Hazırda 1874 rezident rezidentura səviyyəsində təhsil alırbackend

Hazırda 1874 rezident rezidentura səviyyəsində təhsil alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, hazırda 40 klinik bazada rezidentlərin hazırlığı həyata keçirilir.

Rezidentlərin hazırlığı onların peşə kompetensiyalarına yiyələnməsinə birbaşa cavabdeh olan kuratorların rəhbərliyi və nəzarəti altında praktiki tibbi fəaliyyət, simulyasiya, nəzəri məşğələlər, sərbəst öyrənmə və sair üsullarla həyata keçirilir. Rezidentlər həmçinin elmi-tədqiqat fəaliyyətlərinə cəlb olunurlar; onlar üçün elmi-praktiki konfranslar təşkil olunur.

2013/2014-cü tədris ilindən başlayaraq müxtəlif ixtisaslar üzrə rezidentura təhsili alan 150-yə yaxın rezident Səhiyyə Nazirliyinin göndərişi ilə rezidentura hazırlığının bir aydan üç ayadək hissəsini Türkiyə Respublikası və Almaniya Federativ Respublikasının qabaqcıl klinikalarında keçib.

Rezidenturanı bitirən həkim-mütəxəssislərin ilk buraxılışı iki illik təhsil müddətli ixtisaslar üzrə 2013-cü ildə olub.

Ümumiyyətlə, bu günədək 27 ixtisas üzrə 275 nəfər rezidenturanı müvəffəqiyyətlə bitirərək “həkim-mütəxəssis” ali peşə-ixtisas dərəcəsi alıb.

“Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən dövlət sifarişi əsasında rezidentura təhsili almış şəxslər rezidenturanı bitirdikdən sonra əmək fəaliyyətini üç il müddətində Səhiyyə Nazirliyinin göndərişi ilə dövlət səhiyyə müəssisələrində davam etdirməlidirlər.

Əgər əvvəllər bununla əlaqədar rezidentlərlə Səhiyyə Nazirliyi arasında mülki-hüquq müqaviləsi bağlanmırdısa, Nazirlər Kabinetinin 21 noyabr 2013-cü il 330 nömrəli qərarı qüvvəyə mindikdən sonra rezidentlərlə Nazirlik arasında “Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında” müqavilə bağlanır.

Müqavilənin məqsədi respublika ərazisində əhaliyə ixtisaslı tibbi yardımın təmin edilməsi üçün klinik bazalarda həkim-mütəxəssislərin hazırlanması və onların müvafiq iş yerləri ilə təmin olunmasıdır.

Qeyd edək ki, respublikamızda həkim-mütəxəssislərin rezidentura səviyyəsində hazırlığına 2011-ci ildən başlanıb. Rezidentlərin hazırlığı Nazirlər Kabinetinin 21 noyabr 2013-cü il 330 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq olunmuş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na uyğun olaraq, ixtisaslar üzrə təhsil proqramları əsasında 40 ixtisas üzrə iki ildən beş ilədək müddətə aparılır.

Gülşanə Mustafayeva
İnterpress.az