Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Li Vanq Yanq və Tank Vanq Yanqın cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası olub. Onlar Bakı Ağır Cinayıtlər Məhkəməsinin 2010-cu il tarixli hökmündən apelyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsini istəyiblər. Proses tərcüməçi gəlmədiyinə görə baş tutmayıb. Məhkəmə baxışı mayın 26-na təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham edilirlər. Onlar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs ediliblər.
Onu da əlavə edək ki, 2010-cu ildə Azərbaycanda adam oğurluğu ittihamı ilə çinlilərdən ibarət mütəşəkkil dəstə zərərsizləşdirilib. Çin vətəndaşları – Ci Fonq Pinq, Hu Ye və Vanq Li Yonq, Vanq Konq Yonq, Yu Çanq Bin, Jhen Go Van, Jhen Si Hun və Yu Huen 2009-cu il noyabrın 13-də Çin Xalq Respublikasının vətəndaşı Liu Genyongu və onun qardaşı Liu Xiaoleini Masallı rayonu ərazisindən oğurlayaraq, Bakı şəhərinə gətiriblər. Bakıda 2 gün saxladıqdan sonra Liu Genyongun həyat yoldaşı Huonq Suzhendən 22 min ABŞ dolları alaraq, onları azad ediblər.
Bundan başqa, Zhanq Venlin 2010-cu il yanvarın 5-də axşam həyat yoldaşı ilə birlikdə Nizami rayonu 8-ci km qəsəbəsində yaşayan həmyerlisi Li Vinin evinə qonaq gedib. Təxminən saat 02:00 radələrində o, həyətə çıxıb və geri qayıtmayıb. Ertəsi gün saat 09:30 radələrində Zhanq Venlinə məxsus mobil telefondan həyat yoldaşına zəng gəlib və naməlum şəxslər onun Çin vətəndaşları tərəfindən oğurlandığını deyərək, azadlığa buraxılması müqabilində 300 min ABŞ dolları tələb ediblər. Bununla bağlı polisə xəbər veriləcəyi və pulun ödənilməyəcəyi təqdirdə isə Zhanq Venlini öldürəcəklərini bildiriblər.
Yanvarın 7-də naməlum şəxslər tərəfindən təkrar zəng gəlib və Zhanq Venlinin kəsilmiş barmağının yaşadığı evin həyətinə atıldığı deyilib. Sonradan zərərçəkənin kəsilmiş şəhadət barmağı yaşadığı evin həyətindən aşkar edilərək götürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ci Fonq Pinq, Hu Ye və Vanq Li Yonqun, Vanq Konq Yonq, Yu Çanq Bin, Jhen Go Van və Jhen Si Hunun hər biri 13 il, Yu Huenin isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər. (Hacı Zeynalov)
İnterpress.az