancaq bu bizim nəyimizə lazım idi? Bizim hədəfimiz odur ki, həmsdərlər əmin olsunlar-biz nə status-kvonu saxlamaq istəyirik, nə əbədi müharibə”-Sarkisyan bildirib.
Ermənistan prezidentinin sözlərinə görə, Azərbaycan təmas xəttində monitorinq vasitələrinin yerləşdirilməsinə razılıq verərkən erməni qoşunlarının çıxarılması şərtini irəli sürməyib. Sərkisyan deyib ki, çox qısa zamanda ATƏT-in monitorinq missiyasının tərkibi genişləndiriləcək. Avadanlıqlara gəldiksə isə onun sözlərinə görə, bu, növbəti görüşə qədər quraşdırılmaldıdır.
Xatırladaq ki, təmas xəttində atəşkəsə nəzarət etmək üçün videomüşahidə kameralarının yerləşdirilməsini əvvəlcə ermənipərəst amerikalı konqresmenlər irəli sürüb. Amerikadakı erməni lobbisi bu ideyanın Dövlət Departamenti tərəfindən rəsmən ortaya qoyulmasına nail olub . Azərbaycan indiyədək təmas xəttində insidentlərin araşdırılması mexanizmini qəbul etmirdi və bildirirdi ki, belə mexanizm ancaq status-kvonu saxlamağa xidmət edir.
Serj Sarkisyan təyyarədə jurnalistlərlə söhbətində Vyana görüşü zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovla yanaşı oturmasına da münasibət bildirib. O deyib ki, görüşün keçirildiyi zalda yerlər əvvəlcədən müəyyən olunmamışdı. “Əvvəlcədən belə razılaşma olmayıb…Hesab etmirəm ki, buna xüsusi əhəmiyyət vermək lazımdır, xüsusən də indiki reallıqlar şəraitində”.
İnterpress.az