Bu barədə vəkil Elçin Sadıqov məlumat verib.
Vəkil istintaq orqanı tərəfindən T.Bağırova qarşı yeni məzmunda yekun ittiham aktı elan olunduğunu deyib: “Cinayət işi üzrə ibtidai istintaq yekunlaşmaq üzrədir. Yaxın günlərdə iş baxılması üçün məhkəməyə göndəriləcək.
Qeyd edək ki, ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T.Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib və məhkəmə onlar barəsində hökm çıxarıb.
T.Bağırov Cinayət Məcəlləsinin 214.2.1-ci (Terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 220.2-ci (Kütləvi iğtişaş, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma, adamların həlak olmasına və ya digər ağır nəticələrə səbəb olduqda), 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), 283.2.3-cü (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə), 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham olunur.
Onu da qeyd edək ki, ötən ayın 7-də Nəsimi Rayon Məhkəməsində T.Bağırov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Məhkəmə qərarından narazı qalan “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi T.Bağırovun apellyasiya şikayətini təmin etməyib.(virtualaz.org)
İnterpress.az