\”Çünki onlar həmin mandatdan istifadə edərək Türkiyənin milli və dövləti maraqlarına qarşı çıxır\”
Türkiyədə hakim AKP-nin önə sürdüyü və millət vəkillərinin toxunulmazlığının aradan qaldırılmasını nəzərdə tutan sənəd parlamentdə səsverməyə çıxarılıb.
PKK-nın siyasi qolu HDP-nin terrorçulara açıq dəstək verməsi səbəbindən parlamentin müzakirəsinə verilmiş sənədin səsverməsi zamanı hər kəsi heyrətləndirən olay baş verib.
Belə ki, bir müddət öncə toxunulmazlıqların aradan qaldırılması ilə bağlı AKP və MHP ilə birgə addım atan, hətta parlamentin komissiyalarındakı iclaslarda buna dəstək verən Kamal Kılıcdaroğlunun rəhbərlik etdiyi CHP son anda PKK-nın siyasi qolu HDP-yə sahib çıxıb. CHP-dən olan millət vəkilləri HDP-çilərlə birlikdə toxunulmazlıqların aradan qaldırılmasının əleyhinə səs verib.
Nəticədə AKP və MHP-nin millət vəkilləri (348 səs) qərarın lehinə, CHP və HDP-dən olan deputatlar isə (155 səs) əleyhinə səs verib. Səsvermənin ikinci turu mayın 20-də keçiriləcək.
CHP-nin bu addımı necə qarşılanmalıdır?
Dünya Azərbaycanlıları Konqresinin icra aparatının rəhbəri Samir Adıgözəlli CHP-nin bu addımını xəyanətə bərabər kimi dəyərləndirdi: \”Atatürkün adını daşıyan, böyük ənənələrə sahib olan bir siyasi partiyanın həlledici məqamda belə addım atması birmənalı şəkildə pislənməlidir.
HDP-dən olan millət vəkillərinin toxunulmazlığını niyə götürmək istəyirlər? Çünki onlar həmin mandatdan istifadə edərək Türkiyənin milli və dövləti maraqlarına qarşı çıxır. Türkiyədə terror törədilir, əsgərlər və ya dinc adamlar öldürülür, HDP-dən olan millət vəkilləri gedib terrorçuların yasında iştirak edir. Onların Türkiyəyə nə dərəcədə nifrət bəsləməsinin ən bariz nümunəsini partiyanın sədri olan Dəmirtaş ortaya qoydu.
Rusiya ilə Türkiyə müharibə həddində olan zaman o, Moskvaya səfər etdi, orada təmtəraqla qarşılandı. Hesab edirəm ki, bütün bunlar onların deputat toxunulmazlığının ləğvi üçün tam əsas verir. CHP-nin onlara dəstəkdə yer alması çox üzücüdür\”.(bakıxəbər)
İnterpress.az